Rusiyaya məxsus Mi-8 tipli hərbi helikopterin Suriyada vurulması xəbəri təsdiqlənib.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi hərbi helikopterin Suriyanın İdlib şəhərində müxalifət qüvvələri tərəfindən vurulduğunu təsdiqləyərək, hərbi helikopterdə 5 hərbçinin olduğunu bəyan edib. Hərbi helikopterdəki ekipaj üzvlərinin hamısı ölüb.
“Röyters” xəbər agentliyi “Əl-Nüsra” cəbhəsi üzvlərinin helikopter vurulandan sonra onun ətrafında sevinərkən çəkilmiş fotolarını yayımlayıb.
Qeyd edək ki, 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlar həyata keçirən Rusiyanın indiyə kimi 15 əsgəri öldürülüb. Bundan başqa, iyul ayının əvvəllərində Humusda Rusiyaya məxsus hərbi helikopter İŞİD tərəfindən vurulub.