Türkiyə tragikomediyası - İCMAL
06 yanvar 2011 18:16 (UTC +04:00)

Türkiyə tragikomediyası - İCMAL

Yeni ilin ilk günlərində Türkiyədə Cinayət Məcəlləsinə əlavə edilmiş 102-ci maddə qüvvəyə minib. Bu maddəyə görə, hansısa cinayətdə şübhəli sayılan, saxlanılan, ancaq 10 il ərzində haqqında məhkəmə hökmü çıxarılmayan şəxslər azadlığa buraxılmalıdırlar. Qanunun bu maddəsi qüvvəyə minəndən sonra onlarla insanın ölümündə, zorlamada şübhəli sayılan, istintaqa ifadələrində cinayət əməllərini etiraf etmiş şəxslər belə azadlığa çıxıblar. Elə buna görə də Türkiyədə bu gün çoxu şokdadır.
Qeyd edək ki, bu maddənin Cinayət Məcəlləsinə əlavə edilməsinin təşəbbüskarı hakim partiyadır. Bəs əsas arqument nə olub?

Yüz minlərlə cinayət işi, 84 hakim

Məsələnin kökündə Türkiyədə Ali Məhkəmələrin yükünün çox olması, ancaq hakimlərin sayının az olması durur. Ali məhkəmələr Türkiyədə dairələrə bölünür. Ümumilikdə, Ali Məhkəmənin mülki işlər üzrə 21, ağır cinayət işləri üzrə 11 dairəsi var. 250 üzvü olan Ali Məhkəmənin 84 üzvü ağır cinayətlərə baxır. Yəni ağır cinayətlərə baxan hər dairəyə 7-8 hakim düşür. İş sürəti ilə baxılsa, əslində bu dairələrdəki hakimlər çox sürətlə qərar verirlər. Orta hesabla, 1 cinayət işi ilə bağlı 6 dəqiqə ərzində qərar çıxarılır. Hətta Ali Məhkəmənin elə dairələri var ki, il ərzində 1 cinayət işi üzrə orta hesabla 4 dəqiqəyə qərar çıxarıb. Bu məhkəmələr 1 ildə 200 min işə baxaraq qərar çıxarır. Lakin cinayət işlərinin sayı yüz minlərlə olduğu üçün 1 cinayət işinə baxılması üçün ən azı 2,5 il gözləmək lazım gəlir. Məsələn, 2010-cu ildə 206 min ağır cinayət işinə baxılıb və qərar çıxarılıb. Lakin 2010-cu ildən 2011-ci ilə qalan cinayət işlərinin sayı 366 mindir. Bu il daxil olacaq cinayət işləri də əlavə olunsa, çox böyük rəqəm alınır.

Məhkəməyə qədər istintaqı yekunlaşdırmalı olan Ali Məhkəmənin Baş Prokurorluğunun işi də çox ağırdır. 2011-ci ildə prokurorlar 513 min cinayət işini araşdırmalıdırlar. Bir sözlə, 1 prokurora 1 ildə 1 440 cinayət işi düşür. Bir az da konkretləşdirsək, 1 prokuror 1 saat 10 dəqiqə ərzində bir cinayət işini oxumalı, dəyərləndirməli və ittihamnamə hazırlamalıdır.

Beləliklə, orta belə bir mənzərə çıxır: hər hansı cinayət törətmiş şəxs illərlə özü haqqında məhkəmə hökmünün çıxarılmasını gözləyir. Bu da həmin şəxs və onların yaxınlarında müəyyən narazılıqlara səbəb olur. Türkiyə cəmiyyətində də cinayət işləri ilə bağlı məhkəmə hökmlərinin çox gec çıxarılmasına yönəlik obyektiv narazılıq vardı. Hökumət də məhz bunu nəzərə alaraq 102-ci maddə ilə bağlı təşəbbüslə çıxış edib və hakim partiya parlamentdə çoxluğa nail olduğu üçün payız sessiyasında qərarın qəbuluna nail olub. Lakin qanunun bu maddəsi qüvvəyə minəndən sonra məlum olub ki, ciddi fəsadlar ortaya çıxır.

Terrorçular, qatillər azadlıqda

İnsanları qətlə yetirdiklərini istintaqa ifadəsində etiraf etmiş şəxslər, onlarla insanı öldürmüş terrorçular da bu maddədən yararlanaraq azadlığa çıxıblar. Məsələn, “Hizbullah” terror təşkilatının üzvləri 1990-cı illərdə Türkiyədə çoxlu sayda insanı qətlə yetirib, partlayışlar törədiblər. Ancaq bu gün bu terror təşkilatının liderlərindən olan Hacı İnanla birlikdə “Hizbullah”ın 8 üzvü indiyə qədər haqlarında məhkəmə hökmü çıxarılmadığı üçün 102-ci maddədən yararlanaraq azadlığa çıxıblar. Diyarbəkirdəki həbsxanadan PKK terror təşkilatının 2 üzvü də azadlığa buraxılıb. Həm də onlar Diyarbəkirdə qanlı terror aktları törədən “Hizbullah” və PKK terror təşkilatına qarşı qətiyyətlə mübarizə aparan, bu terror təşkilatını faktiki çökdürən əfsanəvi polis rəisi Qaffar Okkanın 13 il əvvəl öldürüldüyü gün azadlığa çıxıblar. Qaffar Okkan 1997-ci ildə 5 polis əməkdaşı ilə birlikdə qətlə yetirilib. Qaffar Okkandan intiqam alan terror təşkilatının liderlərinin indi azadlığa çıxması və həbsxananın qarşısında xüsusi təmtəraqla qarşılanması sözsüz ki, Türkiyə cəmiyyətinin, hüquqşünasların, köşə yazarlarının, Türkiyənin bütövlüyünün qorunması uğrunda canlarını vermiş insanların övladlarının diqqətini çəkməyə bilməz. Bu terrorçuların yaxalanması üçün onlarla şəhid verilib.

Yaxud 2 dəfə soyğunçuluğa görə məhkum olunan və ikisində də əfvlə azadlığa çıxan, daha sonra bir mübahisə ilə bağlı 5 nəfəri qətlə yetirən, 1 qadına təcavüz edən, istintaqa ifadəsində əməllərini həyasızcasına etiraf edən Durmuş Anuçin də bu gün azadlıqdadır. O, məhkəmədə professor Necip Hablemitoğlunu da öldürdüyünü bəyan edib. Durmuş Anuçin onu da deyib ki, polis onu erkən saxlayıb, 4 nəfəri də öldürəcəkmiş. Həm də vəd edib ki, azadlığa çıxdıqdan sonra həmin 4 nəfəri də öldürəcək.

Azadlığa çıxanlardan biri də Ali Tamkoşardır. 10-dan çox soyğunda iştirak edən bu şəxs 1991-ci ildə 1 nəfəri öldürüb, 10 il azadlıqdan məhrum edilib. Ancaq “Özal əfvi” adlanan 3713 sayılı qanunla 1994-cü ildə azadlığa çıxıb. 1997-ci ildə o, növbəti qətli həyata keçirib və 1998-ci ildə yaxalanaraq 15 il azadlıqdan məhrum edilib. Ancaq 2000-ci ildə “Rahşan əfvi” adlanan 4616 saylı qanunla azadlığa çıxıb. 2004-cü ildə bir ailənin 4 üzvünü qətlə yetirib. Ali Məhkəmə hələ son hökmü vermədiyi üçün o da azadlığa çıxıb.

Ağır cinayətlər, qətllər törətmiş PKK terror təşkilatının da üzvləri artıq azadlığa çıxmaqdadırlar. 1997-ci ildə polis avtomobilinə atəş açaraq 1 polisin şəhid olmasına, 2-nin yaralanmasına səbəb olan terror aktında iştirak edən Şahabettin Yeşilmen, Mehmet Çelik və Gülseren Özdemir bu gün azadlığa çıxıblar. Terrorçu İbrahim Kanat da artıq azadlıqdadır.


Dalana aparan yol, indi çıxış axtarılır...

Ortaya çıxan mənzərə göstərir ki, əslində 102-ci maddə Türkiyə hökuməti və hüquq sistemi tragikomik duruma düşüb. Bu gün qatillərin, terrorçuların azadlığa çıxması heç bir halda ədalətli sayıla bilməz. Axı o insanların qətlə yetirdikləri insanların övladları, o terrorçuları ələ keçirmək üçün mübarizə aparan zaman şəhid olan polislərin, hərbçilərin övladları var, onların ürəyi yanmayacaqmı?!

Bu gün Türkiyədə baş verənlərə etiraz edən hüquqşünasların arqumenti budur ki, bu maddənin təşəbbüskarı olan və həyata keçirən AKP hökuməti məsələyə kifayət qədər peşəkarcasına yanaşmağı bacarmayıb, bu maddədən yararlanaraq insanları qətlə yetirdiklərini istintaqa ifadəsində etiraf etmiş şəxslərin, onlarla insanı öldürmüş terrorçuların yararlanacağını nəzərə almayıb, ya da bilərəkdən belə bir addım atıb. Həm də cinayət işləri ilə bağlı məhkəmə hökmlərinin illərlə gecikməsinin aradan qaldırılması üçün Ali Məhkəmənin sədri Hasan Gerçeker son illər dəfələrlə eyni təklifi səsləndirib, bu problemə son qoyulması üçün bölgə məhkəmələrinin yaradılmasını, bu yolla da Ali Məhkəmənin dairələrinin iş yükünün azaldılmasını təklif edib. Tez-tələsik 102-ci maddəni parlamentdə qəbul etdirib, həyata keçirən AKP hökuməti isə indi hərəkətə gəlir. Dünən Türkiyə Nazirlər Kabinetində baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təcili toplantı keçirilib və elə bu gecə Türkiyə Ədliyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ali Məhkəmənin iş qabiliyyətini artırmaq üçün hazırlanan yeni qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Açıqlamada qanun layihəsinin detallarına toxunulmur. Ancaq Türkiyə mətbuatına sızan məlumata görə, söhbət Ali Məhkəmənin 10 yeni dairəsinin yaradılmasından, 80 yeni hakimin işə başlamasından gedir. Hökumətin bu təşəbbüsünü isə Ali Məhkəmənin sədri Hasan Gerçekerin etirazla qarşılayacağı məlumdur. Çünki Hasan Gerçeker dəfələrlə vurğulayıb ki, əgər məhkəmələrin iş qabiliyyətini artırmaq əsas məqsəddirsə, bölgələrdə məhkəmələrin yaradılması və fəaliyyətə başlamaları daha müvafiq çıxış yoludur, Ali Məhkəmənin hakimlərinin artırılması isə sadəcə, hökumətin məhkəmə sisteminə nəzarəti ələ keçirmək niyyətindən doğan bir addım olacaq.

Yeri gəlmişkən, “Habertürk TV”-nin baş direktoru Yiğit Bulut deyib ki, 50 minə qədər qatil, “Hizbullah” və PKK terror təşkilatının üzvü türk əsgərinə, polisinə atəş açıb və indi onlar azadlığa çıxırlar: “Hizbullah” üzvlərinin azadlığa çıxmasından narahat oluruq, amma PKK üzvləri də azadlığa çıxacaqlar. PKK terror təşkilatının lideri Abdulla Öcalanın məhkəmə prosesi bitməsəydi, o da azadlığa çıxacaqdı. “Hizbullah” və PKK terror təşkilatının üzvlərinin törətdikləri əməllər məlumdur. Bu maddəni qəbul edən millət vəkilləri ya qanunun nə olduğunu bilmirlər və Ədliyyə Nazirliyi də bu maddənin hansı nəticələrə gətirib çıxaracağını görməyib, ya da Ədliyyə Nazirliyi bunu görməməzliyə vurub. Bu, əslində “Hizbullah” və PKK terror təşkilatı üçün çıxarılan bir əfvdir. Ədliyyə naziri istefa verməlidir. Ədliyyə nazirinin bu gün ortaya çıxmağa üzü olmaması gərəkdir. Ali Məhkəmənin dairə rəhbərlərinin də istefa verməsi lazımdır. O terrorçuları yaxalamaq üçün əsgər, polis onlarla şəhid verib. Bu gün o insanların övladları var. O insanlar Türkiyə dövləti ədaləti qoruyacağına inandığı üçün şəhid olublar. Məhkəmə prosesi bitməmiş bütün PKK terrorçuları azadlığa çıxacaqlar. Bu gün ədliyyə naziri bu vətən uğrunda şəhid olan insanların sayəsində o kresloda oturur. Bir az vicdanı varsa, istefa etsin. Türkiyə dövlətinin ədaləti zədələnib...”.


Qeyd edək ki, 102-ci maddənin qüvvəyə minməsilə azadlığa buraxılan şəxslər hər gün yaşadıqları ərazinin polis bölməsinə gedərək sənəd imzalamalıdır. Ancaq indiyədək azadlığa buraxılanlardan heç kim imza üçün polisə müraciət etməyib...


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar