Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Belə astronomik hadisələr yaxınlaşdıqca sosial şəbəkələrdə “insanlar əsəbi olacaq”, “xroniki xəstəliklər kəskinləşəcək”, kimi iddialar yenidən gündəmə gəlir.
Bəs Ay tutulması həqiqətən insan orqanizminə təsir göstərə bilərmi?
Lent.az bu mövzuda araşdırma aparıb.
Mütəxəssislərin sözlərinə görə, Ay tutulmasının özünün insan orqanizmində xüsusi fizioloji dəyişiklik yaratdığını sübut edən etibarlı elmi dəlil yoxdur. Ay tutulması Yer Günəşlə Ayın arasına daxil olduqda və Yerin kölgəsi Ayın üzərinə düşdükdə baş verir. Yəni Yer üzündə yaşayan insan birdən-birə yeni və ya qeyri-adi bir fiziki təsirə məruz qalmır. ABŞ Geoloji Xidməti bildirir ki, Ay tutulduğu üçün onun Yerə və insanlara cazibə təsiri qəfil güclənmir
Bəs niyə bəzi insanlar Ay tutulması zamanı özlərini qəribə hiss etdiklərini deyirlər?
Burada Ay tutulması ilə dolunay anlayışlarını bir-birindən ayırmaq lazımdır.
Ay tutulması yalnız dolunay zamanı mümkündür. Buna görə də “Ay tutulması mənə təsir etdi” deyən insanın hiss etdiyi dəyişiklik nəzəri olaraq tutulmadan deyil, Ayın fazası, gecə işıqlılığı, yuxu rejiminin dəyişməsi və ya hadisəyə qarşı psixoloji gözlənti ilə bağlı ola bilər. Elmi araşdırmalarda ən çox müzakirə edilən məsələ məhz yuxudur. 2013-cü ildə “Current Biology” jurnalında dərc olunan araşdırmada dolunay ətrafındakı günlərdə iştirakçıların yuxuya getməsinin orta hesabla 5 dəqiqə gecikdiyi, ümumi yuxu müddətinin təxminən 20 dəqiqə azaldığı bildirilib.
2021-ci ildə “Science Advances” jurnalında yayımlanan başqa bir tədqiqat da maraqlı nəticə ortaya qoyub. Argentina ərazisində yaşayan müxtəlif icmalar və ABŞ-da 464 tələbə üzərində aparılan müşahidələrdə dolunaydan əvvəlki gecələrdə insanların daha gec yatdığı və daha az yatdığı müəyyən edilib. Tədqiqatçılar səbəblərdən biri kimi axşam saatlarında Ay işığının daha çox olmasını göstəriblər. Amma məsələ burada bitmir.
Digər geniş araşdırmalar Ay fazaları ilə yuxu arasında əhəmiyyətli əlaqə tapa bilməyib. Yəni elmi nəticələr eyni istiqamətdə deyil. Ay fazalarının yuxuya müəyyən zəif təsiri ola bilər, lakin bunun bütün insanlarda baş verdiyini və xüsusilə Ay tutulmasının buna səbəb olduğunu söyləmək mümkün deyil.
Ay tutulması əsəbilik və aqressiya yaradır?
Ən qədim inanclardan biri dolunay zamanı insanların daha aqressiv, həyəcanlı və idarəolunmaz olmasıdır. Lakin psixiatriya sahəsində aparılmış araşdırmalar bu fikri ümumilikdə təsdiqləmir.
2017-ci ildə müxtəlif Ay fazalarında psixiatrik müraciətləri araşdıran tədqiqatda Ay dövrünün psixiatriya müəssisələrinə müraciətlərin sayına və diaqnozların növünə əhəmiyyətli təsiri aşkar edilməyib. Daha əvvəl aparılmış başqa araşdırmada da təcili psixiatrik müraciətlərlə Ay fazaları arasında ümumi və sabit əlaqə müəyyən edilməyib. Bəzi zəif statistik əlaqələr müşahidə olunsa da, nəticələr Ayın insan davranışını birbaşa idarə etməsi fikrini təsdiqləmək üçün kifayət etməyib.
Baş ağrısı olanlar nə bilməlidir?
Bu sahədə nəticələr daha qarışıqdır. Yeni bir araşdırmada miqren riskinin Ay dövrünün bəzi hissələrində dəyişə biləcəyi bildirilib. Maraqlıdır ki, həmin tədqiqatda artım dolunaydan deyil, yeni Aydan əvvəlki dövrlə əlaqələndirilib.
Bunun əksinə, daha əvvəl 304 miqren xəstəsinin 4 421 tutmasının araşdırıldığı tədqiqatda Ay dövrü ilə miqren tutmalarının başlanması arasında əlaqə tapılmayıb. Bu ziddiyyət də göstərir ki, ayrı-ayrı statistik əlaqələri “Ay tutulması baş ağrısı yaradır” kimi təqdim etmək doğru olmaz.
Ay tutulmasına baxmaq gözlər üçün təhlükəlidirmi?
Burada Günəş və Ay tutulmalarını qarışdırmamaq xüsusilə vacibdir. Ay tutulmasına adi gözlə baxmaq təhlükəsizdir.