İranda hicabı düzgün geyinmədiyinə görə, polis tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsə Əmininin həyatdan gedişi deyəsən “fars baharı”nın gəlməsinə səbəb olacaq. İran qadınları ayağa qalxıb, Məhsəyə həmrəylik əlaməti olaraq baş örtüklərini havaya atıblar.
Bu gün İran qadınları səslərini bütün dünyaya çatdırmaq üçün müxtəlif sosial şəbəkələrə üz tutur, kameralar önündə saçlarını kəsərək etirazlarını bildirirlər.
Maraqlıdır ki, qadınların üsyanının bayrağı da çox kreativ hazırlanıb. Saçlardan ibarət bayraq. Əsrlər boyu Şərq aləmində “uzun saçlının ağlı topuğunda olar” deyimi ilə qadınları əzməyə çalışan ideologiya indi saçlı bayrağın qarşısında düşünə-düşünə qalıb. Qadın böyük qüvvədir və bu gün o qadınlar nəyə qadir olduqlarını nümayiş etdirilər.
Qəribədir. 1979-cu ildə iranlılar şahı devirib fərqli rejim qurdular, “qadınların başına hicab” gətirdilər, indi XXI əsrdə, azad dünyada hicabdan bezənlər ayağa qalxıblar.
İranda tənbəki üsyanı olub, ərzaq üsyanı olub, su üsyanı olub, kürd üsyanı olub, amma heç zaman əlində öz saçını bayraq edən qadınların hicab üsyanı olmayıb.
Hadisələrin hansı axara düşəcəyi, kimlər tərəfindən nə şəkildə idarə edilib hansı şəklə dəşəcəyini demək siyasətçilərin işidir. Amma o məlumdur ki, qadın artıq əzilmək, öz əxlaqının hansı səviyyədə olduğu bilinməyən əxlaq polisi tərəfindən aşağılanmaq, döyülmək, öldürülmək istəmir. Allahın bəxş etdiyi azadlığı kimsə bəndənin əlindən alırsa iki son var, ya qul kimi yaşamaq, ya da üsyan edib azadlığına qovuşmaq. Bu qara saçlardan ibarət bayraq İran qadınlarının çadrasız nəfəs almaq istəyinin simvoludur.