“İsrailə ölüm!” şüarı adi insanlar üçün uydurulub?
07 may 2011 20:03 (UTC +04:00)

“İsrailə ölüm!” şüarı adi insanlar üçün uydurulub?

Düzdür, bu qüvvələr dünya ictimaiyyəti üçün təhlükəli sayılır. Amma bununla belə onlardan birini o birindən fərqləndirməyə çalışanlar da tapılır.


«MIGnews»-un məlumatına əsasən, İsrailin baş naziri Binyamin Netaniyahu CNN-ə deyib ki, İranın ali rəhbəri ayətullah Xamneyi bu ölkənin prezidenti Mahmud Əhmədinejaddan daha təhlükəlidir: «O, ölkəsini fanatikliklə idarə edir. İran rejimi atom bombası əldə etsə, o zaman tarixin gedişatında dəyişiklik olacaq. Hazırda yalnız Yaxın Şərqin deyil, dünyanın gələcəyi, taleyi həllə olunur».


O, Tehran hakimiyyətinə qarşı sanksiyaları sərtləşdirməyə çağırıb: «Ən təhlükəli hal hərbi mahiyyətli İran rejiminin nüvə silahı əldə etməsi, yaxud islam adlı istənilən ekstremist qrupların belə bir silahı ələdə edə bilməsidir».


Görünür, İsrail hökuməti daxilində İran hakimiyyətinə münasibət az da olsa, fərqlidir. İsrailin baş naziri Ehud Barak ölkəsində çıxan «Haarets» qəzetinə müsahibəsində müxbirin «İran İsrailə nüvə bombası atacaq?» sualına cavabında bunları söyləyib: «Fikrimcə, nə bizim, nə də qonşularımızın çaxnaşmaya düşməyimizə əsas var. Məsələn, tutaq ki, Pakistan dağıldı və bir neçə bomba İranın əlinə düşdü. Nə edəcəksiniz? Ölkəyə girişi bağlayacaqsınız? Bu doğru davranış deyil. Biz Yaxın Şərqdə hələ də ən güclü dövlətik».


Bununla belə Barak İranın «ayətullahlarının ağlına gələcək fikrə də ehtiyatla» yanaşdığını bildirib: «Məncə, ayətullahlara da bu məsələdə güvənmək olmaz. Çünki nüvə bombası əldə edəcəkləri halda onların atacağı addımı proqnozlaşdırmaq mümkün deyil. Onlar nə Pentaqon, nə də Siyasi Bürodur (keçmiş Sovet İttifaqı Mərkəzi Komitəsi Siyasi Bürosunun nəzərdə tutur-S.S.). Nə qədər ki onların ağılları başındadır, işlər qaydasında gedəcək. Kim deyir ki, onlar Tehrandakı bunkerdə oturub, rejimin ömrünü başa vurmasını gözləyəcəklər?»


E.Barakın fikrincə, «ərəb dövlətlərinə gələn yaz» yalnız bu dövlətlərdəki despotları deyil, İran rejimini də «süpürəcək»: «Biz İran da daxil olmaqla Yaxın Şərq dövlətlərindəki tiranların dövrünün başa çatmasını görürük».


Görünür, İsrailin baş nazirinin Əhmədinejada rəğbəti təsadüfi deyil. Çünki İran prezidenti faşist Almaniyasının yəhudi soyqımırını «əfsanə» adlandırıb, habelə «İsraili dünyanın siyasi xəritəsindən silməyə» çağırıb. Bu baxımdan onda rəğbəti oyadanın İsfəndiyar Rəhim-Məşainin olduğunu ehtimal etmək olar. Ötən həftə prezident Aparatının başçısı vəzifəsindən azad edilmiş və həbs olunmuş Əhmədinejadın qohumu R.Məşai çıxışlarından birində «İran bütün millətlərin, o cümlədən İsrailin dostudur» demişdi. Bundan başqa, İ.Məşai israilyönlü çıxışlarına görə dəfələrlə parlament üzvləri tərəfindən qınanıb.


O, panfarsçılığı təbliğ edənlərdən də olub. R.Məşai xarici ölkələrin birində iranlılarla görüşdə deyib: «İslam mövzusunda müxtəlif anlayışlar var. Amma İslamın və İranın həqiqəti İran təlimidir. O halda biz bundan sonra dünyaya İran təlimini tanıtmalıyıq».


«İran təlimi» anlayışı altında müşavir İsfəndiyar Rəhim-Məşai əslində «İran mərkəzli fars düşüncə sistemini» nəzərdə tuturdu. O, bunu «yeni ideya» adlandıraraq, təbliğatının vacib olduğunu vurğulayır. Aparat rəhbəri təbliğat zamanı fars şovinisti Firdovsinin uydurma qəhrəmanlarının adlarını çəkərək, «bu gün iranlıların hamısı «Arəş», «Rüstəm», «İsfəndiyardırlar» demişdi.


Hakimiyyət təmsilçiləri arasında buna mənfi münasibət bildirənlər də olmuşdu.

İran parlamentinin Mütəhhərri soyadlı üzvü də Məşainin «biz Rüstəmin, Areşin uşaqlarıyıq»- fikrinə münasibət bildirərək, demişdi : «Görəsən, bundan sonra İslamın yerinə, İrandanmı danışacağıq? İnqilabımızın ideoloji və İslami mahiyyəti, irqçi bir mahiyyətəmi çevriləcək? Şəhidlərin ağası Həmzənin, İmam Əlinin (ə), Hüseyn ibn - Əlinin (ə), Malik Əştərin, Əmmar Yasirin, Əbülfəzl Abbasın, Salmanın, Əbuzərin, Miqdadın yerinə bundan sonra «Rüstəm», «Siyavuş», «İsfəndiyar» və «Areş»mi bizim modelimiz olacaq?"


İran ordusu qərargahının rəisi, general Seyid Həsən Firuzabadi isə prezident müşavirinin söylədiyini «azğınlıq» adlandırmışdı: «Bu cür açıqlamalar milli təhlükəsizliyə, o cümlədən müqəddəs İslam Respublikası ilə yanaşı, islam inqilabına həmlədir».


Məşai qərargah rəisinin dediklərinə belə münasibət demişdi: «Mənə qarşı irəli sürdüyü ittihama görə məhkəməyə müraciət etmək hüququm var. İctimaiyyəti düzgün məlumatlandırmaq üçün bu addımım atacağam. Bu işdə Allahımın yardımı mənə yetərlidir».


Qeyd edək ki, İran prezidenti M.Əhmədinejad baş verən hadisədə müşavir qohumunu müdafiə etmişdi : «O, çox aydın danışıb. Əsil Məhəmməd İslamının İran olduğu bir həqiqətdir və islam tarixində və mədəniyyətində danılmaz rola malikdir. Bu ifadələrin isə milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu böyük nemətə görə, Allaha şükür etməyin bir ifadəsidir».


Parlamentlə prezident arasında bu və ya başqa məsələ ilə bağlı narazılıqlar olub. 2009-cu ilin prezident seçkisindən sonra yenidən bu postu yiyələnən Əhmədinejad qohumunu özünə müavin təyin etmək istədi. Ancaq o zaman məclis üzvləri İ.Məşaini bu vəzifəyə layiq bilmədi. Odur ki, Əhmədinejad onu aparatına rəhbər təyin etdi.

M.Əhmədinejada rəğbəti həm də onun ətrafında İsraillə xoş münasibət qurmaq istəyənlərin az olmaması ilə əlaqələndirmək olar.


2008-ci ildə Nyu-Yorka səfəri zamanı ABŞ-dakı yəhudi icması İslam Respublikasında yaşayan soydaşlarına yaxşı münasibətə görə İran prezidenti M.Əhmədinejada «dostluq nişanəsi» olaraq, 70 dollarlıq gümüş kubok bağışlamışdılar.

Ravvin İsrael Vays da həmin törənə qatılmış və çıxış etmişdi: «Biz İran prezidentinə yəhudilərə göstərilən xoş münasibətə görə təşəkkür etdik. Biz bilirik ki, o, yəhudi xalqının düşməni deyil. İranda yaşayan yəhudi icmasına yaxşı münasibət buna sübutdur».

İki il öncə, Tehran meriyası şübhəli şəkildə ölkəyə gətirilib satışa çıxarılan İsrail portağallarının bazarlardan yığışdırılması barədə açıqlama yaymışdı.
Onda paytaxtın meyvə-tərəvəz bazarları təşkilatının baş direktoru Səfai jurnalistlərə açıqlamasında portağalları Çin istehsalı adıyla naməlum şəxslərin gətirdiyini demişdi.

Səfai meriya əməkdaşlarının meyvə-tərəvəz bazarlarında satışa buraxılan portağalları tez bir zamanda yığışdırdığını, malı kimlərin və necə gətirməsi barədə araşdırmaya başlandığını vurğulamışdı. Ancaq bu araşdırmadan indiyə kimi xəbər yoxdur.
Elə həmin il İsrailin Atom Enerjisi nümayəndəsinin İran rəsmiləri ilə nüvə məsələlərini müzakirə etdiyi haqda məlumat yayılmışdı.
Onda BBC İsraildən xəbərə verərək, bildirmişdi ki, bu təmaslar 2 tərəfli danışıqlar çərçivəsində deyil, Nüvə Tərksilahı və Kütləvi Qırğın Silahının Yayılmaması mövzusunda keçirilən geniş tərkibli Beynəlxalq Forumda baş verib.
Tədbirdə İsrail Atom Enerjisi Komissiyasının rəhbəri və İranın beynəlxalq Atom Enerjisi Agentliyindəki təmsilçisi də iştirak etmişdi.
Məlumat da oda bildirilirdi ki, İsrail rəsmilərinə yeni detallar açıqlanmayana qədər, sövdələşmə haqqında danışmamaq tapşırığı verilib.
Nəzər almaq lazımdır ki, bu xəbərlərdən birincisi İranda prezident seçkisindən iki ay öncə, o biri isə seçkidən 3 ay sonraya aiddir.
Elə İranın keçmiş prezidenti, hazırda mövcud rejimə müxalif kimi təqdim olunan Haşimi-Rəfsənsanin də püstə bağlarının məhsullarının İsraildə satıldığı barədə məlumatlar yayılırdı.
Bu sayaq münasibətlərə əsasən, belə bir ehtimal irəli sürmək olar – hakimiyyətlər biri-biri ilə alver edib, danışar bilər, yasaqlar və «İsrailə ölüm!» şüarı adi insanlar üçün uydurulub…
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar