...Onlar Zahidi o ki var döymüşdülər. Və təkcə Zahidi yox. Orda çalışan fəhlə və ustaları da. Zahid deyir ki, qəfil gəldilər.
- Biz məktəbin təmiri ilə məşğul idik. Yeni dərs ili başlayırdı, təcili bitirməliydik. Əvvəlcə ikisi yaxınlaşdı. Dedilər ki, rədd olun gedin, bizə məktəb lazım deyil. Qayıtdım ki, axı, məktəbin nəyi pisdir? Peyğəmbər əleyhissəlamdan da hədislər danışdım. Oxumağın faydasından bir az söhbət elədim. Gördüm ki, yox, bunlara heç nə təsir edən deyil. Məqsədləri nəinki bizi döymək, öldürməkdir. Anındaca daha 20-30 nəfər yığışdı. Əvvəlcə üstümüzə qışqırdılar, söyüş söydülər. Özümüzü səbirli aparmağımız bunları lap dəli elədi. Biri “vurun, vurun bu kafirləri” deyib üstümüzə cumdu. Sonra da qalanı. Ondan sonra heç nə xatırlamıram…
***
...Zahid pakistanlıdır. Onu döyən də elə öz yerliləridir. Zahidi Kəşmirdə döyüblər. Ora, Müzəffərabada apardığı fəhlələrlə birgə. Onlar Pakistanın bu ucqar əyalətində məktəbi təmir edirmişlər. Qızlar məktəbini. İslamabada, Lahora, Karaçiyə baxmayın, Pakistanın ucqarlarında qızların təhsil alması çox müşkül, çox çətin. Burda qızları məktəbə qoymaq, təhsil vermək də hər valideynə rahat deyil.
Çünki burası Kəşmirdir. Pakistanda sabitliyin olmadığı bölgələrindən biri. Burada, Müzəffarabadda, Kəşmirin necə deyərlər inzibati mərkəzində bir Azərbaycan yuvası yerləşir. Qızlar Məktəbi. Əvvəllər Rara Qızlar Məktəbi adlandırılan bu təhsil ocağı indi Azərbaycanın birinci xanımının adını daşıyır…
Azərbaycan tərəfi məhz burada, əyalətdə məktəb tikib, hər cür avadanlıqla təmin edib. Paytaxtda, başqa iri şəhərlərdə məktəb-özü də qızlar üçün-tikmək, daim onun qayğısını çəkmək çox asandır. Burada isə… Elə, bir sıra radikal dini cərəyanların təsiri altına düşmüş geri zəkalılar da Zahidi və fəhlələrini buna görə döymüşdülər. Bu məntiqlə: “Bizim qızlara məktəb lazım deyil”.
Lap “Dəli Kür” filmində Molla Sadığın fitvasına uyanlar kimi uşaqlarını oxutmaq belə istəmirlər buralarda. Onda 19-cu əsr idi, amma indi 21-ci əsrin 13-cü ili...
Adıgedən məktəbə, Azərbaycanın orada gördüyü işlərə qayıdacağıq. Amma gəlin görək, haradır axı bu Müzəffərabad, Kəşmir?
***
Pakistanlılar bu əyaləti Azad Cammu və ya Kəşmir adlandırırlar. Keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan inzibati vahididir. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Xeybər-Paxtunxva vilayəti ilə qərbdən, Gilqit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Əhalisi təxminən 4,5 milyon nəfərdir.
Bu ərazi uğrunda Pakistanla Hindistan 3 dəfə müharibə edib. Hər iki tərəfdən yuz mindən çox insan həlak olub. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır.
Pakistanın paytaxtı İslamabaddan ora, Müzəffərabada 150 km yol ola, ya olmaya. Amma üzü dağlara gedən bu yolu azı 4-5 saata qət etməlisən. Çünki yol deyilən anlayış buralara yaddır. Yolda elə yer var ki, ancaq bir avtomobil keçə bilir. Ona görə də, təxminən 1 kilometrlik həmin hissənin hər tərəfində bir polis dayanır. Əvvəl bir avtomobil buraxılır, sonra isə başqa tərəfdən digəri. Amma həmin 1 kilometr də bərbad vəziyyətdədir. 1 kilometr yolu 30 dəqiqəyə güclə qət edirsən. Buralarda maşının yoldan dərəyə yuvarlanması da adi haldır. Müzəffərabaddan paytaxt İslamabada dəmiryolu-filan yoxdur. Yeganə əlaqə vasitəsi avtobusdur ki, hava azca dumanlı oldusa, yol bağlanır.
***
2005-ci ildə Kəşmirdə dəhşətli zəlzələ baş verdi. Minlərlə ev, tikili dağıldı. On minlərlə insan həlak oldu. Pakistanın bu ağır günündə onun köməyinə ilk çatanlardan biri də Azərbaycan idi. Azərbaycanlı xilasedicilər, həkim briqadası gecə-gündüz dağıntılar arasında çalışdılar. Onda yararsız hala düşmüş tikililərdən biri də Müzəffərbaddakı Rara Qızlar Məktəbi idi. Həmin vaxt, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərərçəkmiş Rara məktəbi yenidən tikildi. Məktəbin indiki vəziyyətinə baxanda, adam inana bilmir ki, vaxtıyla xarabalığa çevrilmiş bir yerin üstündə bu cür modern məktəb tikiləcək. 500 nəfər qızın təhsil aldığı bu məktəb nəinki Kəşmirdə, ümumiyyətlə bütün Pakistanda ən modern, bütün zərurri texniki avadanlıqlarla təhciz edilmiş ən yaxşı məktəblərdəndir. Məktəbin direktoru Naimə Şahin deyir ki, bu əyalətdə qızların məktəbə getməsində problemlər var. Bunun da səbəbi aydındır, əyalətdir, cəhalət hələ də buralardan yan keçməyib.
- Amma qızlar həvəslə dərsə gəlirlər, aralarında istedadları da var. Məktəbdə uşaqların özlərinin yaratdığı teatr studiyası və digər məktəbdənkənar qruplar fəaliyyət göstərir. Bəlkə də bütün bunlar azərbaycanlılar üçün sıradan bir şeyi kimi görünəcək. Amma burada bunlara nail olmaq çox çətindir.
Məktəbin ərazisi əvvəllər 53 sot olub. Amma Azərbaycanının Pakistandakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb ərazisi iki dəfəyədək genişləndirilib, 1 hektara çatıb. Özü də məktəbdə əvvəllər vur-tut 150 şagirdin təhsil alması mümkün imiş. İndi ətraf kəndlərdən gələn kasıb ailələrin qızları da burda savad sahibi olurlar.
***
Təbii fəlakət sonrakı vaxtlarda da buralardan yan keçməyib. Dalbadal iki il məktəbin yerləşdiyi Rara qəsəbəsində daşqınlar olub. Məktəbə də ciddi ziyan dəyib. Amma Fond hər dəfə məktəbdən öz köməyini əsirgəməyib. Keçən il Rara Qızlar Məktəbi yenidən əsaslı təmir olunub. Sentyabr ayında isə məktəbin açılışı olub. Hələ açılışdan əvvəl qərara alınıb ki, məktəbə Mehriban Əliyevanın adı verilsin.
Açılışa Pakistan rəsmiləri də qatılıb. Mərasimdə Pakistanın təhsil naziri Sadıq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, Millət vəkili Sədəf Şeyx, Kəşmir vilayətinin rəsmiləri qatılıblar. Gələnlər məktəbin sinif otaqlarını, laboratoriyalarını gəziblər, heyranlıqlarını gizlətməyiblər. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyir ki, qonaqlar o qədər məmnun qalmışdılar ki, bilmirdilər təşəkkürlərini necə ifadə etsinlər. “Açılışda qərara aldıq ki, ən yaxşı oxuyan və ictimai fəal şagirdlərə Heydər Əliyev Fondunun xüsusi təqaüdünü də ayıraq. Bu tədris ilindən artıq təqaüdlərin verilməsinə də başlanılıb.
Açılış törənində isə hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən isə İslamabadda dərc edilmiş kitablar, habelə iki ədəd kompüter hədiyyə edilib.
Şagirdlər məktəbdə bir Azərbaycan guşəsi də düzəldiblər. Hiss olunur ki, ölkəmiz haqda məlumatlıdırlar. Azərbaycanın birinci xanımının Pakistanda gördüyü işlərdən, xüsusən də uşaqlarla bağlı bu ölkədə görülən xeyriyyə tədbirlərindən də böyük həvəslə danışırlar.
***
Zahid deyir ki, səfirə deyib, o məktəbdə təmir işlərinə ehtiyac olan kimi onu və briqadasını göndərsin. “Çünki savab işdir, peyğəmbərimiz də deyib ki, qəbr evinə kimi oxuyun”.
***
Hə, doğrudan da savab işdir. Bir də nə bilmək olar, bəlkə də Pakistanın gələcək Benazir Bhuttosu elə bu qızların arasından çıxacaq?
Səbuhi Məmmədli, Pakistan