Avqustun 31-də Kuba və ABŞ arasında son 50 ildə ilk dəfə birbaşa müntəzəm aviareys həyata keçiriləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın “JetBlue” aviaşirkətinə məxsus təyyarə Florida ştatının Loderdeyla limanından Kubanın Santa-Klaru şəhərinə uçacaq. Bu barədə Kubanın nəqliyyat nazirinin müavini Eduardo Rodriqes bildirib.
“Müntəzəm uçuşların bərpası iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması işində müsbət addım və tövhə olacaq”, - deyə Rodriqes jurnalistlərə bildirib.
Qeyd edək ki, bu uçuş 1962-ci ildən bu vaxtadək Kuba və ABŞ arasında ilk müntəzəm reys olacaq.