Abu-Dabidə yerləşən ən çoxmillətli məktəb olan “Gems American Academy” təhsil kompleksində keçirilmiş “Beynəlxalq Mədəniyyət Günü” tədbirində Azərbaycan da təmsil olunub. Lent.az-ın məlumatına görə, tədbir çərçivəsində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun xanımı Ülviyyə Şikarova və BƏƏ-dəki Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş Azərbaycan stendində yerləşdirilmiş mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, xalçalar, şəkillər, milli geyimlər, milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi nümunələri, həmçinin Azərbaycan milli incəsənətinin incisi olan kəlağayılar tədbir iştirakçılarına paylanılmışdır. Azərbaycan stendində həmçinin Azərsun şirkətinin istehsalı olan təbii meyvə şirələri də iştirakçılara təqdim olunmuşdur.
Stenddə həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, işğal nəticəsində Azərbaycanın zəngin təbiət və mədəniyyətinə vurulan ciddi zərər, böyük humanitar və iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatları əks etdirən lövhə yerləşdirilib.
Azərbaycan stendi tədbir iştirakçılarında böyük maraq yaradıb.