Dünyanın bu günü - 20.01.2021
20 yanvar 2021 09:32 (UTC +04:00)

Dünyanın bu günü - 20.01.2021

20 YANVAR FACİƏSİ

(1990)

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin ildönümüdür. Bununla bağlı ölkədə Ümumxalq Hüzn günü elan olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edilib. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Hər il yanvarın 20-də ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilir, saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir. Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

TEYMUR BÜNYADOV

(1928)

Azərbaycanın əməkdar elm xadimi, akademik, tarix elmləri doktoru, professor, I çağırış Milli Məclisin deputatı Teymur Əmiraslan oğlu Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində dünyaya göz açıb. Orta məktəbi qızıl medalla bitirib, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Daha sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub, məşhur Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Milli Məclis yanında Toponimika Komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Elmi-Dini Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə Dissertasiya Şurasının sədri, bir sıra jurnalların redaksiya heyətinin üzvüdür. Teymur Bünyadov 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

CƏNNƏT SƏLİMOVA

(1940)

Azərbaycanın xalq artisti, görkəmli teatr rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin professoru Cənnət Əlibəy qızı Səlimova 20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya, 1962-1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun dram rejissoru fakültələrində təhsil alıb. Əvvəllər Səməd Vurğun adına Rus Dram Teatrında və Musiqili Komediya Teatrında rejissor kimi fəaliyyət göstərib. Azərbaycanda Kamera Teatrının yaradıcısıdır. 2001-ci ildən Prezident təqaüdçüsüdür. 2009-cu il aprelin 8-dən 2012-ci il sentyabrın 1-dək Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru olub. Cənnət Səlimova "Şöhrət", "Şərəf Nişanı" və “Şərəf” ordenləri ilə təltif olunub. O, Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşı, dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır.

TAHİR ƏKBƏR

(1946-2018)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Tahir İsmayıl oğlu Əkbər 1946-cı ilin bu günü Bakıda anadan olub. 1960-1965-ci illərdə musiqi məktəbinin fortepiano şöbəsində təhsil alıb. 1970-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan peşəkar musiqisində yeni janrlar hesab olunur. Tahir Əkbər 2 mart 2018-ci ildə Bakıda vəfat edib.

SƏYAVUŞ HƏSƏNOV

(1964-1992)

Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsən oğlu Həsənov 1964-cü il yanvarın 20-də Şərur rayonunun Yengicə kəndində anadan olub. Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirib. Daha sonra hərbi xidmətə çağırılıb və Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedib. 1990-cı il 20 Yanvar hadisələrini eşidən kimi Bakıya qayıdaraq xalq hərəkatına qoşulub. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olub. Goranboy, Şuşa və Gədəbəydə döyüşüb. 1992-ci ildə Tərtər rayonunun Qırmızıkənd kəndi uğrunda döyüşdə qumbaraatanla erməni tankını vurub və düşmən gülləsindən həlak olub. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 21 iyul 1992-ci il tarixli fərmanı ilə Səyavuş Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

FƏXRƏDDİN BƏŞİROV

(1966-1992)

Şəhid Fəxrəddin Çərkəz oğlu Bəşirov 20 yanvar 1966-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1983-cü ildə burada orta məktəbi, 1988-ci ildə Mingəçevir Politexnik Texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib və Neptun zavodunda işə düzəlib. 1989-cu ildə Stavropol Politexnik İnstitutuna daxil olub, bir il sonra Bakıya qayıdıb və Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayıb. 10 avqust 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb. Döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib. Fəxrəddin Bəşirov 1992-ci il avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə həlak olub və Quzanlı qəbiristanlığında dəfn olunub.

FİRUDİN HƏSƏNOV

(1969-1994)

Şəhid Firudin Əli oğlu Həsənov 1969-cu ilin bu günü Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Qazax Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. 3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub və doğulduğu kənddə dəfn edilib.

NATİQ ƏLİYEV

(1971-1994)

Şəhid Natiq Sevindik oğlu Əliyev 20 yanvar 1971-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Rusiyanın Amur vilayətində sovet ordusunda hərbi xidmət keçib. 1992-ci ildə Naxçıvanik, Xramord, Aranzəmin, Pircamal, Ağbulaq kəndlərində, 1993-cü ildə Daşbaşı yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Göstərdiyi igidliyə görə taqım komandiri seçilib, 1993-cü ilin mart ayında Ağdərə RPŞ-də işə qəbul olunub. Bir sıra kəndlərin erməni quldurlarından təmizlənməsində qəhrəmanlıq göstərib. 1994-cü il mayın 6-da Ağdərənin Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Natiq Əliyev 30 iyun 2004-cü ildə "İgidliyə görə" medalı ilə təltif edilib.

ANAR ŞÜKÜROV

(1977-2020)

Şəhid Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

VÜQAR SÜLEYMANOV

(1993-2016)

Şəhid Vüqar Natiq oğlu Süleymanov 20 yanvar 1993-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 2015-ci ildə Bakı Slavyan Universitetini bitirib. 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Əsgər Vüqar Süleymanov ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

ORXAN NƏBİYEV

(1995-2020)

Şəhid Orxan Rza oğlu Nəbiyev 1995-ci il yanvarın 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. Kənd orta məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" fakültəsində təhsil alıb. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub, daha sonra orduda qalmaq qərarı verib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Azərbaycan Ordusunun leytenantı Orxan Nəbiyev oktyabrın 14-də Suqovuşanda şəhid olub və Şamaxı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

EŞQİN HÜSEYNOV

(1998-2020)

Şəhid Eşqin Cəsarət oğlu Hüseynov 1998-ci ilin bu günü Tərtər rayonunun Hüsənli kəndində anadan olub. 2004-2015-ci illərində kənd orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə iki ay kurs keçdikdən sonra N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində topçu kimi iştirak edib. Eşqin Hüseynov sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

DMİTRİ MENDELEYEV

(1834-1907)

Məşhur rus alimi, kimyaçı, fizik, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı Dmitri İvanoviç Mendeleyevin anım günüdür. O, 1834-cü il yanvarın 27-də Tobolskda anadan olub. Orta məktəbi bitirdikdən sonra Sankt-Peterburq Universitetində təhsilini davam etdirib. Kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, metrologiya, kənd təsərrüfatı, iqtisadiyyat, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir. "Kimyanın əsasları"nı yazıb. Dmitri Mendeleyev 1907-ci il yanvarın 20-də Sankt-Peterburqda vəfat edib.

GÜLCAHAN GÜLƏHMƏDOVA-MARTINOVA

(1925-2018)

Azərbaycanın xalq artisti, ilk peşəkar qadın teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınovanın xatirə günüdür. O, 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olub. Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Müxtəlif illərdə Rus Dram Teatrında və Opera Studiyasında işləyib, Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri və professoru olub. 30 il ərzində teatrda 70-ə yaxın tamaşanın quruluşçu rejissoru olub. Azərbaycanın Dövlət Mükafatı laureatı olan Gülcahan Güləhmədova-Martınova 2018-ci ilin yanvarın 20-də Bakıda vəfat edib.

ELDAR ƏZİMZADƏ

(1934-2003)

Azərbaycan-sovet futbol hakimi, FİFA arbitri Eldar Muxtar oğlu Əzimzadə də bu gün xatırlanır. O, 1934-cü il mayın 25-də Şuşada anadan olub. Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb, daha sonra burada qalaraq futbol üzrə müəllim, Bakı Bədən Tərbiyəsi Texnikumunda direktor müavini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində futbol şöbəsinin, Bakı Rabitə Texnikumunda bədən tərbiyəsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 23 yaşından hakimlik fəaliyyətinə başlayıb. 1974-cü ildə SSRİ-də “10 ən güclü hakim” siyahısına daxil edilib, 5 ildən sonra isə ölkənin bir nömrəli hakimi hesab olunub və daha iki dəfə bu adı qazanıb. SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb. “Məhəbbətim mənim - futbol” adlı kitabın müəllifi olan Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də Bakı şəhərində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027
avatar

Oxşar yazılar