ABŞ Federal Təhqiqatlar Bürosu sabiq prezident Bill Klintona qarşı 15 il əvvəl başlanmış cinayət işinin sənədlərini dərc edib. Həmin iş 2005-ci ildə bağlanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cinayət işi B.Klintonun beynəlxalq sahibkar və “Glencore” şirkətinin təsisçisi Mark Riçi əfv etmək qərarı ilə bağlı olub. Riç vergidən yayınma və İranla qanunsuz işbirliyi qurmaqda ittiham olunub. Klinton 20 yanvar 2001-ci il tarixində, prezident səlahiyyətlərinin başa çatmasına bir neçə saat qalmış, Mark Riçi əfv edib. Klintonun əleyhdarları Riçin qızının Demokratlar Partiyasına 1 mln. dollar, o cümlədən, sabiq birinci xanım Hillari Klintonun senata seçki kampaniyasına 100 min dollar və Bill Klintonun prezident kitabxanasına 450 min dollar verdiyini iddia ediblər. Qeyd olunan iş üzrə istintaqı prokuror, FTB-nin hazırkı direktoru Ceyms Komi aparıb. Ceyms Komi Mark Riçin Klinton tərəfindən əfv olunmasına qarşı sərt çıxış edib. İş, cinayət tərkibinin olmaması səbəbindən 2005-ci ildə bağlanıb.
129 səhifəli sənədə əsasən, FTB 2001-ci ildə Bill Klintonun əməllərinin qanunsuz olduğunu ehtimal edib.
Sənədin dərc olunması tarixi ABŞ mətbuatında çoxlu suallar doğurub. Hazırda FTB direktoru və qeyd olunan iş üzrə sabiq prokuror Ceyms Komi və ölkə prezidentliyinə namizəd Hillari Klinton arasında ciddi ədavət mövcuddur.
Komi ötən həftə Konqresə ünvanladığı məktubda sabiq dövlət katibi Hillari Klintonun elektron poçtu ilə bağlı istintaq üzrə yeni sənədlərin olduğunu bildirib.
Yüksəkvəzifəli demokratlar Ceyms Komini “FTB-nin seçkilər prosesinə qarışmaması haqqında” qanunu pozmaqda və Trampın prezident seçilməsinə səylər göstərməkdə ittiham ediblər.