ABŞ Suriya prezidenti Bəşər Əsədə dair mövqeyini dəyişməyib və hesab edir ki, ölkənin gələcəyində ona yer yoxdur.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
“Danışıqlar qeyri-müəyyən vaxta təxirə salınmayıb. Biz bu fikirlə razı deyilik. Bizim mövqedə heç bir dəyişiklik olmayıb. Biz Əsədi Suriyanın uzun müddətli gələcəyinin bir hissəsi kimi görmək istəmirik”, - deyə Kirbi qeyd edib.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd bundan əvvəl üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.
Suriya prezidenti, həmçinin, qeyd edib ki, hökumət qüvvələri münaqişədə qalib gəlməyincə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.