“Virus nə qədər çox yayılırsa, bir o qədər çox variant ortaya çıxır - "Delta" ştammından daha təhlükəlisi ola bilər. Belə davam edərsə, pandemiyanın əvvəlinə qayıda bilərik. ”
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilən 138-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vaxtında tədbirlər görə bilməyəcəyiksə, daha təhlükəli potensial ştammlarla üzləşəcəyik: “Dünyanın öhdəsindən gələ bilməyəcəyi bir sınaq qarşısındayıq. Burda çıxışım zamanı artıq COVID-19-dan yüz nəfər ölür. 8 avqustda Olimpiya alovu sönənə qədər dünyada yüz mindən çox insan koronavirusdan öləcək”.
Qebreyesus əminliklə vurğulayıb ki, dünyanın güclü iqtisadiyyata malik ölkələri peyvəndin digər imkansız ölkələrə paylanmasını təmin etsə, bərabər istehsalını stimullaşdırsalar, pandemiya nəzarət altına alına bilər.