Puerto-Rikada “Zika” virusuna yoluxma halları ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin yaydığı açıqlamada bildirilir.
Rəsmi məlumata əsasən, ölkədə 512 hamilə qadın təhlükəli virusa yoluxub. Mütəxəssislərin rəyinə görə, ilin sonunadək Puerto-Rikoda xəstəliyə tutulanların sayı 25% arta bilər.
Qeyd edək ki, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan "Zika" virusu mikrosefaliya xəstəliyinin yaranmasına səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın "Zika" virusuna yoluxacağını proqnozlaşdırır. "Zika" virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virus “Aedes aegypti” növlü ağcaqanadlar tərəfindən yayılır.