İstanbul boğazının üçüncü körpüsü olan Yavuz Sultan Selim körpüsünün rəsmi açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimdə çıxış edən Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra qonaqları səhnəyə dəvət edib. Dini işlər üzrə nazir Mehmet Görməzin dualarından sonra isə körpü xidmətə açıq elan edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan körpünün 31 avqust tarixinədək ödənişsiz olacağını bildirib.
Körpünün açılış mərasimində Bəhreyn kralı Hamed bin İsa Al Halife, Bosniya-Herseqovina Prezident Şurasının sədri Bəkir İzzetbegoviç, Makedoniya prezidenti George İvanov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Bolqarıstan baş naziri Boyko Borisov, Serbiya baş nazirinin müavini Rasim Ljajic, Gürcüstan baş nazirinin birinci müavini Dmitri Kumsişvili və digər dövlət rəsmiləri iştirak ediblər.
Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.