Hökumət binaları kompleksinin 3-cü binasının girişində Müqavimət Hərəkatı tərəfdarları ilə polis arasında baş verən dava zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “Ermənistan” blokundan olan deputat Qeqam Manukyanı qollarından tutub sürüyüblər.
Lent.az-ın Ermənistan mediasına istinadla məlumatına görə, bundan əlavə, “qırmızı beretlilər” “Ermənistan” blokunun digər deputatı Aram Vardevanyana qarşı sərt güc tətbiq ediblər. Onlardan biri onu hətta arxadan boğub.
Dava zamanı gənc polislərdən biri huşunu itirib, daha bir neçə vətəndaş isə yüngül bədən xəsarətləri alıb.
Qeyd edək ki, Müqavimət Hərəkatı tərəfdarlarının yürüşü parlamentdəki iki müxalifət fraksiyasından olan deputatların içəri daxil olmaq istədiyi hökumət binaları kompleksinin 3-cü binasına çatıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları faktiki olaraq deputatların dövlət qurumlarına sərbəst daxil olmaq hüququnu pozublar.