İran xəbərləri – zəlzələ, sanksiyalar, hərbi əməliyyatlar ehtimalı
22 dekabr 2010 19:41 (UTC +04:00)

İran xəbərləri – zəlzələ, sanksiyalar, hərbi əməliyyatlar ehtimalı

İranın Kirman əyalətində təbii fəlakət belə Tehran hakimiyyətini beynəlxalq ictimaiyyətin diqqətindən yayındırmayıb.


Yenə də İranın atom-nüvə obyektlərinin vurulması, sanksiyaların tətbiqi gündəlikdədir.
“Zaman” qəzetinin məlumatına görə, Sürix Universitetinin professoru, strateji araşdırma üzrə mütəxəssis Stxal İsrailin 2011-ci ilin ya fevral, ya da martında İranın atom-nüvə obyektlərinə havadan həmlə edəcəyi qənaətinə gəlib.


Professor İsveçrədə çıxan “Blik” qəzetinə müsahibəsində bildirib ki, Ərəb yarımadasında havalar bu aylarda aydınlaşır : “İsrail təhlükə gözləniləndə tez və güclü hərbi əməliyyatlar keçirdiyini əvvəllər də sübut edib. 1981-ci ildə İraqın nüvə reaktorunun bombalanmasını, 2007-ci ildə Suriyanın atom obyektlərinin məhv edilməsini örnək göstərmək olar”.


ABŞ ordusu qərargahı rəislərinin birləşmiş komitə başçısı Mayk Mallen ötən gün yenə İranla bağlı bəyanat verib. Onun sözlərinə görə, bölgədə savaş şəraiti yaradarsa, o zaman Pentaqon İrana hərbi zərbələr endirməyə tam hazırdır.


İsraildə çıxan “Haarets” qəzetinin yazdığına görə, Bəhreyn kralı ilə görüşdə amerikalı hərbçi körfəz dövlətləri başçılarını əmin edib ki, ABŞ oradakı ölkələrin təhlükəsizliyi ilə bağlı öhdəliyinə ciddi yanaşır. Məlumatda xatırladılır ki, İrana yaxınlıqda yerləşən Bəhreyndə Amerikanın Yaxın Şərqdəki ən böyük Hərbi Dəniz Donanması bazası yerləşir.


Mallen etiraf edib ki, Tehran hakimiyyətini hazırda dünya və bölgə üçün “gerçək təhlükə mənbəyi olduğundan ABŞ da narahat olduğunu gizlətmir”.


Görüşdə iştirak edən ABŞ-ın Bəhreyndəki səfiri Adam Ereli də İranın nüvə proqramının “gerçəklikdən də artıq” olduğunu vurğulayaraq, qəti hərəkətə keçməyin vacibliyini söyləyib.


Mallen hərbi hazırlıqla bağlı konkret məlumat verməsə də, xatırladıb ki, ölkəsinin hərbi gəmiləri və təyyarələri davamlı hərbi əməliyyatlara hazır vəziyyətdədir. Bununla belə, amerikalı admiral yenidən deyib ki, İranın nüvə obyektlərinə hərbi zərbələrin endirilməsini “gözlənilməyən olaylarla nəticələnə biləcək pis qərar” sayır. Hərbçinin dediyinə görə, bütün bunlara baxmayaraq, ABŞ bu üsuldan “istifadə hüququnu özündə saxlayır”.


Qeyd edək ki, dekabrın əvvəlində admiral Mayk Mallen “CNN”ə müsahibəsində bildirmişdi ki, Birləşmiş Ştatlar artıq kifayət qədər uzun müddətdir İranla bağlı problemin hərbi yolla həlli məsələsini nəzərdən keçirir.


Admiralın sözlərinə görə, danışıqlar aparmaq, problemi diplomatik yolla çözməyə səy göstərmək lazımdır, bununla yanaşı, gerçəklikdən, yəni, İranın niyyətinin dəyərləndirilməsindən də aralanmaq olmaz.


Mayk Mallen daha sonra bildirib: “İranın atom-nüvə proqramının dinc məqsədli olmasına inanmıram. Xüsusi xidmət orqanların əldə etdiyi məlumatlara əsasən, İran nüvə silahı yaratmaq niyyətindədir”.


Sanksiyalar gəlincə, bir müddət öncə “Azadlıq” radiosu bildirmişdi ki, Vaşinqton və müttəfiqləri yaxın zamanda İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Bu haqda kütləvi qırğın silahının problemləri üzrə Ağ Evin müşaviri Heri Seymor bəyanat verib. Onun sözlərinə əsasən, yeni qadağaların tətbiqində məqsəd Tehran hakimiyyətinin “zəif yerlərini” aşkarlayıb, o sahəyə təzyiqləri artırmaqdır. Bununla da uranı öz ərazisində zənginləşdirməkdən çəkindirmək üçün İran rəhbərliyinə maksimum problem yaradılmasına nail olmaq planlaşdırılıb.


H.Seymor ehtimal olunan sanksiyanın təfərrüatını açıqlamayıb.

Ötən gün İtaliyanın məşhur “İntesa Sanpaolo” bankı İranla bütün ticarət əlaqələrini dayandırdığını bildirib. Adının çəkilməsini istəməyən bank təmsilçisi “Reuters” agentliyinə açıqlamasında deyib ki, İranla əməkdaşlığın dayandırılması Qərbin sanksiyaları ilə bağlıdır. Onun sözlərinə görə, “İntesa Sanpaolo” hələ bir ay əvvəldən İslam Respublikası ilə əməkdaşlığı dayandırıb: “Bu, İranın xam nefti ilə əlaqədar bank əməliyyatlarını aparmağa yardım edən sonuncu İtaliya bankıdır. Hesab edirəm ki, İranın xam neftini alıb-satan tərəflər bundan sonra öz maddi ehtiyaclarını təmin etmək üçün digər yerlərə üz tutmalı olacaqlar. Məsələn, bəlkə də Çinə. Lakin bu iş gündən-günə çətinləşir”.

“Altılıq” ölkələrinin təmsilçilərinin ilə bu ayın əvvəlində Cenevrədə İranın atom-nüvə proqramına dair keçirilən danışıqları nəticəsiz qaldığından, Tehran hakimiyyəti ABŞ-ın yeni iqtisadi sanksiyaları ilə üzləşib. ABŞ maliyyə nazirinin müavini Stüart Levi ötən gün jurnalistlərə açıqlamasında İran İnqilab Keşikçiləri Qvardiyasının kooperativ fondunun icraçı direktoru Pərviz Fəttaha, Müəllim Sığorta Şirkətinə, “Pars” Neft və Qaz Şirkətinə, İranın Kiş adasının “İslamik Ripablik of İran şippinq layns” Gəmiçilik Şirkətinə, “Mehr” və “Ənsar” banklarına, qvardiya üzvlərinin sərmayə yatırımları ilə məşğul olan “Bonyadi -taayon sepah”, habelə bu hərbi birləşmə tərəfindən maliyyələşdirilən və ya ona bağlı olan bir sıra özəl şirkətlərə sanksiya qoyub.

“Euronews”in məlumatına əsasən,S tüart Levi deyib ki, İranın Gəmiçilik Şirkəti və qvardiyası BMT-nin və bir sıra dövlətlərin İrana tətbiq etdiyi sanksiyaları qanunsuz yollarla pozmağa cəhd göstərən əsas qurumlardır: “İslamik Ripablik of İran şippinq layns" Gəmiçilik Şirkəti sanksiyaları pozmaq üçün çeşidli qanunsuz yollara əl atır. Onlar gəmi sahiblərinin adlarını və gəmidəki yüklərin sənədlərini saxtalaşdırır, bir sıra hallarda isə gəmilərin İrana məxsus olduğunu gizli saxlamaq üçün onları başqa rəngdə boyayıb, başqa ölkələrə məxsus olan gəmilər kimi qələmə verməyə çalışırlar”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin İrana qarşı tətbiq edilən sanksiya ilə bağlı “qara siyahıya” düşmüş hüquqi və fiziki şəxslərin Amerikanın bank-maliyyə sistemindəki hesabları dondurulacaq. Həmin yasağa əsasən yeni sanksiya tətbiq olunanlarla bundan sonra istənilən əməkdaşlıq ABŞ vətəndaşlarına qadağan edilib. Vaşinqton xarici tərəfdarlarının da buna əmələ etməsinə çalışacaq.


Baş verənlərdən belə görünür ki, ABŞ başda olmaqla Qərb 2011-ci ilin yanvarında İranla keçirilməsi nəzərdə tutulan danışıqlara ciddi hazırlaşır. Tehran hakimiyyəti də bu istiqamətdə boş dayanmır. Keçmiş xarici işlər naziri Mənücöhr Möttkinin Əli Əkbər Salehi ilə əvəzlənməsi Tehranın yanvarda da vaxt udmağa hazırlaşdığını ehtimal etməyə əsas verir. Sanksiyaların nəticəsiz ötüşdüyünü düşünənlər məsələyə çox üzdən baxır. Subsidiyaların ləğvi daxili bazarda benzinin, onunla yanaşı çörəyin və gündəlik tələbat mallarını bahalaşması həmin yasaqların yaratdığı hallardandır. Odur ki, beynəlxalq ictimaiyyətlə razılaşmayacağı təqdirdə qarşıdan gələn ilin İran hakimiyyəti üçün asan keçməyəcəyi ehtimalının böyük olduğunu indidən söyləmək mümkündür…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar