Rusiyanın Əmək Nazirliyi Atalar Gününün təsis olunması ilə bağlı layihəni ictimai müzakirəyə təqdim edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Əmək Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müvafiq layihə Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə məsul şəxs Anna Kuznetsovada tərəfindən nazirliyə təqdim edilib: “Atalar Günü ilə bağlı layihə nazirlik tərəfindən dəstəklənərək ictimai müzakirəyə təqdim olunub. Layihəyə əsasən bayramın oktyabr ayının üçüncü bazar günü keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, bir neçə il əvvəl bir qrup sosial fəal atalığın ictimai əhəmiyyətini artırmaq məqsədilə Rusiyada oktyabr ayının son bazar günü Ata Gününün keçirilməsini təklif etmişdi. Kuznetsova gənclərin bu təşəbbüsü dəstəkləyib.
O, fikrini belə əsaslandırıb: “Rusiyada Analar Günü, Ailə Günü, Uşaq Günü qeyd edilir, bir sıra ölkələrdə beynəlxalq Atalar Gününün keçirilməsi təcrübəsi var. Bu səbəbdən Rusiyada da bu bayramın təsis edilməsi yaxşı olardı”.