Vəfa Quluzadə: “ABŞ və Avropanın növbəti hədəfi Türkiyədir”
Zərdüşt Əlizadə: “Qərb Bəşər Əsədə qarşı döyüşənlərdən qorxur”
Suriyada vətəndaş müharibəsi davam edir. Aylardır davam edən qarşıdurma artıq region ölkələrində də ilkin fəsadlarını göstərməkdədir. Və bu proses təhlükəli tendensiya almağa başlayıb.
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən politoloq Zədüşt Əlizadə Suriyadakı proseslərin iki səbəbdən qaynaqlandığını söyləyir. Onun sözlərinə görə, birinci səbəb prezident Bəşər Əsədin avtoritarlığı, insanların hüquq və azadlığını məhdudlaşdırması, ikinci səbəb isə xarici müdaxilədir. “Məsələ ondadır ki, Qərb hazırda İranın yaxın müttəfiqi olan iki lideri - İraqda baş nazir Nuri əl-Malkini, Suriyada prezident Bəşər Əsədi devirməkdə maraqlıdır. ABŞ və Avropa İsraili təhdid edən Suriya və Livandakı “Hizbullah” hərəkatını da sıradan çıxarmağı zəruri sayır. Ancaq bir maraqlı nüans var. Bəşər Əsədə qarşı çıxanları birləşdirən heç nə yoxdur. Qərb Bəşər Əsədə qarşı döyüşənlərdən qorxur. Ona görə ki, Bəşər Əsədə qarşı döyüşən sünni çoxluğun bir qismi qərbpərəstdirsə, böyük qismi radikal sələfilərdir. “Əl-Nusra Cəbhəsi” Qərb üçün də ciddi təhlükədir”.
Zərdüşt Əlizadə qeyd edir ki, əgər Bəşər Əsəd devriləcəksə, İran güclü bir müttəfiqini itirəcək, İsrail daha da güclənəcək və ərəblərə qarşı azğınlaşacaq. Eyni zamanda, Yaxın Şərqdə ABŞ-ın əlaltılarının sayı artacaq: “Suriyadakı proseslərin regiona təsirinə gəlincə, artıq biz bu təsiri Türkiyədə görürük. Türkiyədə aksiyalar başlayıb. Baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı ittihamlardan biri də odur ki, niyə qonşu ölkəyə müdaxilə edir. Ancaq Türkiyə və Rəcəb Tayyib Ərdoğan güclü, möhkəmdir. Bununla belə, bu proseslər fonunda Türkiyənin nüfuzuna və Rəcəb Tayyib Ərdoğanın nüfuzuna böyük zərbə dəydi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun “Qonşularla sıfır problem” siyasəti vardı, bu, çox yaxşı bir istiqamət idi. Ancaq AKP hökuməti mənəm-mənəmlik siyasətinə keçməklə kobud səhvə yol verdi”.
Politoloq Suriyadakı proseslərin böyük regional müharibəyə yol açacağını isə inandırıcı saymır: “Böyük müharibələrin arxasında böyük dövlətlər durur. Bu gün böyük dövlətlər regionda böyük müharibə istəmirlər. Məsələn, vaxtilə Suriya və Livan eyni dövlət olub, fransızlar tərəfindən bölünüb. İndi Livandakı hadisələr də Suriyadakı proseslərin davamıdır. Ancaq belə lokal müharibələr İraqda da, Sudanda da, Mavritaniyada da gedir. Regionda böyük müharibə ABŞ İrana hücum edəcəyi halda başlaya bilər. Bu halda Azərbaycanın da silahlı münaqişələr girdabına cəlb edilməsi istisna deyil”.
Şərqşünas Aidə Qəmbər Suriyadakı proseslərin geriyə dönməsi ehtimalının çox az olduğunu düşünür. Aida xanım hesab edir ki, hazırda regiondakı maraqlı dövlətlərin əsas məqsədi Suriyada gedən proseslərin həmsərhəd ölkələrə yayılmasının qarşısını alınmqdır. Əks təqdirdə bu, daha böyük fəsadlara gətirib çıxara bilər: “Elə ona görə də maraqlı dövlətlər Suriya məsələsində konsensus tapmağa çalışırlar. Bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfəri, “Suriyanın dostları”nın İordaniyada toplaşması, Cenevrə konfransına hazırlıq da bundan xəbər verir. Cenevrə konfransında müxaliflərlə iqtidar arasında barış nöqtələri tapmağa cəhdlər ediləcək. Ümumiləşdirsək, Suriyadakı proseslərin regional müharibəyə çevrilməsi istisna edilmir, ancaq indiki mərhələdə regiona yayılması ehtimalı azdır”.
Politoloq Vəfa Quluzadənin qənaəti daha fərqlidir. O deyir ki, bu gün artıq Suriya dövlət kimi yoxdur, parçalanıb: “ABŞ Çinlə rəqabətə hazırlaşır, Çin ABŞ üçün ən böyük təhlükədir. Ona görə də ABŞ Yaxın Şərq və Asiyanı istədiyi kimi darayacaq. Başqa sözlə, indiki mərhələdə ABŞ və İsrail dünyada onlara qarşı olanları sıradan çıxarır. İraq məsələsini həll etdilər, Liviyada arzularına çatdılar, artıq Suriya adlı dövlət də yoxdur. Ölkənin bir hissəsinə “Əl-Qaidə” terror təşkilatına bağlı “Əl-Nusra Cəbhəsi”, bir hissəsinə müxalifət, bir hissinə kürd silahlı birləşmələri, bir hissəsinə də Bəşər Əsəd nəzarət edir. Suriyanın qaymağı olan insanlar da xarici ölkələrə qaçıblar. Ayağı yer tutanlar Türkiyəyə, İordaniya və başqa ərəb ölkələrinə üz tutub. Ölkədə qalanlar isə müxtəlif ölkələrə xidmət edən əlisilahlı döyüşçülər və heç yerə gedə bilməyənə miskin, yazıq xalqdır. Məlumdur ki, Bəşər Əsəd qalib ola bilməz. Bu qədər xalqın qanına bais olan hakimiyyətdə qala bilməz. Ancaq göz önündədir ki, Bəşər Əsədi hakimiyyətdən götürməyə cəhd etmirlər. Suriyadakı vətəndaş müharibəsinə hər yerdən - ABŞ, Avropa, BMT, ATƏT və digər qurumlardan, böyük dövlətlərdən passiv reaksiya var. Vətəndaş müharibəsini yaradıblar və burada müxtəlif qüvvələr iştirak edir”.
Suriyanın bir zamanlar Rusiya tərəfindən yaxşı silahlandırmış anti-ABŞ yönümlü dövlət olduğunu xatırladan Vəfa Quluzadə ABŞ və Avropanın regionda Qətər, Küveyt kimi balaca dövlətlər olmasını istədiklərini vurğulayır: “Ona görə də mən bəyanat vermişdim ki, Suriyadan sonra İran, İrandan sonra növbə Türkiyədir. Ancaq səhv etmişəm, ABŞ və Avropanın İrandan əvvəl növbəti hədəfləri Türkiyədir. Rəcəb Tayyib Ərdoğan haqlıdır ki, Türkiyədə burada xarici barmaqlar var. Qərbə İrandan əvvəl Türkiyə məsələsini həll etmək lazımdır. Çünki İrana qarşı əməliyyat başlasa, Türkiyənin müsəlman əhalisi İranın müdafiəsinə qalxacaq. İndiki Türkiyə Qərbə sərf etmir, Qərbə sərf edir ki, Türkiyə də balaca dövlətlərə parçalansın. Rəcəb Tayyib Ərdoğan bunu başa düşür. Ona görə də Rəcəb Tayyib Ərdoğanı asanlıqla nə devirmək, nə boğmaq olacaq. Onlar gəncləri, islama qarşı olanları hazırlayıb meydanlara çıxarıblar. Cavan oğlanlardır, onları nə Türkiyənin stabilliyi, nə də milli maraqları maraqlandırmır. İndiyə qədər Türkiyəyə heç kim irad tutmayırdı, birdən nə baş verdi?! Çox arzu edirəm ki, Rəcəb Tayyib Ərdoğan qarşıya çıxan məsələləri həll etsin”.
Vəfa Quluzadə regiondan böyük müharibə qoxusu gəldiyini də söyləyir: “Nəzərə alınmalıdır ki, Suriyada faktiki İran və “Hizbullah” döyüşçüləri savaşır. “Hizbullah” lideri Həsən Nəsrullah bəyanat verib ki, Bəşər Əsədin getməsi onların sonudur. Ancaq başa düşmək lazımdır ki, ABŞ İran və “Hizbullah”a təslim olmaq fikrində deyil. Ola bilər ki, Qərb Suriyanın darmadağın olmasını sakitcə müşahidə edəcək. Ya da ola bilər ki, Qərb bir gün Suriyaya müdaxilə barədə qərar qəbul etsin. Bu halda da NATO və NATO ilə əməkdaşlıq edən Ərəb Dövlətləri Liqası, o biri tərəfdən də İran və “Hizbullah” döyüşə girsinlər. İran güclü bir dövlətdir və burada atom silahı təhlükəsi var. Yəni İrana nüvə zərbəsi də endirilə bilər”.