Avropa İttifaqı (Aİ) ölkələri və Aİ üzvü olmayan Şengen ölkələri Çində yeni növ koronavirus (Covid-19) yoluxmalarının artması ilə əlaqədar koordinasiyalı tədbirlər həyata keçirmək barədə razılığa gəliblər.
Aİ ölkələri, Aİ-nin müvafiq qurumları və Şengen üzvü ölkələrin böhrana nəzarətindən məsul olan səlahiyyətliləri Çində yoluxma hallarının artması qarşısında nə ediləcəyini müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.
İclasın sonunda İsveçin sədrlik etdiyi Aİ Şurasından verilən açıqlamaya görə, Çinə gedən və Çindən gələn bütün sərnişinlərin tibbi maska taxmasının tövsiyyə edilməsi qərara alınıb.
İclasda qəbul edilən qərarlarda sərnişinlərin "Covid-19" testindən keçməsi birbaşa məcburi deyil.
Ancaq, Aİ ölkələrinin də Çindən yola düşən bütün sərnişinlərdən uçuşdan 48 saat əvvəl mənfi test tələb etmələri üçün "güclü şəkildə təşviq ediləcəyi" bildirilib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Aİ üzvləri, həmçinin Çindən uçan təyyarələrin tullantı sularının təhlili və sərnişinlərdən təsadüfi nümunələr götürərək epidemioloji vəziyyəti izləmək üçün genom ardıcıllığını araşdırmaq barədə razılığa gəliblər.
Aİ ölkələri bu ayın ortalarında vəziyyəti yenidən qiymətləndirəcək.
Qeyd edək ki, Çin keçən ayın əvvəlində "Covid-19" məhdudiyyətlərini yumşaldıb. Daha sonra isə, ölkədə artan yoluxma hallarından və kütləvi yayılmadan narahat olan bir çox ölkə Çindən gələn səyahətçilər üçün tədbirlər görəcəklərini açıqlayıb.