Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Kirovka (Mameyi) kəndinin yaxınlığından keçən Debed çayının qolunda Debed su elektrik stansiyasının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, su elektrik stansiyasının açılışında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, “Hidroleas” şirkətinin rəsmisi Radoslav Dudolenskiy, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, yerli əhalinin nümayəndələri və jurnalistlər iştirak edib.
Açılış mərasimində “Hidroleas” şirkətinin rəsmisi Radoslav Dudolenskiy baş nazirə stansiya və onun fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra hökumət nümayəndələri stansiyanın binasına baxış keçiriblər.
Məlumata görə, Bolqarıstan şirkəti tərəfindən su elektrik stansiyasının tikintisinə 4 milyon 200 min dollar investisiya yatırılıb. Debed HES 3.1 MVt gücünə malikdir və təxminən illik çıxış gücü - 14 milyon kilovat/saat təşkil edəcək.
Baş nazir G. Kvirikaşvili jurnalistlərə açıqlamasında yeni istifadəyə verilən su elektrik stansiyasının ətraf mühitə zərər vurmayacağını və regionun enerji sisteminə böyük töhfə olduğunu bildirib: “Bu stansiyanın istifadəyə verilməsi ölkəmizin enerji müstəqilliyi üçün vacibdir. Belə kiçik su elektrik stansiyalarının ölkəmizdə tikintisinin çox əhəmiyyətli olduğunu düşünürəm. Debed çayında belə stansiyaların tikintisi üçün imkanımız çoxdur və bir neçə layihələr də həyata keçirəcəyik”, - baş nazir bildirib.