Rusiya-Türkiyə əməkdaşlığı genişlənməkdədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRICS sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla baş tutan görüşdə bildirib.
“İkitərəfli münasibətlərimiz genişlənməkdədir. Bu xüsusən də böhranların nizamlanması sahəsində özünü açıq-aydın göstərir. Mən Suriya böhranını, iqtisadiyyat sahəsini nəzərdə tuturam. İri layihələrimiz plan üzrə reallaşdırılmaqdadır», - deyə V.Putin bildirib.
Söhbət zamanı liderlər mal dövriyyəsinin artdığını və bir çox sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıblar.
“İkitərəfli əməkdaşlığımız bütün sahələrdə - hərbi, ticarət, mədəniyyət, turizm, bir sözlə, bütün sahələrdə çox sürətlə inkişaf edir”, - deyə Ərdoğan qeyd edib.
Ərdoğan iki ölkə arasında mal dövriyyəsinin və turist axınının daha da artırılacağına əminliyini bildirib.
“Əminəm ki, cari ildə Türkiyəyə 6 milyonadək rusiyalı turist gələcək”, - deyə Türkiyə prezidenti qeyd edib.