Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Thani bin Ahmed əl Zeyudi ilə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycan və BƏƏ arasında əlaqələrin ümummilli lider Heydər Əliyev və Şeyx Zayed əl Nəhyan tərəfindən yaradıldığı, artan xətlə inkişaf edən sıx ikitərəfli siyasi və iqtisadi əlaqələr, son nailiyyətlər və həyata keçirilən təbirlər barədə danışan səfir, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunmasına verdiyi diqqət, neft və qaz hasil edən ölkə olduğundan ətraf mühitə tullantıların azaldılması məqsədilə müasir texnologiya və təcrübələrə külli-miqdarda vəsait sərf etməsi, beynəlxalq müstəvidə bu sahədə əməkdaşlıq etməsi, Paris Müqaviləsinin üzvü olması barədə məlumat vermişdir. Davamlı iqtisadi inkişaf yolunu tutmuş Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunan səfir ölkəmiz tərəfindən həyata keçirilən iqtisadi, humanitar, mədəni, idman və incəsənət tədbirləri barədə danışmışdır. O, bütün sahələrdə inkişaf edərək regionda və dünyada nüfuz sahibi olan ölkəyə çevrilmiş Azərbaycanın tək problemi olan qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalı və bunun nəticəsində yaranmış humanitar və iqtisadi problemlər, Ermənistanın işğal altında saxladığı ərazilərdə ətraf mühitə verdiyi zərər, nüvə tullantılarını bu torpaqlarda basdırması, təbii sərvətləri talan etməsi, bununla yanaşı məscid və digər tarixi, mədəni abidələri dağıtdığı barədə ətraflı məlumat vermişdir.
Nazir iqlim dəyişikliyinin getdikcə daha vacib xarakter aldığı, Körfəz regionunun bu dəyişikliklərdən daha çox əziyyət çəkdiyi, bu səbəbdən ölkəsinin bu sahədə görülən tədbirləri artırması barədə məlumat vermişdir. O, neft mühəndisliyi sahəsində işlədiyi zamanlarda Azərbaycanda olduğunu, ölkəmizin gözəlliyinə heyran qaldığını, müvafiq sahələrlə tanış olduğunu diqqətə çatdııb.
İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin müvafiq sahə ilə yanaşı BƏƏ-yə idxal olunan məhsulların sertifikatlaşdırılması sahəsində də fəaliyyətinə toxunan səfir, Azərbaycanın iqtisadi və ticarət nöqteyi nəzərindən BƏƏ-yə xüsusi diqqət verdiyi, mükəmməl coğrafi yerləşmə və təbii şəraitə görə Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirildiyi, BƏƏ-də bu məhsullara daim tələbatın olduğu, məhsullarımızın bu bazara çıxarılması üçün əlavə tədbirlər görüldüyü barədə danışmışdır. Şirkətlərimizin BƏƏ bazarına çıxışını asanlaşdırmaq üçün nazirliklə əməkdaşlığa ehtiyac duyulduğunu deyən Daşqın Şikarov BƏƏ-yə verilən xüsusi diqqəti bir daha qeyd edərək, Azərbaycanın dörd ticarət nümayəndəsindən birinin məhz BƏƏ-yə təyin olunmasının bunun göstəricisi olduğunu diqqətə çatdırmışdır.
Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev Azərbaycan məhsullarının BƏƏ və region ölkələri bazarına çıxarılması məqsədilə görülən tədbirlər barədə məlumat vermiş, məsulların sertifikatlaşdırılması sahəsində işlərin operativ və məhsuldar şəkildə qurulması üçün nazirliklə sıx əməkdaşlığın vacib olduğunu diqqətə çatdırmışdır.
Səfir müavini Leyla Süleymanova Azərbaycanda və müxtəlif ölkələrdə bir çox təhsil, mədəniyyət və xeyriyyə layihələri həyata keçirən Heydər Əliyev Fondu tərəfindən ekoşəhərciklərin salınması layihəsinin olduğu barədə məlumat vermiş, gələcəkdə BƏƏ ilə əməkdaşlıq məsələlərinin gündəliyinə bu sahədə birgə təşəbbüslər həyata keçirilməsinin daxil edilməsini təklif etmiş, nazir bu sahədə əməkdaşlığın maraqlı ola biləcəyini bildirmişdir.