İsveçrədə 5G əleyhinə aksiya
Berndə beşinci nəsil mobil əlaqə (5G) standartlarının tətbiqi əleyhinə aksiya keçirilib.
APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, aksiyaçılar 5G-nin insanları şüalanma təhlükəsi il üz-üzə qoyduğunu bildiriblər.
Minlərlə insanın iştirak etdiyi aksiyada 5G-nin İsveçrədə tətbiqinin insan hüquqlarına qarşı cinayət olduğu bəyan edilib. 5G əleyhdarları hesab edirlər ki, bu mobil texnologiya insan sağlamlığına və ətraf mühitə ciddi mənfi təsir göstərə bilər. Eyni zamanda 5G-nin insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı aparılan araşdırmalar başa çatana qədər ölkədə tətbiqinə moratorium qoyulması məqsədi ilə referendum keçirilməsi üçün 100 min imza toplamağa çalışırlar. Aksiyaçılar insan sağlamlığı üçün təhlükəsiz olan fiber optik rabitənin inkişafını də tələb edirlər.
Qeyd edək ki, bu ilin fevralında İsveçrədə üç böyük mobil rabitə operatoru 5G tezliyini təqdim edib. İyulda ölkədə 334 ədəd 5G tezliyinə malik qüllə istismara verilib.
Xatırladaq ki, hazırda 5G-nin insan sağlamlığına təsiri ilə əlaqədar bir neçə araşdırma aparılır. Ümumdünya Səhiyyə Təşkilatı da radiotezliklər sahəsinin insan sağlamlığına təsiri riskinin qiymətləndirilməsinə başlandığını açıqlayıb.
801