Hamı üçün yox, hər kəs üçün oxuyan qadın - Edit Piaf – HEKAYƏT
18 dekabr 2010 12:51 (UTC +04:00)

Hamı üçün yox, hər kəs üçün oxuyan qadın - Edit Piaf – HEKAYƏT

...Parisin Şapnel bulvarında panelə çıxan qadınlar arasında “həmkarlarından” özünün pinti görkəmi, nimdaş geyimilə seçilən on doqquz yaşlı çəlimsiz qıza da nəhayət ki, yaxınlaşan oldu. Müştəriylə uzun danışmadı; alverləri tutmuşdu deyəsən... Qol-qola girib, qaranlıq döngəyə sarı yollandılar.

Kişi bir gecəlik sevgi ortağını diqqətlə süzürdü, amma seçdiyi qızın o qədər yazıq görkəmi vardı ki, özünü saxlaya bilməyib soruşdu: “Başqa peşə tapa bilmirsən?” Qız ona ötəri nəzər salıb, sönük ahənglə dedı: “Vaxt yoxdur. Qızım ölüb... Səhər basdırmalıyam, on frankım çatmır...”

Kişi əlini cibinə salıb pul çıxardı, qıza verərək yola düzəldi; yəqin eşitdikləri onu artıq həvəsdən salmışdı, daha eşqbazlıq hayında deyildi...

Edit Covanna Qasyonun qızı isə həqiqətən elə həmin gün ölmüşdü və Tanrı bu qadına bir daha övlad nəsib etməyəcəkdi. O, dörd avtomobil qəzası, bir özünəqəsd, üç komatoz şokdan sağ çıxacaq, dəlilik həddində sərsəmləyəcək, yeddi cərrahi əməliyyatı keçirəcək, iki dünya müharibəsi görəcək, yüzlərlə kişini divanə edib çöllərə salacaq, 1963-cü ildə, heç əlli yaşı olmamış da dünyasını dəyişəcək...

Onu son mənzilinə yola salanda Fransa ayaqda olacaq, dalınca göz yaşını isə dünya axıdacaq. Və qəbrinin üstündə ikicə kəlmə yazacaqlar: “EDİT PİAF”

Edit Piaf indi müstəqil musiqi janrı kimi tanınan “fransız şansonu”nun banilərindən və ən parlaq nümayəndələrindən biridir. Deyirlər, İkinci Cahan savaşında alman istilası görərək ruhən sınmış fransıza öz mənliyini iki nəfər qaytarıb: general Şarl De-Qoll və Edit Piaf...

Onun musiqi irsiylə yaxından tanış olandan sonra isə mən belə qənaətə gəldim ki, bu iki şəxs əslində Paris Kommunasının barrikadalarında itmən vətənpərvərliyi və azadlıqsevərliyi fransıza qaytarmaqla onun mənliyinə yeni çalarlar gətiriblər.

Məndən xəbər alsalar, belə deyərdim: Edit Piaf De-Qoll dövrünün yox, De-Qoll Edit Piaf dövrünün dahisidir. Heç şübhəm yoxdur ki, bütün Fransa da belə düşünür. Çünki dünyada əzəli və əbədi dəyər yalnız sənətdir.

Edit Piafın yaradıcılıq illəri çox təəssüf ki, mənim ağlım kəsən zamana təsadüf etmədi. O dünyasını dəyişəndə mən hələ ikinci sinfə keçirdim. Bizlər daha çox Şarl Aznavuru, Mirey Matyeni, uzaq başı İv Montanı sevə bildik. Lakin insanın ürəyindəki görünməz bağları ehtizaza gətirən bu musiqinin dərinliklərinə vararkən Edit Piafa qədər getməyimiz çox təbii idi...

Getdik və onu daha çox sevdik...

Dekabrın 19-da Edit Piafın doğum günüdür; 95 yaşı olur.

Bu yazı da onun pərakəndə həyatının yarpaqlarından ibarətdir.

Birinci yarpaq


...1915-ci ilin sazaqlı dekabr gecələrindən birində Parisin qədim, kirli dalanlarının hansındasa bir qadın dünyaya uşaq gətirirdi. Anası doğulan qız uşağını səsə gəlmiş polis nəfərinin plaşına bürüyür və adını elə oradaca qoyur: Edit. Sirkdə artistlik edən Anett Mayarın öz övladı üçün elədikləri əslində buradaca bitir və o, körpəsini öz valideynlərinə təhvil verib yoxa çıxır. Qızcığazın atası Lui Qasyon da iki-üç gün sonra cəbhəyə yollanır...

Deməzdin ki, nənə və baba qızlarının bu jestindən həddindən ziyadə məmnun qalmışdılar, amma buna baxmayaraq, ailələrində qəfil peyda olmuş körpədən də imtina etmirlər – hər halda qan çəkirmiş. Qocaların uşağa qulluq etmək barədə özlərinə məxsus anlayışları varmış. Həyatı şərabsız təsəvvür etməyən nənə-baba Editə verdikləri inək südünə də şərab qatırmışlar. Onların belə düşünürdülər: yaxşı şərab mikrobların düşmənidirsə, deməli uşaqların dostudur! İkinci addım olaraq, körpəyə soyuq dəyməsin deyə, onu çimizdirməkdən də vaz keçirlər...

1917-ci ildə məzuniyyətə gələn sıravi Qasyon öz qızını kir-pas içində, amma sağ taparkən, körpədən gələn iy-qoxuyla birtəhər bacararaq onu “xala xətrin qalmasın” qucaqlayır. Amma bütün gördükləri Luiyə bəs eləyir ki, məzuniyyəti bitəndə öz körpəsini fahişəxanada aşpaz işləyən anasına təhvil verib getsin.

İkinci yarpaq

...Və Editin anadan olandan bəri ilk çimməyi də orda olur, təzə paltar geyməyi də. Sudan çıxaranda görürlər ki, kir-pasın, qaysağın altında çox şirin, amma təəssüf ki, gözləri tamamilə kor bir qız varmış. Görünür katarakta xəstəliyinə elə həyatının ilk günlərində tutulmuşdu, amma nənə-babası üzünü yumadığından, bundan xəbərsiz qalmışdılar...

Luiza nənə Editin müalicəsi üçün var-yoxunu əsirgəmir, dərindən kök atmış xəstəlik isə geri çəkilmək istəmirdi. Axırda, artıq beş yaşına çatanda həkimlər də ondan imtina edirlər.

Lakin fahişəxananın sakinləri Luizanın nəvəsindən əl çəkmək fikrində deyildilər. İdeya kimin imiş, bilinmir, amma mahiyyətcə mömin olan bu xanımlar Editin xəstəlikdən qurtulması üçün kollektiv şəkildə müqəddəs Terezaya dua etmək qərarına gəlirlər, onların “mama Roza”sı ısə, möcüzə baş versə, kilsəyə on min frank nəzir verəcəyinə and içir...

Nə başınızı ağrıdım – niyyətin hara, mənzilin də ora! Günlərin birində bu həssas xanımlar obyekti bağlayıb, əl-üzlərinin ənlik-kirşanını yuyaraq, birbaş kilsəyə yollanırlar. Bütün günlərini sidq-ürəkdən dua etməklə keçirən qadınlar möcüzənin müqəddəs Lüdovikin mövludu günü, yəni avqustun 25-də baş verəcəyinə tam əminliklə axşam geri dönür və ertəsi gündən parislilərin səbirsizliklə gözlədiyi işlərinə davam edirlər...

Möcüzə düz on gündən sonra baş verməliydi, amma həmin gün səhər tezdən nə qədər çalışsalar da uşaqda bir irəliləyiş görməyib məyus olurlar. Və yalnız gecə, artıq Editdən hamının əli üzüləndə məlum olur ki, qızın gözləri açılıb! Qadınlarsa durmadan axıtdıqları sevinc göz yaşlarının ucbatından daha üç gün “plan verə bilmirlər”...

Üçüncü yarpaq

...Tezliklə Edit məktəbə gedir. Hamıdan gözəl geyinmiş, bərli-bəzəkli, diribaş qız ilk günlərdən diqqət çəkir. Lakin o məktəbdə oxuyan uşaqların meşşan təbiətli valideynləri övladlarının fahişəxanada yaşayan birisiylə eyni sinifdə oxumasından darılırdılar deyə, Editin məktəb dövrü çox tez bitir...

Qız müharibəyə qədər akrobatlıq etmiş və cəbhədən qayıdandan sonra yenə də Parisin küçələrində işləməyə başlayan atasına kömək edir. Lui öz maraqlı nömrələrini göstərir, Edit isə mahnı oxuyaraq pul yığırdı. Beləcə baş-başa verib yaşayırdılar. Düzdür, bu kiçik ailənin daxili asayişini tez-tez peyda olub, tez də itən “ögey analar” pozurdu. Amma mahiyyətcə xırda olan bu epizodlar həmişə tez bitdiyindən, qızın yaddaşında heç bir iz buraxmırdı.

Atasının ən böyük arzusu qızına akrobatika və Fransa tarixi öyrətmək idi. Amma təəssüf ki, birincisinə Edit, ikincisinə isə Lui yaramırdı...

Dördüncü yarpaq

...Edit on dörd yaşı tamam olan kimi, artıq böyüdüyünü elan edərək müstəqil həyata qədəm qoydu və atasından ayrılıb süd dükanında işləməyə başladı. Lakin alaqaranlıqda yerindən qalxmaq, süd şüşələrini belinə şəlləyib qaş qaralana kimi şəhəri dolaşmaq onsuz da həyatının çox hissəsini küçələrdə keçirmiş qızı o qədər bezdirdi ki, yenə köhnə peşəsinə dönəsi oldu. Qısa müddət iki dostuyla, sonra da bacılığı Simona ilə işləməyə başladı. Qızların gündə 300 franka yaxın qazancı olurdu. Pulları çox ucuz mehmanxanada otaq kirayələməyə, kirləndiyindən artıq tanınmaz vəziyyətə düşmüş paltarlarını təzələməyə, bir də konserv, şərab sarıdan korluq çəkməməyə bəs edirdi. Deyəsən paltar yumaq, xörək bişirmək onların heç ağlına da gəlmirdi...

Editin həyatına kişilər çox erkən girmişdi – lap elə atasından ayrılan kimi. Müntəzəm olaraq aşiq olur, vurulur və elə eyni müntəzəmliklə də sevgililərindən ayrılırdı. Bütün ömrü boyu belə oldu. Həyatda bir devizi vardı: “Kişi səni atmaq haqda fikirləşməmişdən, gərək onu atasan”.

Beşinci yarpaq

...Dünyaya gətirdiyi yeganə uşağının atası da bu baxımdan istisna deyildi. Lui Düponla tanış olanda Editin on yeddi yaşı tamam olmamışdı. Oğlan isə ondan cəmi bir yaş böyükdü. Lui köhnə velosipedində dükanlara ərzaq daşımaqla dolanırdı. Tanışlıqlarının elə ilk günü bacılıqların yanına köçdü. Otaqda ikinci çarpayı olmadığından, üçü bir yerdə yatırdılar. Editlə Lui-Marselin qızı da də düz bir ildən sonra, elə həmin şərikli çarpayıda dünyaya gəldi.

Adını Sesil qoyduqları qızcığazın doğulması Editin düzənində bir şey dəyişmədi. Gənc ana peşəsinin daşını atmaq fikrində deyildi. Lui evdə qalıb körpəyə baxa bilməyəndə də onu özüylə işə aparırdı. Editə Parisin ən aşağı əyarlı “Juan-lö-Pen” kabaresində oxumaq təklifi gələndə isə, Lui Düponun hövsələsi partladı, “Ya mən, ya kabare!” dedi və Editin seçimi onun xeyrinə olmadı...

Altıncı yarpaq

Bacılıqlar yenə də birgə yaşayır, Edit hər gecə kabareyə getməli olduğundan, körpə çox vaxt evdə tək qalırdı. Bir dəfə səhərə yaxın işdən dönəndə o, qızını evdə tapmır və bəlli olur ki, körpəni atası aparıb. Əslində Luiyə uşaq gərək deyildi; o bu yolla Editi yanına qaytarmaq, özünə tabe etmək istəyirdi. Amma bu planı nəinki özünü doğrultmadı, hələ üstəlik körpəyə həyatı bahasına tamam oldu. Edit onun yanına qayıtmadı, Sesil isə tezliklə xəstələnib öldü. Zavallı körpənin dəfni anasının boynuna düşdü...

Qızı ilə bir yerdə Editin həyatından Lui də birdəfəlik silindi. İndi ona yeni-yeni sevgililər tapmağa, eşq macəralarına xirtdəyə kimi qərq olmağa, kişiləri əlcək kimi dəyişməyə və ən başlıcası ısə öz məqsədinə çatmağa kimsə maneçilik törətmirdi - qarabuğdayı, çəlimsiz Edit Qasyon nə vaxtsa bütün Fransanı səcdəyə gətirən Edit Piafa çevriləcəyinə bir an da şübhə etmirdi...

Və çevrildi də. Bir neçə il ötdü, günlərin birində Edit Piaf yatağından qalxanda artıq məşhur idi. “ABC” müzik-hollundakı debütdən sonra onun adı bütün qəzetlərə düşmüşdü. Editin dünyaya ikinci – məhz dahi Edit Piaf kimi gəlişi də həmin günə təsadüf elədi...

Yeddinci yarpaq

...Artıq Edit Piaf bütün Fransanın sevimlisiydi, amma özünün sevdikləri də başının tükü sanı olmuşdu. Onların arasında heç kəsin tanımadığı adamlar da vardı, Reymon Asso, Jak Pile, İv Montan kimi məşhurlar da. Amma onların hamısını gec-tez o özü yola salırdı. Editi atıb getmək yalnız bir kişiyə qismət olmuşdu. Onun adı Marsel Serdan idi.
1946-cı ildə “Mərakeş bombardiri” ləqəbini daşıyan bu boksçunu ona təqdim etdilər. Marsel Serdanın adı idman dairələrində yaxşı tanış olsa da, böyük Edit Piafın qarşısında yaman sıxılırdı. Müğənni isə bu görüşü sıradan birisi saydığından ona heç əhəmiyyət verməmişdi...

İş elə gətirdi ki, az sonra Edit Amerikaya qastrol səfərinə çıxdı; Marsel heç yadına da düşmürdü, amma bir müddətdən sonra Nyu-Yorkdakı telefonuna bir zəng gəldi. Bilmirəm vətən nostaljisindən oldu, yoxsa tamam başqa səbəb vardı, amma həmin an Amerikada bir həmvətəniylə təsadüfi görüş Editə ləzzətli gəlmişdi və primadonna Marsellə şam etməyə razılıq verdi...

Bircə saat sonra isə onlar qələbəlik küçələrdən birinin tinində görüşdülər. O ətrafda taksi gözə dəymirdi deyə, piyada getməyə başladılar. Bəstəboy qadın cantaraq idmançı oğlanla zorla ayaqlaşırdı və kişi rastına çıxan ilk kafeyə girib yeməyə sarımsaqlı, xardallı ət sifariş edəndə Edit az qalmışdı partlasın. Xoşbəxtlikdən Marsel idmançı menyusunun müğənniyə qeyri-münasibliyini tez anlamışdı və şam yeməklərini Nyu-Yorkun ən tanınmış restoranı olan “Pavilyon”da başa vurmaq təklifini etmişdi.

Həmin axşamdan etibarən onlar birləşdilər, Marselin əşyaları isə yavaş-yavaş Editin evinə köç elədi...

Səkkizinci yarpaq

...O günlər Editin sifəti xoşbəxtlikdən alışıb yanırdı, amma Marselin arvadı, üç oğlu vardı. Ata bilməzdi onları. Nə ailəsini ata bilirdi, nə də təzə sevgilisini gizlətmək iqtidarındaydı.
Təbii ki, bu iki məşhurun sevgi romanı jurnalistlərin diqqətindən yayınmırdı. Mətbuatın, paparassilərin əl çəkmədiyini görəndə Marsel bütün dedi-qodulara birdəfəlik son qoymaq üçün məxsusi mətbuat konfransı keçirməyə razılıq verir. Həmin mətbuat konfransı bəlkə də jurnalistika tarixinin ən qısa konfransı idi...

Sonralar Piafın bacılığı Simona Berto yazacaq ki, mətbuat konfransı başlayan kimi, Marsel jurnalistlərin suallarını gözləmədən belə bir bəyanat verir: “Edit mənim sevgilimdir. Və yalnız ona görə sevgilimdir ki, mənim arvadım var”. Mətbuat konfransı da elə bu bəyanatla başa çatır. Ertəsi gündən etibarən daha heç bir qəzet onların münasibətlərindən ikibaşlı yazılar vermir. Edit Piafın Nyu-Yorkdakı evinin qapısına isə təzə-tər çiçəklərlə dolu nəhəng səbət gətirirlər – içində bir namə də varmdı: “Yer üzündə hamıdan çox sevilən Qadına”...

Amerika qastrolları başa çatır. Marsel yazıq ailəsi (onun arvad-uşağı Kasablankada yaşayırdı), sevgilisi və məşqləri arasında para-para olurdu. Məşqlərə ara verə bilməzdi, tezliklə dünya çempionu titulu uğrunda yarışacaqdı. Edit isə onu sevgilisindən lap qısa müddətə ayıra biləcək hər şeyə dəli kimi nifrət edirdi...

Bu zahirən xırda-mırda, amma ruhən çox güclü qadının yanında aslan kimi oğlan da quzu balasına çevrilirdi. Marsel onun sözündən çıxa bilmir, məşqlərə Editin bağışladığı (müasirləri yazır ki, bu qadında zövq deyilən şeydən əsər-əlamət yox imiş) ağlasığmaz paltarlarda gələrək gülüş hədəfinə çevrilirdi. Onun əynində tez-tez sevgilisinin öz əliylə toxuduğu alabəzək sviterlər görərdin. Bir sözlə, o Editə xoş gəlmək, onu sevindirmək üçün dəridən-qabıqdan çıxırdı...

Doqquzuncu yarpaq

...Çempionat yaxınlaşırdı, “Mərakeş bombardiri” Amerikaya yola düşməliydi. Sevgililər mütləq ayrılmalıydılar. Amma bəxtləri bu dəfə də üzlərinə güldü: Editi Nyu-Yorka dəvət etdilər. O da sevincək müqaviləni imzaladı. Amma qısa müddətlik olsa da, bir-birindən ayrılmağa məcburdular: Marsel Lok-Şeldreyk düşərgəsində məşqlərə başlamaq üçün Amerikaya Editdən iki həftə qabaq getdi. Belə mötəbər yarışlar ərəfəsində təşkil olunan təlim-məşq toplanışlarında da çox ciddi rejim olur – ağır yemək, qadınlarla ünsiyyət mütləq məhdudlaşdırılır. Edit də ömründə ilk dəfə tabe olmaq qərarına gəlir. Amma üçcə gün tab gətirə bilir. Artıq üç gündən sonra o da Amerikadaydı...

Düşərgə şəhərin yüz altmış kilometrliyində yerləşirdi. Boksçular möhkəm nəzarət altında yaşayır, ancaq məşqçiləriylə ünsiyyətdə olurdular. Rejimin pozulması diskvalifikasiya ilə nəticələnirdi.

Amma görünür Marsel üçün məhəbbəti daha qiymətliydi. Edit Amerikaya gəldiyi günün səhəri sürücü onu bir ins-cins belə gözə dəyməyən bomboş yolun kənarında düşürərkən çox təəccüblənir. Axı o hardan biləydi ki, iki dəqiqə sonra bura həmin xanımın idmançı sevgilisi gələcək, qadın da onun maşınına minəcək və yollarına birlikdə davam edəcəklər: o sükan arxasında, məşuqəsi isə baqaj yerində...

Təlim-məşq toplanışları keçirilən düşərgədə hər idmançının ayrıca evi vardı, lakin Editi öz evinə gətirmək qorxuluydu. Serdan sevgilisinə yaxınlıqda boş bir ev tapır və Edit Piaf həyatının növbəti on gününü orda, bağlı pərdələr arxasında, isti su, duş görmədən, ancaq buterbrod yeyərək keçirir. Lakin həmin on gün böyük Edit Piafın həyatındakı ən xoşbəxt günlər idi...

Konsertləri başlayanda Edit Lok-Şeldreyki yenə avtomobilin baqaj yerində tərk edir...

Qastrolları yüksək səviyyədə keçirdi, publika müğənni qarşısında diz çökməyə hazır idi. Amma Marsel də diqqətdən kənar qalmamışdı. Editə çiçək dəstələri, Marselə isə hədə-qorxu dolu namələr yollayırdılar. Yarışda uduzacağı təqdirdə başına oyun açacaqlarını yazırdılar. Qorxulu məktublardı, amma bu sözlər Serdanı yox, yalnız Editi qorxuda bilmişdi. Amma elə qorxutmuşdu ki, kilsələrdən birinə girib Marselin uğur qazanması üçün öz hamisi müqəddəs Terezaya dualar edərək şam yandırmışdı. Və görünür, səmimi duaları ünvanına yetmiş, qəbul olunmuşdu. Çünki 1948-ci ilin 21 sentyabrında Marsel Serdan Amerika boksçusu Toni Zelə qalib gələrək, dünya çempionu oldu...

Onuncu yarpaq

...Məhəbbətinin böyüklüyünə baxmayaraq, Edit Marselə görə yalnız bir dəfə (Lok-Şeldreykdə) öz həyat tərzindən imtina etdi. O zamandan etibarən müğənni özünə heç korluq vermir, “Məşqini mənimlə olmayanda edərsən!” deyirdi. Marselin sərbəstliyə çıxmaq üçün göstərdiyi hər ürəksiz cəhdə Edit məhz bu cümləsiylə son qoyurdu və kişi bir də görürdü ki, məşq yerinə yenə hansısa gecə klubundadır... Qarşıda isə Serdanı çempion adını qorumaq uğrunda La Motta kimi bir boksçuyla yarış gözləyirdi...

Bu dəfə o məğlub oldu. Qəzetlər, idman ictimaiyyəti od-alov püskürürdü. Onsuz da
tənqidə qəti dözümü olmayan Piaf indi lap sarsılmışdı. Amma bu sarsıntısı, ruh düşkünlüyü çox çəkmədi. Hardansa beyninə yerləşdirdi ki, bütün uğursuzluqların səbəbi onun evidir. Və əgər belədirsə, bu evi satmaqdan başqa çarə yoxdur! Satmaq, təzə ev almaq lazımdır! Elə də etdi...

Bulonidəki 19 milyonluq malikanə onu əzəmətli qonaq otağıyla valeh etmişdi. Qonaq otağından Marsel üçün məşq zalı düzəltmək qərarına gəldi. Təzə evi Editi əməlli-başlı sakitləşdirdi və o Amerikaya növbəti qastroluna çıxdı. Marsel isə həmin günlərdə bütün Fransanı gəzərək xeyriyyə yarışları keçirir, keçmiş boksçulara yardım fonduna vəsait toplayırdı...

Parisə qayıdan kimi, Serdan ilk növbədə Nyu-Yorka gedən gəmiyə bilet sifariş edir, amma Edit yenə gözləmək fikrində deyildi. Və “Mərakeş bombardiri” okean səfərindən vaz keçib təyyarə limanına yollanır...

Ertəsi gün isə bütün qəzetlər qəzaya uğramış təyyarəylə bağlı yazılarını manşetlərə çıxarırlar...

On birinci yarpaq

...Edit üçün həyatının ən ağır dövrü başlanır. Dərin depressiyaya, çarəsiz ruh düşkünlüyünə düçar olan müğənni içkiyə qurşanır, içindəki üzücü xiffətin öhdəsindən gəlmək üçün spiritizmə girişir, cadugərlərə müraciət edir. Bir zamanlar birdəfəlik tərk etdiyi mühit onu yenə özünə sarı çəkir: Edit dilənçilərdən köhnə paltarlar alaraq geyinir, küçəyə çıxır və kimsənin onu tanımadığına uşaq kimi sevinərək nəğmə oxuyurdu. Evlərinə gecədən xeyli keçmiş, az qala iməkləyə-iməkləyə dönəndə isə yanına mütləq səhər adını xatırlaya bilməyəcəyi təzə bir kişi olurdu.

Marselin məhəbbəti deyəsən Editin bütün həyat eşqini öldürmüşdü, amma onun xiffətini çəkən yalnız müğənni deyildi. Dünyanın o biri başında, Afrikada daha bir dərdli qadın vardı – Marinetta Serdan...

Görəsən cəmi bir neçə ay qabaq Edit təsəvvür edə bilərdi ki, sevgilisinin qanuni arvadından alacağı teleqrama bu qədər sevinəcək? Fikirləşərdi ki, gecənin yarısı təyyarəyə minib Kasablankaya, onunla görüşə tələsəcək?...

Bir zamanlar bu iki qadını dibsiz uçurumla ayıran bir insan indi onları dərd ortağı etmişdi. Axıtdıqları göz yaşları isə yavaş-yavaş yaxın rəfiqəyə çevirirdi. Marselin oğlanları “Zizi xalaya” lap valeh olmuşdular və Edit bütün ailəni özüylə Fransaya qonaq gətirdi. Editgildə xeyli müddət qonaq qalandan sonra Marinetta ilə oğlanları vətənə döndülər, amma dul qadınla keçmiş sevgilinin qəribə dostluğu uzun müddət davam elədi...

On ikinci yarpaq

...Zaman insana vurduğu ən dərin yaraları belə sağaltmaq iqtidarındadır. Editin ürəyindəki yara da zaman keçdikcə qaysaqladı. Amma o taleyindən daha bir sarsıdıcı yara alacağından xəbərsizdi...

Serdanın ölümündən bir neçə il sonra Edit Piaf avtomobil qəzasına düşdü. Aldığı yaralar (sinmiş əli, qabırğaları) həyat üçün təhlükəli deyildi, amma möhkəm ağrı verirdi. Bu üzücü ağrını kəsmək üçün Editə narkotik vururdular. Yaraları tez sağaldı, sınıq ağrıları kəsən kimi artriti başlandı. Və narkotiklər Piafın daimi yoldaşına çevrildi.

“Ağ ölüm” yavaş-yavaş onun ağlını da əlindən alırdı. Axırda iş o yerə çatdı ki, dünya şöhrətli sənətkar özünü pəncərədən atmaq istəyərkən, yalnız rəfiqəsi Marqerit Mononun israrlı səyi bütün Fransanı sarsıdacaq bu faciənin qarşısını ala bildi.

Daha morfisiz yaşamaq iqtidarında olmadığını anlayan Edit Piaf, nəhayət, bir gün müalicə olunmaq qərarına gəlir. Onun müalicəsi sadə idi: narkomanı qaranlıq otaqda saxlayır, hər gün dozası azalan narkotik vururdular. Uyuşdurucu çatışmazlığından yaranan simptomatik ağrılar başlayan kimi də çarpayıya bağlayaraq, atıb gedirdilər. Edit Piafı da məhz bu üsulla müalicə edirdilər. O da dözür, tab gətirir, amma xəstəxanadan çıxan kimi özünü saxlaya bilməyərək yenə iynəyə əl atırdı... Editin müalicəsi üçün çox əziyyət çəkildi, əmək sərf edildi. O dəfələrlə xəstəxanaya düşdü, qaçdı, tutdular, yenə qaçdı, amma axırda narkotik asılılıqdan müalicə oluna bildi...

Narkotiklərlə qurtardı, amma alkoqolizm və dərin ruh düşkünlüyü Editin əbədi yoldaşına çevrildi. Bir də xərçəng. Son nöqtəni məhz xərçəng qoydu. Xərçənglə çarpışmağın yolunu isə kimsə hələ tapa bilməyib...

On üçüncü - sonuncu yarpaq

...Amma bütün bədbəxtliklərinə rəğmən bu qadın nə oxumağa, nə də sevməyə ara vermədi. Edit artritdən qıc olmuş barmaqlarını aça bilməyəndə belə, səhnəyə çıxır, huşunu itirənədək oxuyurdu. Həyatının lap sonunda, artıq qırx yeddi yaşında isə iyirmi yeddi yaşlı bir bərbərə - yunan əsilli Teofanis Lambukasa aşiq oldu, ərə getdi, onu səhnəyə çıxardı, amma əsl ulduza çevirməyə macal tapmadı – buna ömür vəfa etməliydi, etmədi...

Teo Sarapo (Teofanisin səhnə təxəllüsünü Edit vermişdi ona) sidq-ürəkdən sevdiyi qadından çox yox, cəmi yeddi il artıq yaşadır və günlərin birində avtomobil qəzasında həlak oldu...

* * *

Parisin qədim Per-Laşez məzarlığında bir qəribə qəbir var; nə vaxt getsən, üstünü çiçəklə dolu görərsən...

Həm Fransanın rəmzi böyük Edit Piafın, həm də ondan yeddi il sonra dünyasını dəyişən, burda öz vəsiyyətiylə basdırıldıqdan sonra nakam məhəbbətin rəmzinə çevrilmiş Teo Saraponun son mənzili bu bir parça qara daşın altındadır. Və nə qədər ki, Edit Piafın sonuncu pərəstişkarı yaşayır, o da ölən deyil...

Bütün bunları yazandan sonra özümə yenə bir sual verirəm:
Edit Piaf mənim üçün kimdir?

Bu suala hər dəfə - iyirmi, otuz, qırx, əlli yaşımda müxtəlif cavablar vermişəm.
Bu o deməkdir ki, sualımın cavabını hələ də tapa bilmirəm.

Və nə vaxtsa inanmıram tapam...

İlqar Əlfioğlu

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236

Oxşar yazılar