ABŞ-ın vitse-prezidenti Mayk Pens və Türkiyənin baş naziri Binəli Yıldırım arasında baş tutan görüşdə İŞİD-lə mübarizə və İrana dair məsələlər müzakirə olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
“Tərəflər İranın regionda stabilliyi pozmasına yol verməməyə dair razılığa gəliblər. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizədə birgə addımların gücləndirilməsi yollarını müzakirə ediblər”, - deyə Ağ Evin məlumatında bildirilir.
Pens və Yıldırım terrorizmin bütün formaları ilə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.
Bundan başqa, vitse-prezident, NATO üzrə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Türkiyə qarşısında Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri təsdiqləyərək, Ankaranın İŞİD-ə qarşı mübarizəyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.