Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.
APA-nın Tehran bürosunun məlumatına görə, dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb.
Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb.
Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir.
Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.
***
14:13
Tehranın mərkəzindəki tarixi binada baş verən yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Lent.az-ın "sozcu.com.tr"-ə istinadən xəbərinə görə, yanğını söndürməyə çalışan yanğınsöndürənlər bir anda binanın çökməsiylə uçqun altda qalaraq can veriblər.
İlkin məlumatlara görə, hadisə nəticəsində 30 yanğınsöndürən həlak olub, 50 yanğınsöndürən isə uçqun altda qalıb.
Bina yaxınlığında yerləşən Türkiyə və İngiltərə səfirlikləri təhlükəsizlik məqsədilə boşaldılıb.