İyulun 8-də Türkiyədə baş vermiş qatar qəzasında ölənlərin sayı 24-ə çatıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ədirnə vilayətinin Uzunkörpü rayonundan İstanbulun Halkalı stansiyasına hərəkət edən sərnişin qatarı yerli vaxtla saat 17:00 radələrində Tekirdağ vilayətinin Çorlu və Muratlı rayonları arasında relsdən çıxaraq aşıb. Hadisə zamanı qatarda 362 sərnişin və 6 ekipaj üzvü olub.
İlkin məlumata əsasən 5 vaqonun aşması nəticəsində 10 nəfərin öldüyü açıqlanmışdı. Lakin iyulun 8-də səhər saatlarında səhiyyə naziri Rəcəb Akdağ ölənlərin sayının 24-ə yüksəldiyini açıqlayıb. 318 yaralı xəstəxanalara aparılıb, onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Hadisənin səbəbi kimi leysan yağışlarının relslərin altındakı torpaq qatını yuması göstərilir.
***
8 iyul
21:28
Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.
APA-nın məlumatına görə, bu barədə “Milliyet” Səhiyyə nazirliyinə istinadən xəbər verib.
Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.
***
Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.