Biz onu Ermənistan parlamentində Xocalı soyqırımını ermənilərin törətməsi barədə çıxışından sonra tanıdıq. Uzun müddət mətbuat bu xanımın cəsarətli çıxışını müzakirə etdi. Sosial şəbəkələrdə ermənilər və ermənipərəstlər tərəfindən təhdidlərə məruz qaldı. Yəqin ki, bildiniz, söhbət Moldova respublikasının ombudsmanı Aureliya Qriqoriudan gedir. Xanım Qriqoriunun Lent.az-a eksklüziv müsahibəsini təqdim edirik.
- Aurelia kimdi?
- Həssas və sentimental insan, həyat yoldaşını sevən qadın və iki övladın qayğıkeş anası.
- İş və ailə. Çətin olmur?
- (Gülür) Bura elmi, ictimai, xeyriyyəçilik fəaliyyətini də əlavə edin. Bilirsiz, əslində mən çox işləməyə alışmışam. Öz işimi də çox sevirəm. Və hesab edirəm ki, insan hüquqlarını müdafiə etməkdən daha yaxşı iş yoxdur!
- Nədənsə ombudsmanların çoxu qadındı. Necə düşünürsüz, qadınlar daha ədalətlidir?
- Məncə hə. Amma mən bu sahədə qadın-kişi arasında bölgü aparmazdım. Hər şey vəziyyətdən, prinsiplərdən və cəsarətdən asılıdı.
- Moldovada insan hüquqları ilə bağlı hansı problemlər var?
- Əsas problem ondadır ki, bir çox vəzifəli şəxslər insan haqlarının nə olduğunu bilmir, bu haqlara hörmət etmir. Bir çoxları bu haqlara ümumiyyətlə məhəl qoymur, riayət eləmir.
- Necə düşünürsüz, keçmiş SSRİ respublikalarından hansında insan haqları yaxşı qorunur?
- Bu suala cavab vermək çox çətindir. Sadəcə onu deyə bilərəm ki, hər yerdə insan haqları ilə bağlı həllini gözləyən problemlər var.
- Qarabağ həqiqətləri barədə haradan eşitmisiniz?
- Ombudsman olandan işimlə əlaqədar bir çox beynəlxalq tədbirlə iştirak etmişəm. Bakıda ombudsmanların beynəlxalq konfransında da iştirakçı olmuşam. O vaxt Qarabağda baş verənlərlə bağlı eşitdiklərim məni sarsıtmışdı. Yadımdadı, belə tədbirlərin birində Azərbaycanın ombudsmanı Elmira Süleymanova Dağlıq Qarabağla bağlı həqiqətlərdən danışırdı. Bundan sonra beynəlxalq sənədlərlə tanış oldum, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, bir sıra beynəlxalq aktları, qərarları araşdırdım. Mən Ermənistanın işğalı nəticəsində 760 mindən çox Azərbaycan vətəndaşının məcburi öz evlərini tərk etməsindən, 20 ildən çoxdur ki, qaçqın kimi yaşamasından xəbərdar oldum. Hələ də başa düşmürəm ki, Ermənistan BMT kimi nüfuzlu təşkilatın qərarına niyə məhəl qoymur. Və hamı da bunu bilə-bilə susur. Mən Xocalı haqqında həyəcansız danışa bilmirəm və düşünürəm ki, bu barədə susmaq olmaz! Bilirsiz Ermənistan parlamentindəki çıxışımdan sonra mənə nə yazmışdılar? “Xocalıda ölənləri ruhu sizə minnətdardı!”. Mən bunu unuda bilərəmmi?
- Ermənistan parlamentindəki çıxışınızı qabaqcadan planlaşdırmışdız?
- Beynəlxalq tədbirlər gəzmək üçün deyil. Ora gediriksə, nə isə yeni bir şey öyrənmək, təcrübələrimizi paylaşmaq, mövcud problemin birgə həllini tapmaq lazımdı. Adətən, tədbirin proqramı ilə tanış olan hər bir iştirakçı çıxış edəcəyi haqda qərar verir, bu tədbirin təşkilatçıları tərəfindən razılaşdırılır. Mənim fikrimcə, həmin çıxış hər bir ombudsmanın görməli olacağı iş idi.
- Təzyiqləri nəzərə almışdız? Moldova hökuməti sizin bu çıxışı necə qarşıladı?
- Əlbəttə, başa düşürdüm ki, çıxışım çoxlarının xoşuna gəlməyəcək. Mən sivil ölkədə yaşadığımı fikirləşirdim. Elə bilirdim ki, bu çıxışla bağlı ölkəmdə bir-iki əks arqument səslənəcək, məsələ bu qədər böyüməyəcək. Amma təsəvvür belə etmirdim ki, mənə qarşı hücum, sözün əsl mənasında təhqir və təhdidlər olacaq. Moldova hökumətinin mənim çıxışma rəsmi münasibəti məni şoka saldı. İnsan Hüquqları üzrə parlament komitəsinin sədri Vadim Mişin mənim çıxışımın Moldova Respublikasının rəsmi mövqeyi ilə uyğun gəlmədiyini bildirdi. Nə üçün? Günahkaram? Həqiqəti dediyimə görə? Dondurulmuş münaqişələrin sülh yolu ilə həllinə cəhd etdiyimə görə?
Bu çıxışdan sonra o da məlum oldu ki, Moldova mətbuatı da müstəqil deyilmiş. Çıxışımla tanış olmayanlar, məsələdən xəbərsiz olanlar belə məni Moldovanı biabır etməkdə günahlandırırdı.
Məni ən çox təəccübləndirən isə vəzifəsi məhz insan hüquqlarını müdafiə etmək olan insanların davranışı idi.
- Belə cəsarətli çıxışdan sonra Azərbaycan tərəfi sizə dəstək oldumu?
- Açıq deyirəm, Azərbaycan xalqının dəstəyi mənə o çətin mərhələdə əlavə güc verdi. Həmkarım Elmira Süleymanovaya, mənim üçün narahat və dəstək olduqlarına görə Azərbaycan ombudsman aparatının sədrinə minnətdaram. Sizin ölkədən sözün həqiqi mənasında çoxlu dostlar tapdım. Mənə göstərdikləri səmimi sevgiyə görə, onlara təşəkkürümü bildirirəm.
- Azərbaycan haqqında daha nələr bilirsiz?
- Azərbaycanda bir neçə dəfə olmuşam. Möhtəşəm ölkədi. Xalq üçün çox şey edilir və bu ölkə günü-gündən gözəlləşir. “Facebook” səhifəmdə Azərbaycan haqqında 12 danılmaz faktı paylaşmışam. Fikrimcə, bunlardan ən əsası azərbaycanlıların alicənab, tolerant və xoşməramlılığıdır.
Azərbaycanlılara sülh, tezliklə Qarabağ münaqişəsinin həll olunmasını, evlərini məcburi tərk edənlərin doğma torpaqlarına qayıtmasını arzu edirəm. Ən vacibi, ölkənizin qədrini bilin, onu qoruyun, bir-birinizə dəstək olun!
- Və nəhayət, Aurelia boş vaxtlarında nə edir? Hobbiniz var?
- Bilirsiz, demək olar ki, boş vaxtım yoxdu. Üzgüçülüyü və fitnesi çox sevirəm. Axşamlar həyat yoldaşımla Kişinyov parkında gəzməyi, səyahət etməyi, avtomobilləri, pişikləri, hətta tapançadan atəş açmağı belə çox sevirəm (Gülür).