200 ilin ilk qadın edamı  son anda LƏĞV OLUNDU
01 oktyabr 2026 11:36 (UTC +04:00)

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

0

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Ali Məhkəməsinə müraciət edərək qərarın ləğvini istəyib.

Edamın şahidləri və jurnalistlər isə Neşvildə yerləşən yüksək təhlükəsizlik rejimli “Riverbend” həbsxanasında Ali Məhkəmənin qərarını gözləməyə davam ediblər.

Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmeri öldürməkdə təqsirli bilinib. O və həmin vaxt 17 yaşı olan sevgilisi Slemmerə hücumda günahkar sayılıblar. Onlar Noksvildə peşə hazırlığı mərkəzində tanış olublar. Payk öz təqsirini inkar etmir.

Əgər edam həyata keçirilsəydi, bu, Tennessi ştatında ən azı son 200 ildə edam edilən ilk qadın olacaqdı. Payk həmçinin ştatda müasir ölüm cəzası dövründə 18 yaşında törətdiyi cinayətə görə edam edilən yeganə şəxs ola bilərdi.

Onun vəkili bildirir ki, cəza təyin edilərkən onun yaşı, psixoloji vəziyyəti və ağır uşaqlıq keçirməsi tam şəkildə nəzərə alınmalı idi. Vəkillərin sözlərinə görə, Payk erkən uşaqlıqdan seksual zorakılığa məruz qalıb.

Sonralar ona bipolyar pozuntu və posttravmatik stress pozuntusu diaqnozu qoyulub.

Əfv müraciətində Payk yazıb ki, əvvəlcə yalnız Slemmerlə dalaşmaq niyyətində olub, lakin hücum zamanı özünə nəzarəti itirərək onu öldürüb. O, törətdiyi əmələ görə peşman olduğunu da bildirib.

Paykın işi 1990-cı illərdə qətlin xüsusi amansızlığı və qurbanın bədəninə pentaqram işarəsinin həkk olunması səbəbindən geniş rezonans doğurmuşdu. Hadisə ABŞ-da “satanik panika” adlandırılan dövrə təsadüf edib. Həmin illərdə müxtəlif cinayətlər və gənclər subkulturası tez-tez satanizmlə əlaqələndirilirdi.

Kollin Slemmerin anası ölüm hökmünün icra olunmasının tərəfdarıdır və bu anı onilliklərdir gözlədiyini bildirib.

Hazırda Paykın taleyi qeyri-müəyyən olaraq qalır. Son qərarı ABŞ Ali Məhkəməsi verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar