İstanbulda Türkiyə Cümhuriyyəti tarixinin ən böyük mitinqi keçirildi
08 avqust 2016 02:57 (UTC +04:00)

İstanbulda Türkiyə Cümhuriyyəti tarixinin ən böyük mitinqi keçirildi

İstanbulda demokratiya və şəhidlər mitinqi keçirilib.

 

APA-nın Türkiyə müxbirinin xəbərinə görə, 5 milyon insanın iştirak etdiyi mitinqə ölkə prezidenti, Böyük Millət Məclisinin sədri, baş nazir,  müxalifət partiyalarının liderləri və hərbi rəhbərlər qatılıb.

 

Mitinqin başlaması ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğan, Məclis sədri İsmayıl Qəhrəman, baş nazir Binali Yıldırım, ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP)  lideri Kamal Kılıçdaroğlu və müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli bir müddət söhbət ediblər.

 

“Demokratiya və şəhidlər” mitinqində çıxış edən MHP sədri Devlet Bahçeli terrorçuları məğlub edən  və daha sonra Yenikapıya gedərək “yeni bir dirilişin müjdəsini verən” xalqa təşəkkür edib. “Türkyə bütün gözəllikləri ilə yeni bir səfərə Yenikapıdan başlamaqdadır. Türk milləti öz taleyinə sahib çıxmaqdadır. Hamınızla öyünürəm, Türk milləti ilə iftixar edirəm”- deyə sözlərinə davam edən Devlet Bahçeli, Türk siyasətində indiyə qədər yaşanan qütbləşmənin bundan sonra bıçaq kimi kəsilməsinin lazım olduğunu vurğulayıb.

 

Ana müxalifətdəki CHP-nin lideri Kamal Kılıçdaroğlu “Demokratiya və şəhidlər” mitinqindəki çıxışında   vətənə sonsuzluğa qədər  sahib çıxacaqlarını deyib. ”15 iyul bizə yeni bir qapı araladı, 15 iyuldan sonra artıq yeni bir Türkiyə vardır. Əgər biz konsensus mədəniyyətini daha irəli apara bilsək, övladlarımıza daha gözəl bir Türkiyə qoyub gedəcəyik. Mən də daxil  olmaqla, bütün siyasi partiya liderləri bu müsibətdən dərs almalıdır”, deyə sözlərinə davam edən CHP lideri Kılıçdaroğlu 12 maddədən ibarət olan bəyannaməni  oxuyub. Kılıçdaroğlu “məscidə,məhkəməyə və kazarmaya siyasətin daxil edilməməsinin”  lüzumuna diqqəti cəlb edərək “bizim soylu bir konsensusa ehtiyacımız var”, deyə vurğulayıb. Ana müxalifət lideri Kılıçdaroğlu dövlətin bundan sonrakı inşasında insan ləyaqətinin əsas alınmasının əsas şərt olduğunu deyib. Türkiyədə media  azadlığının sərhədlərini  daha da genişləndirmək lazım olduğunun vacibliyini də  bildirən CHP lideri Kılıçdaroğlu parlamentar sistemdən vaz keçilməməsinin gərəyini vurğulayıb. Kamal Kılıçdaroğlu məhkəmələrin müstəqilliyinin Türkiyənin bundan sonra əsas məsələsi olacağını deyib.

 

7 avqustdakı “Demokratiya və şəhidlər” mitinqində çıxış edən baş nazir Binali Yıldırım sözlərinə tanınmış Türk alimi və şairi Orhan Şaik Gökyayın şeiri ilə başlayıb. ”29 may 1453-də Sultan Fateh Məhmət şəhərə girəndə nə qədər həyəcanlı idisə, İstanbul bu gün də o qədər həyəcanlıdır. 16 may 1919-da Qazi Mustafa Kamal İstanbuldan ayrılanda nə qədər ümidli idisə, bu gün də o qədər ümidliyik. 27 mart 1994-cü ildə bir igid adamını, bir Kasımpaşalını özünə bələdiyyə başqanı seçərkən nə qədər gözəl idisə, İstanbul bu gün də o qədər gözəldir”, deyə sözlərinə davam edən baş nazir Binali Yıldırım, Azərbaycanın məşhur şairi Əhməd Cavadın “Çırpınırdın Qaradəniz” şeirindən misralar səsləndirib. Binali Yıldırım 15 iyulda FETÖ-nün terrorçu hücumu ilə  üz-üzə qaldıqlarını, bu gün isə  yeni bir İstiqlal savaşına davam etdiklərini bildirərək, siyasi arenada meydana çıxmış tolerant və konsensus atmosferini qəti şəkildə pozmayacaqlarını vurğulayıb. Baş nazir Yıldırım bundan sonrakı dönəmdə ölkədə birlik və bərabərlik ruhunu daha da gücləndirəcəklərini sözlərinə əlavə edərək “bu gün buradakı tarixi bərabərliyi gözümüz kimi qoruyacağıq” deyib.

 

“Demokratiya və şəhidlər” mitinqində çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan 15 iyulda küçə və meydanlara çıxaraq  vətənin, azadlığın, demokratiyanın müdafiəsinə qalxan hər kəsə təşəkkür edib. Yola vətəndaşların birlik və həmrəyik ruhu içində davam edəcəklərini  bildirən prezident Ərdoğan, “Qazi Mustafa Kamal Atatürkdən 96 il sonra soruşuram: ey millət, sən əsarəti qəbul edərsənmi?”- sualını mitinq iştirakçılarına yönəldib. Meydandan “Xeyr!”- nidaları yüksəlib. Prezident Ərdoğan xalqın tələbi ilə edam cəzasının Məclisdə qəbul edilməsi halında tərəddüdsüz şəkildə təsdiq edəcəyini vurğulayıb. ”Əldə etdiyimiz bu birlik və bərabərlik ruhundan daha yaxşı istifadə edək”- sözləriylə çıxışına davam edən prezident Ərdoğan FETÖ-nün bütün dövlət qurumlarından təmizlənəcəyini təkrarlayaraq bunun üçün lazım olan konstitusiya və qanun dəyişikliklərinin sürətlə Məclisdən keçiriləciyini bildirib. Rəcəb Tayyib Ərdoğan “Demokratiya və şəhidlər” mitinqindəki çıxışını “Bir olacağıq, diri olacağıq, bir-birimizi Allah üçün sevəcəyik” sözləri ilə bitirib.

 

 7 avqust  “Demokratiya və şəhidlər” mitinqində Xİ prezident Abdullah Gül, keçmiş baş nazir Tansu Çillər, iş, sənət idman dünyasının tanınmış şəxsləri də iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar