Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət”, “müharibə vaxtı” kimi anlayışları daxil edən qanunu imzalayıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Dövlət Duması qanunu sentyabrın 20-də, Federasiya Şurası isə sentyabrın 21-də təsdiqləyib.
Cinayət və Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklərə görə, səfərbərlik və hərbi vəziyyət zamanı bölməni 2 gündən 10 günədək icazəsiz tərk edənlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsi əsasən, 5 ilədək həbs ediləcək. Həmçinin icazəsiz tərk etmə müddəti 10 gündən 1 ayadək olarsa, 7, 1 aydan artıq olarsa, 10 ilədək azadlıqdan məhrum etmə cəzası veriləcək.
Könüllü təslim olanları 10 ilə qədər həbs, müharibə zamanı talançılıqla məşğul olanları isə 15 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, sentyabrın 21-də Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərliyin ehtiyatda olan və hərbi xidmət keçmiş vətəndaşlara aid olduğu bildirilir. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, bu Rusiyanın ümumi səfərbərlik resursunun təxminən 1 faizini əhatə edəcək və 300 min ehtiyatda olan hərbçi döyüş bölgəsinə göndəriləcək.