Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə T.Mey Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı deyib.
“Artıq aydındır ki, cənab Skripal və onun qızı Rusiyada hərbi məqsədlərlə istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər”, deyə baş nazir bildirib.
T.Mey bəyan edib ki, iki gün ərzində Rusiya tərəfindən S.Skripalın işi üzrə izahat gözləyir.
O həmçinin insidenti Rusiyanın Böyük Britaniyaya qarşı məsuliyyətsiz hərəkəti adlandırıb.
Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 2010-cu ildə Rusiya prezidenti olan Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.