Əmirlikdə həmrəylik günü 	qeyd edildi
29 dekabr 2016 11:21 (UTC +04:00)

Əmirlikdə həmrəylik günü qeyd edildi

0

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyinin və Baş Konsulluğunun birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. Lent.az-n məlumatına görə, giriş nitqi ilə çıxış edən səfir Daşqın Şikarov qonaqları salamlayaraq, vətənlərinin hüdudlarından kənarda olmalarına və digər Əmirliklərdən Əbu-Dabiyə gəlmək üçün uzun yol qət etməli olmalarına baxmayaraq, icma üzvlərinin bayrama böyük həvəslə qatılmasının milli-mənəvi şüurumuzun önəmli parçaları olan həmrəylik və birliyi təcəssüm etdiyini özəlliklə qeyd edib.

Həmrəylik günü bayramının dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız tərəfindən qeyd olunduğunu diqqətə çatdıran səfir bu günün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrildiyini, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələrinin də qeyd etdiklərini vurğulayıb. Eyni zamanda, azərbaycanlıların minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verdikləri, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın parçalandığı, azərbaycanlıların bir qisminin öz yurd-yuvalarından didərgin salındığı, deportasiyalara məruz qaldığı, bir-birindən ayrı düşdüyü qeyd olunub. Beləliklə də, azərbaycanlıların tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayıldıqları, hazırda onların dünyanın bir çox ölkələrində yaşadıqları, RusiyadaUkraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, AvropadaAmerikada, Şərq ölkələrində iri Azərbaycan icmalarının yarandığı nəzərə çatdırılıb.  

Sonra yaxın keçmişə qayıdan diplomat Sovet ittifaqı illərində milli vəhdət, həmrəylik ideyalarının vahid ideologiya fonunda demək olar ki, yox səviyyəsində olduğunu xatırladaraq, müstəqilliyimizi bərpa etməklə, milli kimlik və şüur kimi əhəmiyyətli dəyərləri qaytarmağı və möhkəmləndirməyi bacardığımızı xüsusilə qeyd edib və bu işdə Heydər Əliyevin böyük xidmətinə diqqət çəkib.

 

Səfir D.Şikarov, həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birliyinə verdiyi əhəmiyyət barəsində geniş bəhs etdiyi zaman dövlətimizin başçısının 2008-ci ilin noyabrında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərmanını yada salıb, bu addımın nəticəsi olaraq, dövlət-dünya azərbaycanlıları bağlılığının dəfələrlə gücləndiyini və bu mühüm əməkdaşlıq formatının Azərbaycanla bağlı fəaliyyət istiqamətlərində bu gün öz effektivliyini bariz şəkildə ortaya qoyduğunu vurğulayıb. 

 Öz növbəsində, Baş Konsul Pərviz İsmayılzadə müasir tariximizin milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində qərarlaşan soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasının ümummilli vəzifə kimi irəli sürdüyünü vurğulayıb.

 

Çıxışların ardınca Səfirliyin nəzdində fəaliyyət göstərən bazar günü məktəbinin şagirdləri və “Qarabağ inciləri” adlı rəqs dərnəyinin balaca üzvləri vətənpərvərlik ruhunda şerlər söyləyib, balaca rəqqaslar eyni zamanda “Uzundərə” və “Sarı gəlin” rəqslərini nümayiş etdirib, “Sənsən Xəzərim” mahnısını ifadə edib və ərəb dünyasında, xüsusən də Körfəz ölkələrində məşhur BƏƏ-li müğənni Hüseyn ƏI-Casminin repertuarından olan mahnının müşayiəti ilə rəqs nümayiş etdiriblər.

Bayram tədbiri milli mətbəximizə aid nümunələrdən ibarət süfrə arxasında davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar