Qanı ölməyə qoymayan insanın gözündəki son işartı - HƏYAT HEKAYƏTİ
10 yanvar 2011 14:05 (UTC +04:00)

Qanı ölməyə qoymayan insanın gözündəki son işartı - HƏYAT HEKAYƏTİ

O, bioloji aktiv maddələrin strukturunu Rentgen şüalarının köməkliyi ilə,
özünün Tarixdəki yerini isə ziyasının şüası ilə müəyyən edib…

O, Kembric, Harvard, Brounov, Lids, Mançester, Susseksa, Qanq, Çikaqo və bir çox digər universitetlərin fəxri elmi dərəcələrinə layiq görülüb.

O, London Kral Cəmiyyətinin üzvü olub (1947), 1957-ci ildə Kral medalı ilə, 1976-cı ildə isə üzvü olduğu Kral Cəmiyyətinin Kopli medalı ilə təltif edilib.

O, 1964-cü ildə kimya üzrə Nobel ödülünə layiq görülüb.

O, “Xidmətlərinə görə” ordeni ilə təltif olunmuş (1965) ikinci ingilis qadınıdır!

O, Amerika Birləşmiş Ştatları, keçmiş Sovet İttifaqı və keçmiş Yuqoslaviya, habelə Niderland, Qana, Puerto-Riko və Avstraliya Elmlər Akademiyalarının əcnəbi üzvü olub.

O, Beynəlxalq Kristalloqrafiya Şurasının maliyyələşdirilməsini təmin edib və 1972-ci ildən 1975-ci ilədək onun prezidenti olub.

O, 1996-cı ilin avqustunda buraxılan bir sıra Britaniya markaları üçün seçilən “Nailiyyətli qadınlar”dan (onlar cəmi beş nəfərdi) biri idi!

Bu böyük QADIN, ŞƏXSİYYƏT, ALİM dünyada milyonlarla insanın öz sağlamlığına qovuşması üçün misilsiz kəşfləri ilə adını TARİXƏ yazmış ünlü kimyaçı və biokimyaçı Doroti Meri Kroufut-Hodgkindir! (Dorothy Mary Crowfoot Hodgkin)

Onu, ilk dəfə Tibb Universitetində oxuduğum zaman tanımış, daha doğrusu, onun haqqında ilk dəfə universitet illərində oxumuş, bilgi əldə etmişdim. Bu böyük alimin öz misilsiz və möhtəşəm kəşfləri ilə tibb elminə, tibb tarixinə böyük xidmətlər göstərdiyini, inqilabi yeniliklərin müəllifi olduğunu sevə-sevə oxuyur, onun timsalında illər öncə baş vermiş QADIN UĞURLARIna görə duyğulu anlar yaşayırdım. Oxuyurdum və görürdüm ki, milyonlarla insan öz sağlamlığına qovuşmasına, öz həyatını və sağlamlığını itirməməsinə görə məhz ona, onun kəşflərinə borcludur.

Elə məhz o illərdən də Doroti Kroufuta böyük heyranlığım vardı. Bu ağıllı, savadlı, zəhmətkeş, bütün çətinliklərə, əziyyətlərə baxmayaraq tutduğu yoldan, özü üçün müəyyənləşdirdiyi prinsiplərindən dönməyən və elmdə böyük kəşflərin əsasını qoymuş QADINa heyran olmamaq, sadəcə, mümkün deyil(di)! Amma açığını desəm, onun haqqında nə vaxtsa yazacağımı heç ağlıma belə gətirmirdim. Bu gün isə qismət olub, onun haqqında böyük məmnuniyyətlə yazıram. Doroti Meri Kroufut-Hodgkin – «ADINI TARİXƏ YAZMIŞ QADINLAR»dan biri, eyni adlı silsilədən növbəti qəhrəmanım olaraq!

Qahirə, Xartum və Qudsdə keçən uşaqlıq illəri…

İngilis kimyaçısı Doroti Meri Kroufut-Hodgkin 1910-cu il may ayının 12-də, o vaxtlar Böyük Britaniya Krallığına tabe olan Misirin paytaxtı Qahirə şəhərində anadan olub. Atası Con Uinter Kroufut klassik ingilis filologiyasının ünlü mütəxəssislərindən sayılırdı. Onu həm də Misirin təhsil xidmətinin «arxeoloqu» adlandırırdılar. Con Uinter Kroufut həmişə, həyat yoldaşı (sonralar Sudanın florasını təsvir etmiş istedadlı, həvəskar botanik), koptik toxumalar üzrə uluslararası miqyasda nüfuza malik olmuş Qrey Meriyə (qızlıq soyadı ilə desək, Qrey Meri Huda) tez-tez kömək edirdi.

I Dünya Müharibəsi başlayan zaman ailədə dörd qızdan ən böyüyü olan Dorotinin 4 yaşı var idi. Həmin vaxt valideynlər uşaqları İngiltərəyə, ata nənələrinin yanına, Braytondan bir neçə mil aralıda yerləşən, La-Manş sahilindəki Uortinq şəhərinə göndərdilər. 1918-ci ildə hərbi əməliyyatların başa çatmasından sonra Dorotinin anası İngiltərəyə qayıtdı və uşaqları ilə bərabər Linkoln şəhərində məskunlaşdı. O, övladlarına ev şəraitində tarix, təbiət elmləri və ədəbiyyatı öyrədirdi. Ailə, ardıcıl üç il ərzində Kroufutların əcdadlarının yüz illər boyu yaşamış olduqları Şərqi Suffolkun Qeldston şəhərində məskunlaşana qədər İngiltərə və Yaxın Şərq arasında qalır.

Doroti 1928-ci ilədək Bekles yaxınlığında yerləşən Con Liman məktəbində təhsil alır. Məktəbdə o, kristallarla ilgilənirdi və bu, onu kristalloqrafiya tarixini, eləcə də o vaxtlar adətən oğlanların öyrəndikləri kimyanı daha dərindən öyrənməyə sövq etdi.

Doroti 13 yaşında olanda Xartumda atasına baş çəkməyə gedir. O zaman ata Con Uinter Kroufut Sudanın təhsil və antik dövrlərin öyrənilməsi şöbəsinin direktoru vəzifəsində çalışırdı. (O, Xartumda atasına tez-tez baş çəkərkən bir sıra yerli mineralların kəmiyyət təhlilini aparmaqda ona kömək etmiş kimyaçı-torpaqşünas A.F.Jozeflə tanış olur.)

1926-cı ildə atası Britaniyanın Qüdsdə (Yerusəlimdə) yerləşən arxeologiya məktəbinin direktoru olur. Doroti məktəbi bitirdikdən sonra Fələstinə – valideynlərinin yanına gəlir. Jeraşedə (indiki İordaniya ərazisi olan Transiordaniya) Bizans məbədgahlarında qazıntılar aparan zaman o, arxeologiya ilə maraqlanırdı. Bu işə ciddi yanaşmasına baxmayaraq, İngiltərəyə qayıdan zaman Oksfordda Somervil kollecində kimya elmini öyrənməyə başlayır.

Doroti Meri Kroufut-Hodgkin U.Q.Breqq tərəfindən məktəblilər üçün yazılmış “Əşyaların özəlliyinə dair” (“Concerning the Nature of Things) kitabında kristallarda rentgen şüalarının difraksiyası barədə oxumuşdu. Breqq və oğlu U.L.Breqq, Maks fon Laue ilə birgə yeni elm – rentgen kristalloqrafiyası elmini işləyib hazırlayan müəlliflərdir. Laue kristaldan keçən rentgen şüalarının foto lövhələrdə xarakterik ləkələr yaratmaqla difraksiyalaşa bildiklərini kəşf etmişdir. Ata-oğul Breqqlər sonradan bu özəlliklərin hər bir kristalın daxili strukturunu əks etdirdiyini nümayiş etdirir, mürəkkəb riyazi hesablamalar əlavə etməklə rentgenostruktur analizi, kristalda olan atom və molekulların ölçülərinin, formalarının və durumlarının müəyyən edilməsində önəmli üsula çevirirlər.

Doroti Meri kristalloqrafiyanı Somervilldə X.Pouellin rəhbərliyi altında öyrənir. Sonra o, yay aylarını Heydelberqdə, kristalloqrafiya sahəsində kəşflər edən digər bir ünlü şəxsin – Viktor Qoldşmidtin laboratoriyasında keçirir.

Doroti Meri 1932-ci ildə Somervill kollecini bitirdikdən sonra görkəmli fizik J.D.Bernal ilə Kembric Universitetində iş aparmaq imkanı qazanır. Ona bu imkanı, əldə etdiyi tədqiqat təqaüdü (kiçik də olsa) və xalasının maddi dəstəyi təmin edirdi. Bernal özünün özəl maraq dairəsində olan sterol, steroid (bioloji toxumalarda kəşf edilmiş xolesterin kimi bərk dövri spirtlər) kristallarının rentgenostruktur analizləri ilə məşğul olurdu. Dorotinin Bernalla işbirliyi tədqiqatların birinci mərhələsində zülal kristallarının rentgenostruktur analizi sahəsində böyük uğurlara gətirib çıxardı. Onlar 1934-cü ildə zülalların analıq məhluluna batırılması yolu ilə monokristal analizi metodunu işləyib hazırladılar.

İki ildən sonra o, Somervillə, mineralogiya və kristalloqrafiya şöbəsinə qayıdır və demək olar ki, özünün bütün peşəyönümlü çalışmalarını burada həyata keçirir. Rentgen aparatının əldə edilməsi üçün üzvi kimyaçı Robert Robinsonun köməkliyi ilə subsidiya alan Doroti sterolların, özəlliklə də xolesterinin iodidinin analizini davam etdirir. Bu mövzuda dissertasiya işinə görə Doroti Meri Kroufut-Hodgkin 1937-ci ildə doktorluq dərəcəsi alır. Bu iş, U.Q.Breqqin sözlərinə görə, mürəkkəb məkani strukturların müəyyən edilməsində üzvü kimyanın sərhədlərini genişləndirən fiziki metodun tətbiqi nümunəsidir!

***

1937-ci ildə Doroti Oksfordda, tarixçi oğlu (habelə iki tarixçinin nəvəsi), Tomas Hodgkinin (limfatik sistemin xərçəngi onun adı ilə “Hodgkin xəstəliyi” adlanır) nəslindən olan (və fizioloq Alan Hodgkinin əmisi oğlu) Tomas Hodgkinlə evlənir. Toydan sonra ilk illər məktəb müəllimi olan Tomas Hodgkin, uzun müddət Qanq Universiteti nəzdində Afrikanın öyrənilməsi üzrə İnstitutun direktoru vəzifəsində çalışıb. (Bu evlilikdən cütlüyün iki oğlu və bir qızı dünyaya gəlir və onlar bu gün də İlminqtonda (Uorvitkşir/İngiltərə) yaşayırlar.)

II Dünya müharibəsinin başlanmasından üç il sonra Doroti Meri Kroufut-Hodgkin yeni və önəmli araşdırmalara maraq göstərdi. O, 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf edilmiş və sonralar, Kembricdə tanış olduğu Ernest B.Çeyn və Hoyard U.Flori tərəfindən saflaşdırılmış antibiotikin – penisillinin tədqiqatına başladı. Müharibə illərində bakteriyaların törətdikləri infeksion xəstəliklərin müalicəsi üçün bu dərmana olduqca böyük tələbat var idi. Lakin penisillinin kimyəvi tərkibinin, demək olar ki, naməlum qalması səbəbindən onun sintezindən və kütləvi istehsalından söhbət belə gedə bilməzdi. Belə çətin və mürəkkəb, amma bəşəriyyətə çox gərəkli olan elmi kəşfin müəllifi məhz Doroti Meri Kroufut-Hodgkin oldu!

Oksforddakı kiçik köməkçi qrupunun dəstəyi ilə Doroti öncə rentgenostruktur analizin köməkliyi ilə penisillini öyrənməyə başlayır. Penisillinin kristallarına müxtəlif tərəflərdən rentgen şüaları buraxmaqla foto lövhələrdə qeydiyyata alınmış nümunələrin sonuclu (rezultativ) difraksiyası müəyyən edildi və kristal şəbəkədə əsas atomların yerləşməsi hesablanaraq tapıldı. (Sonralar perfokartlardakı proqramlarla IBM kompüterdən istifadə yolu ilə Doroti Meri və onun həmkarlarının 1949-cu ildə penisillinin molekulyar tərkibini müəyyən etdikləri elektron sıxlıq kartının alınması üzrə laborator tapşırığı sadələşdirmək imkanı verdi.)

Dorotinin 1947-ci ildə London Kral Cəmiyyətinin üzvü seçilməsi onun yüksək elmi nailiyyətlərinin etirafı idi!

Penisillinlə işi başa çatdırana qədər Doroti Meri Kroufut-Hodgkin 1948-ci ildə qanın potensial ölümcül vəziyyəti olan anemiyanın qarşısını alan B12 vitamininin öyrənilməsi üçün rentgenostruktur analizi tətbiq edir. Bu vaxt hesablamaların aparılması üçün kompüterlərdən istifadə etmək mümkün olur. 1957-ci ildə o, Oksford Universitetinin rentgen kristalloqrafiyası kursu üzrə mühazirəçisi vəzifəsinə təyin olunandan bir il sonra isə tam şəkildə B12 vitamininin molekulyar strukturunu müəyyən edir!

Nəhayət, bu cür böyük elmi kəşflərin sahibinin müxtəlif yerlərə səpələnmiş darısqal otaqlarda yerləşən laboratoriyası 1958-ci ildə yeni tikilmiş binaya – universitetin Təbii elmlər tarixi Muzeyinə köçürüldü. Burada kimya elminin bütün tələbləri nəzərə alınmışdı və o, elmdə yeni nailiyyətlər əldə etmək üçün çalışmalarını daha da genişləndirdi.

“Kimyəvi və bioloji analizin qələbəsi”

Doroti Meri Kroufut-Hodgkin 1964-cü ildə «Rentgen şüalarının köməkliyi ilə bioloji aktiv maddələrin strukturunu müəyyən etdiyinə görə» kimya üzrə Nobel Mükafatına layiq görüldü! Təqdimat zamanı İsveç Kral Elmlər Akademiyasının üzvü Qunnar Höqq deyirdi: “Birləşmənin strukturunu bilmək onun özəlliklərini və reaksiyalarını izah etmək və daha sadə birləşmələrdən onu necə sintezləşdirməyin mümkün olması qərarını vermək üçün tamamilə vacib bir məsələdir... Penisillinin strukturunun müəyyən edilməsi… həqiqətən də kristalloqrafiyanın yeni erasının son dərəcə gözəl bir başlanğıcı oldu”. Sonra o, fikrinə davam edərək söylədi: «B12 vitamininin strukturunun müəyyən edilməsi son dərəcə mürəkkəb strukturun mövcudluğu zamanı nəticələrin kimyəvi və bioloji önəmliliyi baxımından rentgenostruktur analizin qələbəsi hesab edilir».

Doroti Meri Kroufut-Hodgkin kristalların rentgenostruktur təhlili metodlarının ilkin işlənmələri, Maks Perus və Con K.Kendryu tərəfindən zülalların strukturunun tədqiqatı zamanı, eləcə də Rozalinda Franklin, Moris H.F.Uilkins, Ceyms D.Uotson və Frensis Krik tərəfindən Dezoksiribonuklein turşusunun (DNT) spiral strukturunun analizi zamanı istifadə edildi.

Xüsusi vurğu ilə demək lazımdır ki, artrit xəstəliyinin kəskinləşməsinə baxmayaraq, Doroti Meri Kroufut-Hodgkin insulin hormonunun tədqiqatını davam etdirdi və düz 40 il (!) davam edən çalışmadan sonra, 1972-ci ildə Zn - insulin analizini tamamladı. (Demək olar ki, 800 atomdan ibarət olan (müqayisə üçün deyək ki, B12 vitamini 90 atomdan ibarətdir) bu mürəkkəb molekulun strukturu üzərində iş, əlavə olaraq insulinin bir neçə formasının əmələ gəlməsi nəticəsində kristallaşdığı üçün çətinləşmişdi).

Xanım Kroufut-Hodgkin B12-nin orqanizimdə rolunu, molekulların modifikasiyasının özəlliyini və molekulların fizioloji dəyişməsi prosesini də müəyyənləşdirmiş və bununla da laktoqlobulin, pepsin, hemoqlobin və bitki qlobulinlərinin öyrənilməsi mümkün oldu.

“Bizə meydan oxuyan hələ çoxlu sayda kristallar mövcuddur”

Elmi araşdırmaları, kəşfləri kimi Dorotinin «özkeçmiş»i də maraqlıdır. Təkcə çalışdığı yerlərin ünvanı, daşıdığı vəzifələr onun necə hərtərəfli, zəngin insan olduğunu təsdiq edir:
- 1960-cı ildən 1977-ci ilədək London Kral Cəmiyyətində professor-tədqiqatçı vəzifəsində çalışıb;
- 1977-ci ildə Oksfordda Volf-Son-Kolleci Şurasının üzvü seçilib.
- 1970-ci ildən Bristol Universitetinin fəxri rektoru, 1975-ci ildən isə Paquoşski Hərəkatının prezidenti olub.

***

Milyonlarla insanın həyatını xilas edən kəşflərin müəllifi gecə-gündüz çalışmaqdan yorulmazmış. O, xəstəlik törədicilərinə, sağlamlığa zərər vuran nəsnələrə «meydan oxuyan» xanım, narahatlıqla deyərmiş: “Bizə meydan oxuyan hələ çoxlu sayda kristallar mövcuddur!”

Bu böyük QADIN, ALİM, ŞƏXSİYYƏT 1994-cü ilin 29 iyulunda vəfat etdi. Amma onun böyük elmi kəşfləri, xidmətləri bu gün də hər il milyonlarla insanın öz sağlamlığına qovuşmasına səbəb olur, milyonlarla insanın həyatını itirməsinin qarşısını alır! (Alimlik siqləti, alimliyin fitrətidir bu: özün gedirsən, əməlin qalır, sözün, kəşfin qalır!) Və dünya bu gün də, sabah da onu daim sevgi və sayğı ilə yad edəcək! Çünki o öz əməlləri ilə adını TARİXə, milyonlarla insanın qəlbinə, yaddaşına da yazıb və ÖLMƏZLİK ünvanı qazananlardan birinə çevrilib!

Xanım Doroti Meri taleyin hökmü ilə hələ uşaqlıqdan fərqli şəhərləri, fərqli ölkələri gəzmiş, fərqli situasiyalarla rastlaşmış, bir sözlə, maraqlı həyata, həyat tərzinə malik olmuşdu. Bəlkə də bir çoxları onun yerinə olsaydı, məhz turist, yaxud səyyah həyatı yaşamağa üstünlük verər, özünü elmin ən ağır sahələrində baş sındırmağa məcbur etməz, necə deyərlər, rahatına baxardı. Ancaq bu alim qadının həyatı örnəyində bir daha görürük ki, seçilmişlər, başqa sözlə, alnına alimlik, fədakarlıq, qəhrəmanlıq və bu kimi başqa «mənəvi ünvan»lar yazılmış insanlar, məhz narahat həyatı «seçir»lər – xanım Kroufut-Hodgkin kimi!

Doroti Merinin şəkillərinə baxdıqca «həyat coğrafiyası»nın, çalışmalarının, nəcib duyğularının, alim və qadın ÜRƏYinin üz-gözünə, saçlarına necə çökdüyünə, necə köçdüyünə qiyabi tanıqlıq edirik… Və yaş ötdükcə onun daxili gözəlliklərinin nur parçası kimi üz-gözündə ...sanki son gücünü toplayaraq sayrışdığını görürük. Şəxsən mən onun üz-gözündəki bu təcəllanı, şəkillənmələri, şair demiş, “son nəfəs də son fürsətdir” istəyi kimi, ən son anda da xeyirxahlıq uğruna, elm uğruna, insanlıq uğruna çalışma arzusu kimi təsəvvür edirəm.

Yeri cənnət, elmi uca(lan) olsun!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460

Oxşar yazılar