ABŞ-ın müdafiə naziri: “Türkiyə hökuməti məni pərişan etdi”
12 iyun 2010 11:30 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri: “Türkiyə hökuməti məni pərişan etdi”

İran 3 ildən tez atom bombası əldə edə bilər

İranın atom bombasına yiyələnməsi ilə bağlı çeşidli fikirlər deyilsə də, bu mülahizələri nəzərə almamaq perspektivdə dünyanı təhdid edən yeni atomlu dövlətin yaranmasına “yaşıl işıq” yandırmaq kimi də dəyərləndirilə bilər.

Lent.az-ın “Reuters”-ə istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Robert Geyts bildirib ki, İslam Respublikası ən uzağı 3 ilə nüvə silahı əldə edəcək. Onun sözlərinə görə, çoxları İranın atom bombası yaratmasına inanmasa da, kəşfiyyatın məlumatına əsasən, bu, yaxın 3 ildə baş verə bilər. O, Brüsseldə NATO müdafiə nazirlərinin toplantısından sonrakı açıqlamasında BMT-nin sanksiyasından Türkiyə-ABŞ hərbi əlaqələrinin az ziyan çəkəcəyini söyləyərək, bu məsələdə rəsmi Ankaranın tutduğu mövqeyə belə münasibət bildirib: “Türkiyə hökuməti məni pərişan etdi. Türkiyə on illərdir ABŞ-ın müttəfiqi və eyni zamanda NATO-nun ən önəmli üzvüdür”. Pentaqonun başçısı əlavə edib ki, Türkiyə NATO üçün önəmli rol oynamaqdadır.

İranın atom bombası ilə bağlı beynəlxalq ictimaiyyətin rahatsızlığı ciddiləşməkdədir.

Xatırladaq ki, hələ aprel ayında Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb demişdi ki, BMT Tehrana qarşı tədbir görməzsə, o zaman Avropa Birliyi və ABŞ birtərəfli qaydada İslam Respublikasına qarşı sanksiya tətbiq edəcək.

Finlandiyalı nazir bildirmişdi ki, İran hakimiyyəti beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etmək istəmir, eyni halda vaxtı uzadır. Stubbun sözlərinə görə, “İran məsələsi”nin həlli dünya ictimaiyyəti üçün vacibdir: “Yaxın Şərq sürətlə silahlansa, onda dünyada heç kim özünü təhlükəsiz hiss etməyəcək”.

Lent-az-ın “mignews”-a istinadən məlumatına görə, Avropa Birliyi İslam Respublikasına qarşı birtərəfli qaydada sanksiya paketi hazırlayır. Avropa liderləri tərəfindən hazırlanan sənəddə Yaxın Şərq dövlətlərinin neft-qaz sektoruna qadağaların tətbiqinin nəzərdə tutulacağı ehtimal edilir. Burada söhbət xam məhsulun idxalı və ixracından deyil, İranın neft-qaz sənayesinə sərmayə qoyuluşunun yasaqlanmasında gedir.

Bundan başqa, Avropa Birliyinin liderləri qitənin şirkətlərinə İrana texniki avadanlıqlar, eləcə də neft-qaz sənayesinə xidmət və sənaye texnologiyasının verilməməsini təklif edir. Avropalıların qəbul edəcəyi sanksiyanın İranla nəqliyyat, ticarət əlaqələrini əhatə edəcəyi gözlənilir. Maliyyə məsələlərinə gəldikdə isə İslam Respublikasının Avropa bankları və sığorta şirkətlərindəki aktivlərinin dondurulması nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə il öncə İran hakimiyyətinin Avropa banklarından pullarını çıxarması barədə xəbərlər yayılmışdı.

AB-yə üzv dövlətlərin xarici işlər nazirləri iyunun 17-18-də Lüksemburqda toplaşaraq, bəhs etdiyimiz sanksiya layihəsinə münasibət bildirəcək.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar