Yəməndə vətəndaş müharibəsinin başladığı gündən bu yana 1700 məktəb binası dağıdılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yəmənin təhsil naziri Abdulla Lemlemes BMT-nin Uşaq Fondunun (UNİSEF) nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.
Nazir məktəblərin bərpasının və dərs kitablarının çapının vacib olduğunu söyləyib.
UNİSEF-in nümayəndəsi Seyfəddin Nemr təmsil etdiyi qurumun uşaqların və anaların dərdlərini yüngülləşdirmək üçün təhsil və səhiyyə layihələrini həyata keçirməyə çalışdığını bildirib.
Qeyd edək ki, uzun müddətdir siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə Hüsi və keçmiş prezident Əli Abdullah Salehi müdafiə edən qruplaşmalarla əksər ərəb dövlətləri tərəfindən dəstəklənən hazırkı prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarları arasında vətəndaş müharibəsi davam edir.