ABŞ prezidenti postuna Respublikaçılar partiyasından namizədliyi irəli sürülən Donald Trampın qadınlar barədə təhqiramiz ifadələrinin əks olunduğu videoçarx dərc edildikdən sonra bir sutka ərzində 40-dək nüfuzlu respublikaçı onu dəstəkləməkdən imtina edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Trampı dəstəkləməkdən imtina etmiş respublikaçılar arasında nüfuzlu senator, 2008-ci ildə prezidentliyə namizədliyini irəli sürmüş Con Makkeyn, sabiq dövlət katibi Kondoliza Rays, Kaliforniyanın keçmiş qubernatoru, tanınmış aktyor Arnold Şvartsneqqer və sairləri var.
“Kifayətdir! Donald Tramp prezident olmamalıdır. O öz namizədliyini geri götürməlidir”, - deyə Rays “Feysbuk” səhifəsində yazıb.
Vitse-prezident Co Bayden Trampı qadınlara qarşı cinsi zorakılıqda ittiham edib.
Donald Trampın 11 il əvvəl qadınlar barədə səsləndirdiyi təhqiramiz ifadələrinin əks olunduğu videoçarx ABŞ-da rezonans yaradıb.
Qeyd edək ki, Tramp seçki kampaniyasını tərk etməyəcəyini bəyan edib.