"Kiyevə səhər tezdən bu saata qədər təxminən, 25-26 raket Xəzər dənizi akvatoriyasından atılıb. Bunlardan beşi Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən yerindəcə zərərsizləşdirilib".
Bu sözləri Lent.az-a Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli deyib. O, Kiyev şəhərindəki son vəziyyətlə bağlı məlumatları redaksiyamıza nəql edib:
"Demək olar ki, bütün Ukrayna ərazisində həyəcan siqnalı verilib və hələ də davam edir. Onu da vurğulamaq istəyirəm ki, Ukrayna üçün belə bir hal müharibə başlayandan bəri 5-ci dəfədir baş verir.
Zaporojeyeyə dünən gecədən etibarən, 12-dən çox "S-300" raketi düşüb. Dinc sakinlər arasında tələfat var, insanlar təşviş içindədir.
Bundan başqa, Krivoy-Roqda yerləşən mədənə raket düşməsi nəticəsində 100-ə yaxın şaxtaçı dağıntılar altında qalıb. Hazırda onların yerin altından çıxarılması və təxliyə prosesi gedir.
Dnepr, Odessa və Kiyev ətrafı ərazilər həm raket zərbələri, həm də İrana məxsus "Shahed" dronları vasitəsi ilə atəşə tutulur. Ümumi vəziyyət isə gərgin olaraq qalır".