İŞİD-lə mübarizə ABŞ və onun rəhbərlik etdiyi koalisiyanın əvvəlki kimi Suriyada əsas məqsədidir. ABŞ “Cəbhə ən Nüsrə” qruplaşmasına da qarşı tədbirlər keçirir, lakin onlar sistemli xarakter daşımır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“Bizim Suriyadakı hərbi əməliyyatlarımızın əsas hədəfi İŞİD və yalnız İŞİD-dir”, - deyə o qeyd edib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın “Ən Nüsrə” terror qruplaşması ilə mübarizə aparıb-aparmaması ilə bağlı suala Kirbi cavabında bildirib: “Biz “Ən-Nüsrə” qruplaşması barədə məlumatlıyıq, bu qruplaşma atəşkəs barədə razılaşmadan kənardadır, BMT onun terror qruplaşması olduğunu müəyyənləşdirib, “Ən-Nüsrə” “Əl-Qaidə”nin Suriyadakı qoludur. Biz onlara qarşı tədbirlər görürük. Lakin əsas hədəf İŞİD-dir”.
O, həmçinin əlavə edib ki, Rusiya ilə sentyabrın 9-da Suriyaya dair əldə olunmuş razılaşmaya əsasən, bu qruplaşma ilə mübarizə mövzusu müzakirə olunub: “ABŞ bunu dəstəkləyib və Rusiya ilə informasiya mübadiləsinə razılıq verib. Lakin, təəssüf ki, hazırda bu saziş icra olunmur”, - deyə Kirbi əlavə edib.