Aprelin 7-də koronavirusdan ən çox ölüm qeydə alınıb
Lent.az xarici mediaya istinadən bildirir ki, son sutkada COVID-19-dan 7312 nəfər dünyasını dəyişib. Bununla da ölüm sayı ümumilikdə 82 min 118 nəfərə çatıb. Dünya ötən gün virusa yoluxma sayında da görünməmiş nəticə ilə qarşılaşıb. Bir gündə 83 min insanın koronavirus müayinəsi pozitiv çıxıb. Beləliklə, dünya üzrə yoluxma sayı 1 milyon 430 minə yüksəlib.
Ölkələrə gəldikdə, İtaliyada gün ərzində ölüm sayı 604 olmaqla, indiyə qədər görünən aşağı nəticə qeydə alınıb. İspaniyada isə bu göstərici 743 olaraq, əvvəlki günlərə nisbətən artıb. ABŞ-da da ölüm sayı artaraq, 12 min 854-ə çatıb.
Yoluxmaların sayı isə ötən günə olan statistikaya əsasən, ABŞ-da 368 min 376, İspaniyada 140 min 510, İtaliyada 135 min 586 nəfərdir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan mətbuat konfransında İngiltərənin baş naziri Boris Consonun müalicəsi üçün həkim göndərdiyini açıqlayıb.