<b>Niderland polisi türkiyəli nazirin maşınını saxladı</b>
12 mart 2017 00:03 (UTC +04:00)

Niderland polisi türkiyəli nazirin maşınını saxladı

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobilinin Niderland polisi tərəfindən saxlanılıb.

 

APA-nın xəbərinə görə, bunu “Anadolu”ya Türkiyənin Rotterdamdakı baş konsulu Sadin Ayyıldız bildirib.

 

Baş konsulun sözlərinə görə,  nazir Fatma Betül Kayanın avtomobili Niderland polisi tərəfindən saxlanılaraq Baş Konsulluğa getməsinə imkan verilməyib. Sadin Ayyıldız özünün də nazirin yanına buraxılmadığını qeyd edib.

 

Baş konsul hazırda nazirin harada olduğundan xəbərsiz olduğunu, özünün isə konsulluğu tərk etməsinə icazə verilmədiyini bildirib.    

 

Bundan əlavə, nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən  “Anadolu” və TRT-nin jurnalistləri polis tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb. 

 

Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna giriş-çıxışının Niderland polisi tərəfindən nəzarətə götürüldüyü qeyd olunur.  

 

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kaya Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan edib.

 

Xəbər verildiyi kimi, ötən gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: "Nazirimiz Hollandiyaya getmək istəyərkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər".

 

Türkiyənin baş naziri Binəli Yıldırım, öz növbəsində, Avropanı Türkiyənin daxili işlərinə qarışmamağa çağırıb: “Ey, Avropa, Türkiyənin daxili işlərinə və siyasətinə qarışmağa son qoy və tərəfkeşlik etməyi dayandır”. 

 

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir "Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar"- deyə, bildirmişdi.

 

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.

 

Çavuşoğlu bu gün Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar