Qlobal istiləşmənin artan təsiri bütün dünyada xizək kurortlarını "ekzistensial təhlükə" ilə üz-üzə qoyur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT ekspertləri və Beynəlxalq Xizək Federasiyası (FIS) qış idman növləri ilə bağlı problemin ümumi həllini tapmaq üçün birləşməyə məcbur olublar.
Bildirilir ki, ötən mövsümdə 26 Dünya Kuboku yarışı pis hava şəraiti səbəbindən ləğv edilib. FIS indi həll yollarını tapmaq üçün Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ilə işləyir.
"Aydındır ki, iqlim böhranı FIS və ya idmandan daha böyükdür: bu, bəşəriyyət üçün əsl yol kəsişməsidir", - deyə FIS prezidenti Yohan Elias bildirib. O, həmçinin əlavə edib ki, hazırda vəziyyəti düzəltmək üçün hər cür səy göstərilir:
"Elmə və obyektiv təhlilə əsaslanaraq, mümkün olan hər cür səyi göstərməsək, təhlükədən qaça bilməyəcəyik. Biz bunun üçün çalışmalıyıq və WMO ilə bu perspektivli tərəfdaşlığın əsasını məhz bu təşkil edir".
Eyni zamanda, xizək kurortları ardıcıl olmayan qar yağışı və getdikcə isti qışla üzbəüz qalır. Bir çoxları yamaclarını açıq saxlamaq üçün süni qardan istifadə edirlər. Artan temperatur qar səviyyəsini azaldır, xizək mövsümlərini qısaldır və bəzi kurort yerlərinin yamaclarını saxlamaqda çətinlik çəkir.
"Dağ ekosistemləri və iqtisadiyyatlar üçün uzunmüddətli nəticələr ağır olacaq", - deyə ÜMT rəhbəri Celeste Saulo deyib.
Beynəlxalq Xizək Federasiyası qış idman növləri və xizək turizminin iqlim dəyişikliyinə görə “qaranlıq gələcək”lə üzləşdiyini bildirir. Məlumata görə, xüsusilə İsveçrə qlobal istiləşmənin ciddi nəticələri ilə artıq qarşılaşıb. Alp buzlaqları 1850-ci ildən bəri öz həcminin təxminən 60 faizini itirib.
Qarın düşə biləcəyi donma temperaturu son 50 ildə təqribən 250 metr artıb və iqlim dəyişikliyinin təsirini azaltma səylərini gücləndirməyincə 2060-cı ilə qədər daha 400-650 metr yüksələ bilər.
Bu arada, İsveçrənin milli meteoroloji xidməti MeteoSwiss bildirir ki, 800 metrdən aşağı hündürlüklərdə qar yağışı 1970-ci ildən bəri iki dəfə azalıb. Fransız və Avstriya alimlərinin 2023-cü ildə apardıqları araşdırmaya görə, Avropanın xizək kurortlarının yarısından çoxu kifayət qədər qar örtüyünün olmaması səbəbi ilə yüksək risk altındadır.