Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən “Rusiya Azadlığı” legionunun bölmələrindən birinin komandiri Rusiya hərbçilərinə silahları ilə Ukrayna tərəfinə keçməyə çağırış edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, videomüraciət Ukrayna Baş Kəşfiyyat İdarəsinin səhifəsində yer alıb.
“Fevralın 24-də mən və dəstəm Putinin əmri ilə müstəqil Ukrayna ərazisinə daxil olduq. Başa düşdüm ki, biz açıq-aydın bura yaxşı niyyətlə gəlməmişik, bizi burada gül-çiçəklə heç kim gözləmirdi, əksinə, bizi qovub faşist adlandırırdılar.
Hərbçi yoldaşlar, Putinin əmrinə əməl edərək ən böyük səhvi siz edirsiniz. Fevralın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin köməyi ilə mən və mənim dəstəm xalqı qorumaq üçün Ukrayna tərəfinə keçdik. Sizin hələ də vəhşilikləri dayandırmaq imkanınız var”, - rusiyalə hərbçi vurğulayıb.
O qeyd edib ki, artıq belaruslu və ukraynalı qardaşlarla birgə tapşırıqları yerinə yetirirlər: “Qardaşlar, sizi oyanmağa çağırıram: sıralarımıza qoşulun, “Rusiyanın Azadlığı” legionuna qoşulun”.