ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi telefon danışığı zamanı Fətulah Gülənin ekstradisiyası ilə bağlı məsələ ətrafında müzakirə aparıblar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
Onun sözlərinə görə, prezidentlər hazırda ABŞ-da yaşayan Gülənin statusunu müzakirə ediblər.
“Türkiyə hökuməti elektron şəkildə cənab Gülənin statusuna dair materialları təqdim edib. Bu materiallar ABŞ və Türkiyə arasında 30 il əvvəl imzalanmış “Ekstradisiya haqqında” sazişə uyğun olaraq Dövlət Departamenti və Ədliyyə Nazirliyi tərəfindən tədqiq ediləcək”, - deyə Ernest qeyd edib.
O əlavə edib ki, Obama və Erdoğan həmçinin Türkiyədə dövlət çevrilişinə cəhdin istintaqı məsələsinə də toxunublar.
“Obama dövlət çevrilişinə cəhdin istintaqında bir daha hərtərəfli yardım təklif edib”, - deyə Ernest qeyd edib.
Onun sözlərinə görə, Obama Türkiyənin demokratik yolla seçilmiş hökumətinə ABŞ-ın dəstəyini təsdiqləyərək, dövlət çevrilişinə cəhdin istintaqının demokratik prosedurlara uyğun şəkildə aparılmasının vacibliyini vurğulayıb.