Ərdoğan Trampla görüşəcək
“Bir neçə gün əvvəl qeyd etdiyim kimi, Suriya ilə sərhəddə təhlükəsiz bölgə ilə bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlar üçün Avropanın qapılarını açmaqdan başqa çarəmiz qalmayacaq”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Eskişəhər təşkilatında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ tərəfindən Suriyanın şimalına, PYD/YPG terror təşkilatına yük avtomobilləri ilə silah-sursat göndərilir: “Bu yük avtomobillərinin sayı 30 mindən çoxdur. PYD/YPG terror təşkilatı kiminlə müharibə aparacaq?! Onların müharibə aparacağı yeganə ölkə Türkiyədir. Biz buna səssiz qala bilmərik”.
Türkiyə Prezidenti bu ay keçiriləcək BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşəcəyini vurğulayıb.
624