Vaşinqtonda prezident Donald Trampın inauqurasiyasından sonra kütləvi etirazlar baş qaldırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yüz minlərlə iştirakçısı olan aksiyalar Vaşinqton, Los-Anceles, Boston, Nyu-York və digər şəhərlərdə keçirilir. On minlərlə etirazçıların qatıldığı aksiyalar həmçinin Denver, İndianapolis, Sietl, Sent-Luis, Detroyt, Oklend və digər şəhərlərdə təşkil olunub.
“Qadınlar marşı” şüarı altında keçirilən aksiyanın təşkilatçıları elan etdikləri siyasi proqramda qadın haqlarının təmin edilməsi, polis zorakılığı ilə mübarizə, gender və irqi bərabərliyin bərqərar olunması tələb olunur.
Aksiyaya “Wall Street”, “Black Lives Matter”, eynicinslilərin nikahına dəstək, amerikalı hinduların birliyi kimi bir çox hərəkatların fəalları qatılıb.
Qeyd edək ki, Tramp əleyhinə aksiyalar Avropa və Afrikanın bir neçə ölkəsində də keçirilir.