Tacikistan və Qırğızıstan sərhədində baş verən qarşıdurmalarda 90-dan çox adam həlak olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tacikistan tərəfinin məlumatına görə, hücumlar nəticəsində azı 35 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. Eyni zamanda, respublikanın hakimiyyət orqanları hələlik hərbçilər arasında itkilərə münasibət bildirməyib.
Son məlumatlara görə, ümumilikdə 59 Qırğızıstan vətəndaşı həlak olub, 163 nəfər yaralanıb. Bununla əlaqəli, sentyabrın 19-da ölkədə matəm elan edilib.
Qırğızıstan bayraqları ölkə daxilində, xaricdəki səfirlik və konsulluqlarda yarıya endirilir. Mədəniyyət müəssisələri və teleradio şirkətlərinə əyləncəli tədbirləri və verilişləri ləğv etmək tövsiyə olunub.
Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində qarşıdurmalar sentyabrın 14-də başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Ölkələrin hakimiyyət orqanları atəşkəs və silahlı qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.