Bakı-APA. ABŞ hakimiyyəti Yəmənə endirilən aviazərbələrdən sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasına dəstəyini korrektə etməyə hazırdır.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bildirib.
“Bu və digər insidentlər fonunda biz dərhal Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasına dəstəyimizin təhlilinə başladıq və dəstəyin ABŞ-ın prinsip və dəyərlərinə daha yaxşı uyğunlaşdırılması üçün onu korrektə etməyə hazırıq”, - deyə o qeyd edib.
O həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını, Yəmən hökumətini və bu ölkənin daxilindəki bütün münaqişə tərəflərini 10 aprel tarixli razılaşmanın əsasında əməliyyatları dərhal dayandırmağa çağırıb.
Ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə beş zərbə endirib.
Bundan əvvəl Yəmənin paytaxtında yas mərasiminə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb.
Üsyançı husilər zərbənin endirilməsində ərəb koalisiyasını ittiham edib, lakin koalisiya hadisə ilə əlaqəsi olmadığını iddia edir.
Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.