“İnsan haqları” Qərb üçün klassik mənasını itirib, soyuq silah alətinə çevrilib
07 oktyabr 2024 11:43 (UTC +04:00)

“İnsan haqları” Qərb üçün klassik mənasını itirib, soyuq silah alətinə çevrilib

Beynəlxalq statuslu hüquq müdafiə təşkilatlarının Gürcüstana yönəlik bəyanatları intensivləşib. Təkcə jurnalist təşkilatları son bir ay ərzində 6 müxtəlif mövzu üzrə rəsmi Tbilisini qınayan açıqlama yayıblar. Digər təyinatlı təşkilatlar, o cümlədən “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch” da sinxron davranaraq, son bir ildə Gürcüstanı hədəf ölkə seçiblər ( https://www.hrw.org/world-report/2024/country-chapters/georgia ).

Onların səsləndirdikləri bəyanatların əksəriyyəti əsassızdır, arqumentlərlə tamamlanmayıb. Çox aydın şəkildə görünür ki, çevik və total hücumlar təşkil etməklə, qonşu dövləti qlobal ictimai rəyin hədəfinə çevirmək, hansısa güzəştlərə sövq etmək istəyirlər. Belə tələskənlik onların arqumental bazis yaratmaq imkanını əllərindən alır.

Effekt əldə etmək üçün yeni mexanizmlər də yaradıblar. Məsələn, Avropa Şurasının nəzdində fəaliyyət göstərən “Jurnalistlərin Təhlükəsizliyi Platformasını” idarə edən “Tərəfdaş təşkilatlar”dan ibarət olmaqla, əlahiddə koalisiya yaradıblar. “Gürcüstan üzrə xüsusi Faktaraşdırıcı missiya” adlandırılan bu koalisiya ilkin mərhələdə 8 beynəlxalq jurnalist təşkilatının adından formalaşdırılıb. Rəsmi məramnaməsində göstərilir ki, məqsədi “Gürcüstanda media və ifadə azadlığı üzrə öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat toplamaqdır”. Gerçəklik isə budur ki, Gürcüstanı “söz və ifadə azadlığını pozduğuna görə” ittiham edən hesabatlar hazırlamaq yönündə təlimatlandırılıblar.

Oktyabrın 3-də “Faktaraşdırıcı missiya” adından yayımlanmış hesabatdan belə görünür ki, koalisiya dərin araşdırma aparmayıb. Qarşısına çıxan istənilən faktı tərsinə şərh edərək, Gürcüstan hakimiyyətinin əleyhinə olan arqument kimi sənədləşdirib ( https://fom.coe.int/en/news/detail/107233748/Fact-finding-mission-to-Georgia-of-the-Partner-Organisations-of-the-Council-of-Europe%E2%80%99s-Safety-of-Journalists-Platform-and-members-of-the-Media-Freedom-Rapid-Response-%28MFRR%29- ). Məsələn, sentyabrın 15-də qeydə alınan fakt üzrə Gürcüstanı ona görə pisləyiblər ki, sürgündə olan Belarus jurnalisti Andrey Mialeşkanın Tbilisiyə gəlişinə mane olunub. Sentyabrın 17-də isə erməni “jurnalist” Arsen Xaratyanın Gürcüstana girişinə icazə verilməyib. Dövlət Sərhəd Xidməti insidenti hər iki şəxsin sənədlərində aşkarlanan uyğunsuzluqla izah edib. Missiya isə buna nəzər yetirmir. Faktı “jurnalist hüquqlarının pozulması” kimi fiksasiya edir.

“Faktaraşdırıcı missiya”nın bu iki nümunə üzrə araşdırılmalı olduğu xeyli nüans mövcuddur. Məsələn, əvvəlcə Arsen Xaratyanın jurnalist, yoxsa siyasətçi olması faktına diqqət yetirilməli idi. Çünki o, “Aliq Media”nın təsisçisi olmaqdan daha çox, Nikol Paşinyanın müşaviri kimi tanınır. Yəni, siyasi fiqurdur və adı KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi, sonradan zaminə buraxılması məsələsində ikibaşlı oyun qurmuş şəxs kimi hallanır. Bu məsələdə tutduğu anlaşmaz mövqeyə görə vəzifəsindən uzaqlaşdırılıb. Ermənistandan ayrılaraq Tbilisiyə üz tutub. Ermənistan mediasında bununla bağlı kifayət qədər məlumatlar mövcuddur ( https://arminfo.info/full_news.php?id=34256&lang=3 ). “Faktaraşdırıcı missiya”nın üzvləri bu məqamın üzərindən sükutla keçirlər. Hansı ki, özləri uzun illər ərzində dünyaya təlqin ediblər ki, “siyasətə bulaşanda, jurnalistika bitir”; “Təbliğatçı mövqe tutan subyekt KİV qurumu olmaq statusunu itirir, siyasi bülletenə çevrilir”. Amma AŞPA yanındakı “Faktaraşdırıcı missiya”nın tərkibinə daxil olan 8 beynəlxalq jurnalist təşkilatının heç biri Arsen Xaratyanın siyasi kimliyinə diqqət yetirmir. “Aliq Media”nın missiyasını nəzərə almır. Çünki, indiki halda onların hədəfi Ermənistan yox, Gürcüstandır. “Qərb siyasətinə boyun əymiş hökumət başçısı” rolunu ifa edən Paşinyan hökumətinin adının neqativ anlamda hallanacağı hər hansı bir məqamı qabartmaq onlar üçün yasaqdır. Gürcüstanın mövcud hakimiyyəti isə Qərbdən gələn təxribatlara müqavimət göstərir. Qarşılığı olaraq, yeni basqılara məruz qalır. Qərb siyasi çevrələrində verilmiş qərar budur ki, nə yolla olursa-olsun, rəsmi Tbilisi hədəfə gətirilib qınanılmalıdır. “Hüquq müdafiə təşkilatları” da bu direktivə uyğun hərəkət edirlər, insan haqlarının pozulması üzrə qondarma faktlar uyduraraq, Gürcüstanı pisləyirlər.

“Faktaraşdırıcı missiya” Gürcüstan parlamentinin sentyabr ayının 17-də qəbul etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibəti də eyni kontekstdən çıxış edir. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, Gürcüstan öz ərazisində ailə institutunu qorumağa yönəlmiş addımlar atırsa, Avropanı nə üçün bu qədər narahat olur?

Gürcüstan Avropa strukturlarına, o cümlədən, Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada “LGBT+” hərəkatını, yaxud, “Radikal feminizm”i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar. ATƏT-ə, AŞ-yə üzv olmaqda məqsəd ölkənin təhlükəsizliyinə təminat almaqdır, demokratik inkişaf yolunda dəstək qazanmaqdır. Bu gün ərazisi param-parça olmuş, ən azı 3 yerə parçalanmış Gürcüstanın suverenliyinin təmin edilməsi üçün ATƏT və AŞ hansı real addımları atıblar? Avropa instituları “LGBT+” icmasının hüquqlarını qorumaq üçün göstərdikləri entuziazmı, qətiyyəti Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsində nə üçün sərgiləmirlər?

Ərazi bütövlüyü, suverenliyi pozularkən ATƏT-dən, Avropa Şurasından real əməli dəstək görməyən Gürcüstanın indi də daxili sabitliyi pozulursa, cəmiyyətin dayağı olan ailə institutu yad təmayüllü cərəyanlar vasitəsilə çökdürülürsə, dövlət bu təhlükənin qarşısını almaq üçün addım atmalı deyilmi? Cəmiyyətin sabitliyini, sağlamlığını qorumaq yönündə addımlar atdığı üçün Gürcüstan sanksiyalara məruz qalmalıdırmı?

Yeri gəlmişkən, Avropa institutları bu cür qondarma mövzular üzrə Gürcüstana qarşı təkcə bəyanatlar verməklə kifayətlənmirlər. Həm də bu ölkəyə qarşı təsirli sanksiyaların tətbiq edilməsinə çalışırlar. Bu işi əvvəlcə “insan haqlarını müdafiə edən təşkilatlar” müstəvisində həyata keçirirlər. Daha sonra dövlətlərarası təşkilatların siyasətində əks etdirirlər. Məsələn, “Faktaraşdırıcı missiyanın” üzvlərindən biri olan “Sərhədsiz Repartyorlar” Təşkilatı Gürcüstanın “media azadlığı indeksi” üzrə reytinqini son bir il ərzində böyük ölçüdə-26 pillə- geri atıb. Onu 77-ci pillədən 103-cü pilləyə endirib ( https://rsf.org/en/country/georgia ). Hesabatın şərh bölümündə bu addım bir neçə səbəblə əlaqələndirilib. Arqumentlərdən biri budur ki, Gürcüstan 2023-cü ildə “Xarici agentlər haqqında qanun” layihəsini (Xarici təsirlərin şəffaflaşdırılması haqqında qanun) müzakirəyə çıxarıb.

RSF-nin bu iddiasının cəfəngiyat olduğu barədə çoxsaylı məqalələr yazıldığı üçün üzərindən keçirik. Qısaca olaraq vurğulayaq ki, eyni məzmunlu qanun ABŞ-də mövcuddur. Amma buna görə heç bir təşkilat ABŞ-yə irad bildirmir, onu qınaq hədəfinə çevirmir ( https://qafqazinfo.az/news/detail/xarici-agent-qanununa-paradoksal-yanasma-abs-ozu-bundan-imtina-ede-bilermi-434755 ). Paradoksal haldır ki, ABŞ və Avropa İttifaqı bu mövzuya görə Gürcüstana sanksiyalar tətbiq ediblər. “Xarici təsirin şəffaflığı haqqında” Qanunun 2024-cü ildə qəbul edildikdən sonra ABŞ rəsmi Tbilisiyə yardım məqsədilə nəzərdə tutulmuş 95 milyon dollarlıq paketi ləğv edib (https://qafqazinfo.az/news/detail/abs-gurcustana-95-milyon-dollarliq-yardim-proqramini-dayandirdi-443304 ). Avropa İttifaqı da eyni cür davranaraq, 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan ayırdığı vəsaiti dondurub.

Qərb dövlətlərinin fəaliyyətində müşahidə edilən paradoksal davranışlar təkcə ABŞ-nin özündə olan qanunu Gürcüstanda görüb qıcıqlanması ilə bitmir. Paradoksallıq həm də Qərbdə mənzillənmiş “insan haqları müdafiəçilərinin”, “beynəlxalq statuslu jurnalist təşkilatları”nın əməllərindədir. Son bir il müddətində Gürcüstana qarşı sərgilənən münasibət onu sübut edir ki, bu təşkilatların “müstəqilliyi”, “prinsipiallığı” barədə deyilənlər sadəcə fiksiyadır. “İnsan haqları”, “hüquq müdafiəçiliyi”, “söz və ifadə azadlığı”, “vətəndaş cəmiyyəti institutları” anlayışları Qərbdə özünün klassik mənasını itirib. Adı çəkilən məfhumlar ABŞ və Qərbi Avropa dövlətlərinin əlində soyuq silah alətinə çevrilib. Bu gün “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch”, “Sərhədsiz Repartyorlar” Təşkilatının Gürcüstana qarşı münasibəti ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının siyasi qərarları ilə sinxronluq təşkil edirsə, hansı “müstəqillik”dən, “hüquq müdafiəçili”yindən danışmaq olar? Gürcüstan nümunəsi təsdiq edir ki, bu təşkilatlar Qərb siyasi çevrələrinin qərarlarının icraçısına çevriliblər. Tezis alıb, sifariş icra edirlər. Qərbin cızdığı siyasi çevrədən kənara çıxan, ABŞ-nin siyasi ambisiyalarına boyun əyməyən dövlətləri hədəfə gətirib, ictimai qınaq obyektinə çevirirlər. ABŞ-nin, Avropa İttifaqı Şurasının hədəf dövlətlərə qarşı sanksiyalar tətbiq etmələri üçün zəmin hazırlayırlar.

Müqayisə üçün qeyd edək ki, media fəaliyyətini, söz və ifadə azadlığını kəskin şəkildə məhdudlaşdıran 2 fərqli qanun son illərdə Fransada da qəbul edilib. “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı Qanun” 2018-ci ilin dekabr ayında qəbul edilib ( https://www.legifrance.gouv.fr/jorf/id/JORFTEXT000037847559/ ). 2019-cu ildə isə “Qlobal təhlükəsizlik” qanununun layihəsi müzakirəyə çıxarılıb. Hər iki qanun ciddi etirazlara səbəb olub. Analitik mərkəzlər iddia edirdilər ki, “İnformasiyanın manipulyasiyasına qarşı mübarizə qanunu” Fransada mətbuata qarşı senzuraya yol açır. “Evroneus” yazır ki, Fransa parlamenti hakimlərə seçki kampaniyaları zamanı “saxta xəbərləri” dərhal silmək üçün səlahiyyət verməklə, ifadə azadlığını pozur, tənqidi səsləri susdurmağa şərait yaradır. Çünki, ani məqamda “saxta xəbərlə” “tənqidi fikri” fərqləndirmək, hansı xəbərin dezinformasiya, hansının tənqid olduğunu müəyyənləşdirmək çətindir: “Bu yanaşma imkan verir ki, dezinformasiya adı altında həm də Fransa prezidentinə qarşı yönələn tənqidi fikirlər dövriyyədən çıxarılsın” ( https://www.euronews.com/2018/11/22/france-passes-controversial-fake-news-law ).

Yazdılar, tənqid etdilər. Amma bu iki qanunun heç birinə görə Fransanın adı “Sərhədsiz Repartyorlar”ın media azadlığı indeksi”ndə geri pilləyə çəkilməyib. Əksinə, 2017-ci ildə Fransanın adı “media azadlığı indeksi”ndə 39-cu yerdə olub, 2018-ci ildə isə 33-cü pilləyə irəli çəkilib ( https://rsf.org/en/index?year=2018 ). Bu gün isə 21-ci yerdədir https://rsf.org/en/country/france ). Yəni, Fransa neqativ yüklü qanun qəbul etdiyinə görə mükafatlandırılıb. Hansı məntiqlə, eyni əmələ görə Fransa mükafatlandırılıb, adı “media azadlığı indeksi”ndə 18 pillə önə çəkilib, Gürcüstan isə cəzalandırılıb, adı “media azadlığı indeksi”ndə 26 pillə geri atılıb? Budur Avropanın və Avropada məskunlaşan hüquq müdafiə təşkilatlarının insan haqlarına, söz və ifadə azadlığına münasibəti.

Sirr deyil ki, Qərbdə mənzillənən “insan haqları təşkilatları”nın indiki halda Gürcüstanı hədəf seçmələrinin səbəbi ölkədə insan haqları pozuntusu ilə bağlı deyil. İndiki təşviş oktyabr ayının 26-da keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Qərbin boyunduruğunda sürünən siyasi qrupların bu seçkilərdə qələbəsini təşkil etmək üçün suyu bulandırırlar. Sanksiyalar tətbiq etmək, təzyiqlər göstərmək, ictimai rəyi çaşdırmaqla üstünlüyü ələ almağa çalışırlar. Gürcüstanda hədəfə çatmaq üçün ABŞ Dövlət Departamenti hansı planı qurursa, “insan haqlarını müdafiə təşkilatları” da onu icra edirlər. “İnsan haqları”, “söz və ifadə azadlığı” mövzusunu öz məqsədləri naminə manipulyasiya edirlər. Gürcüstana yönəlik indiki qara piar kampaniyası bu siyasətin bir elementidir.

Belə riyakarlıq təkcə Gürcüstana qarşı münasibətdə deyil, Azərbaycana yönəlik siyasətdə də özünü büruzə verir. Bunu görmək üçün uzaq tarixə boylanmağa lüzum yoxdur. Son bir ay ərzində baş verənlər kifayət qədər nümunə yaradır. 27 sentyabr-04 oktyabr 2024 tarixdə Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçirilən zaman, Azərbaycanın özünün iştirakı təmin edilmədən, “Azərbaycanda insan haqları üzrə “ dinləmələr keçirildi. Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoferson uzun danışdı, şablon mövzulara toxundu, mətləbini sonucda ifadə etdi. O, Bakıda həbsdə olan “Qarabağ liderlərinin” işgəncəyə məruz qaldığını, həmçinin, “Qarabağda ermənilərə qarşı etnik təmizləmə tətbiq edildiyini” dilə gətirdi. Xanım Kristofferrsenin iddiaları o qədər absurddur ki, şərh verməyə lüzum qalmır. Amma o, hansısa məntiqlə “dəstək qazanır”.

58 nəfər qanunverici oktyabrın 3-də ABŞ-nin Dövlət Katibi Antoni Blinkenə məktub yazaraq, COP29 sammiti ərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiq göstərməyə çağırdılar. 10 senator, 48 konqresmen istəyirlər ki, Blinken “Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmaq üçün məqsədli tədbirlər görsün”. Onlar da Bakıda saxlanılan “separatçı liderlərin” azadlığını istəyirlər. Bu iddialarını gizlətmirlər, açıq etiraf edirlər. Blinkenə müraciətlərində həm də onu yazırlar ki, “ Azərbaycanın Ermənistana qarşı basqılarını durdursun”.

Avropa və ABŞ qanunvericiləri “Qarabağ liderləri”nin “haqlarını” insan hüquqları kontekstində təqdim edirlər. Bəs 30 il müddətində yurd-yuvasından didərgin salınmış 1 milyonluq qaçqının, Qarabağ müharibələrinin gedişində həyatını itirmiş minlərlə Şəhidin, girov götürülmüş, aqibəti bu gün də bəlli olmayan 5 min nəfərə yaxın Azərbaycan vətəndaşının, müharibə travması almış 90 min nəfərdən artıq insanın haqlarını nə vaxt insan hüquqları kontekstində dəyərləndirəcəklər?

Təbii ki, heç zaman. Onlara insan haqlarının təmin edilməsi lazım deyil. Cənubi Qafqazda siyasi maraqları var. Həmin maraqların təmin edilməsi üçün çalışanları hüquqlarını qoruyurlar.

Müşfiq Ələsgərli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar