Təpədəki Nəhəngin sirri, yaxud Əjdaha dağına axan qan...
07 oktyabr 2012 18:30 (UTC +04:00)

Təpədəki Nəhəngin sirri, yaxud Əjdaha dağına axan qan...

Bu təpələrdəki möcüzəli insan və heyvan rəsmlərinin naməlum müəllifləri təsəvvür belə etməyiblər ki, neçə əsrlər boyu insanlar bu bədii yaradıcılığın sirrini açmaqda baş sındıracaqlar. İngiltərənin təpəlik hissəsində yerin üstündəki rəsmlər və heroqliflər 3000 ildən artıqdır ki, yararlıdır. Bu gün onların sayı 56-dır. Rəsmlərin böyük hissəsi ölkənin cənub yamacında yerləşir. Buradakı rəsmlərdə nəhənglər, atlar, ağaclar və hərbi fərqlənmə nişanları təsvir olunub.

Rəsmlərdən birinin - şırımlarla örtülmüş gilli təpənin ətəyinə tərəf çəkilmiş primitiv insan fiqurunun eni 60 sm-dir. XVIII əsrdən başlayaraq yerli əhali Nəhəngin cizgilərini bərpa edir, hər yeddi ildən bir şırımları təbaşirlə doldururlar. Bu ənənə 1920-ci ilə qədər saxlanmışdı. Bu tarixdən sonra isə rəsmlərin bərpası və qorunması işini Abidələrin Qorunması Milli Cəmiyyəti öz üzərinə götürür.

Lonqmen

Susseks qraflığının Uilminqton şəhəri yaxınlığındakı təpədə təbaşirlə çəkilmiş 70 m hündürlüyündə olan bu fiqur dünyada ən iri insan təsvirlərindən biridir. Onu gah Roma əsgərinə, gah Müqəddəs Pavelə, iki əlində yerölçən əl ağacı olan qədim insana da oxşadıblar. Digər təbaşir fiqurları kimi, Lonqmenin də yaşını müəyyən etmək çətindir, çünki rəsmin cəzgiləri zamanla yenilənib. Alimlər isə güman edirlər ki, rəsmlər 2000-2500 il əvvəl oyulublar.

İngiltərənin cənubunda Dorset yaxınlığındakı təpədə aşkarlanmış Nəhəng, qədim Britaniyanın gizli, sirli xatirələrindən biridir. Çılpaq fiqurun hündürlüyü 55 m-dir. Nəhəngin başı nisbətən böyük və tüksüzdür. Bədən üzvləri aydın təsvir olunub, əlində də 37 metrlik dəyənək var və bu rəsmin əsas elementi hesab edilir. Bu nəhənglə bağlı bir çox əfsanələr vardır. Orta əsrlərə dövrünə aid yerli folklor nümunələrində deyilir ki, real həyatda onun prototipi olub - Dorsetanın ətraf ərazlərində dolaşan, yaşayın yerlərini dağıdan və ev heyvanlarını yeyən nəhəng varlıq olub. Günlərin birində çoxlu yemək yeyəndən sonra o, yuxuya gedir. Neçə vaxtır onların dincliyini pozan bu bədheybət məxluqdan canlarını qurtarmaq istəyən yerli sakinlər Nəhəngi öldürürlər. Daha sonra onun rəsmini təpənin yamacına həkk edirlər.

Nəhəngin rəsmində onun sol əlinin vəziyyətinə - ola bilsin əlində heyvan dərisi tutub - dair müxtəlif fikirlər söylənib. Bəzi fərziyələrə görə, Nəhəng haqqındakı rəvayətlərdə xatırlanan heyvan dərisi ehtimalı onu Roma-yunan qəhrəmanı Heraklla eyniləşdirir. Herakl da çox vaxt çılpaq, bir əlində dəyənək, o birində aslan dərisi təsvir olunur. Bu fikri bir neçə faktla təsdiq etməyə çalışırlar. Analoji fraqmentlərə Norfolkda tapılmış Roma-Britaniya dulusçuluq məmulatlarında rast gəlinib. İmperator Kommodun (180-192) hakimiyyəti illərində Roma imperiyasında Heraklın kultu mövcud idi, bu kultun davamçıları isə çox böyük ehtmalla Britaniyada yaşayıblar.

Eyni zamanda, bəzi maraqlı tarixi faktlar da vardır. Rəsmdəki Nəhəngin ayaq pəncələri arasında ANO- (… ildə) sözü aşkar olunub. Oxunması çətin olan rəqəmlər isə 1748-dir. Bu tarix fiqurların cizgilərinin yeniləndiyi tarixdir. Bəzi fikirlərə görə isə 1748-ci il bu rəsmlərin ilk dəfə aşkarlandığı tarixdir, lakin bu fikir də sadəcə ehtmal olaraq qalır.

Ola bilərmi ki, Nəhəng doğurdan da XVIII əsrin saxta məhsulu olsun, ya da onun yaranma sirri əbədi olaraq keçmişin dumanında gizlənəcək? Yerli əfsanələrə görə, Nəhəngin təsviri eradan əvvəlki dövrə aiddir. Digər tərəfdən, bu rəsmlər təpələrdəki digər rəsmlərlə oxşarlıq təşkil edir. Onların əksəriyyəti isə qədim dəfn yerlərinin yaxınlığında yerləşir ki, bu da rəsmlərin nə qədər qədim tarixə malik olduğun əyani şəkildə sübut edir.

Ağ at

Uffinqton atı haqqında ilk məlumatlar XI əsrin 70-ci illərində qeydə alınıb. Salnamələrdə Abinqton abbatlığının yaxınlığında yerləşən «Ağ at təpəsi» haqda məlumatlar var. 1190-cı ildə atın dəqiq təsviri artıq kağıza köçürülmüşdü. Ümumiyyətlə isə hesab edilir ki, təpələrdəki rəsmlərin tarixi daha qədimdir. Belə ki, Uffinqton atı e.ə. I əsrə aid kelt sikkələrinin üzərindəki at təsvirinə çox oxşayır. Belə bir ehtimal da irəli sürülür ki, təpələrdəki rəsmlərini yaranması da o dövrə təsadüf edir.

1995-ci ildə Oksford universitetinin arxeologiya bölməsinin mütəxəssisləri optik stimullaşdırılmış lüminessensiya (soyuq işıqlanma; temperaturun artması nəticəsində deyil, başqa səbəblərdən əmələ gələn işıqlanma hadisəsi) metodu ilə atın bədəninin aşağı ətraflarında ekspertiza aparmış və belə qərara gəlmişlər ki, rəsmin yaranma tarixi e.ə. 1400-600-cü illərə təsadüf edir. Başqa sözlə, rəsm son tunc və erkən dəmir dövrünə aiddir və bu rəsmi çəkməklə Uffinqton əhalisi öz torpaqlarına nişanə qoyublar. Bu təsvir qəbilənin fərqlilik nişanı və ya simvolu olub.

Uffinqton ağ atının təsviri Uffinqton qalasının yaxınlığındakı təpədə yerləşir və dəmir dövrünə aiddir. Uilminqton yaxınlığındakı Lonqmen isə neolit dövrünə aiddir, çünki onun rəsmi o dövrə aid qəbir təpələri və digər məzarlıqlarla yanaşıdır. Uestberiy ağ atı isə dəmir dövrünə aid Bretton qəsrinin yaxınlığındadır. Nəhəngdən bir az yuxarıda Trendl - dəmir dövrünə aid çəpərlənmiş sahə var ki, burada da qədimdə may bayramları - məhsuldarlıq keçirilib.

Şəkillərdən yalnız ikisi insan təsviridir – Nəhəng və Uilminqtondakı Lonqmen fiquru. Qalan rəsmlər isə müxtəlif at təsvirləridir. Lakin burda da təsvir yanıldıcı ola bilər. Çünki bu rəsmlərdən biri - Uffinqton atı, ola bilsin, at yox, ədjaha rəsmidir. 120 metr uzunluğu olan rəsm o qədər aydındır ki, hətta 24 km məsafədən də görünür. Bu rəsm Əjdaha dağı adlanan kurqanın yaxınlığında yerləşir.

Əjdaha dağı ilə bağlı əfsanədə deyilir ki, «at» Müqəddəs Georginin öldürdüyü mifik əjdahanın təsviridir. Ölmüş əjdahanın qanı Əjdaha təpəsinə axır. Burada ağ təbaşirdən dərin bir iz salınır ki, bu günə qədər orada ot bitmir. Ola bilsin, Müqəddəs Georginin Ağ atla əlaqəsi Əjdaha dərəsində 3000 il əvvəl həyata keçirilən hansısa qədim ayinin xatirəsidir. XIX əsrin sonuna qədər hər il yayın ortasında ağ atın təsvirini yeniləyirdilər. Bu da iki günlük kənd yarmarkası dövrünə düşürdü və bu günlərdə kəndlilər ənənəvi oyunlar oynayır, gəzintilər təşkil edirdilər. Bu gün də otların təmizlənməsi yerli əhali arasında bayram hesab edilir. Sonradan abidənin qorunması məsuliyyətini «İngilis irsi» cəmiyyəti öz üzərinə götürüb və xətlər sonuncu dəfə 2000-ci il iyun ayının 24-də yenilənib.

Qədim insanların bu fiqurları niyə oyduqlarına dair çoxu nəzəriyyələr var. Ən ağlabatan fikirlər isə budur ki, onlar yerli allahların obrazlarını yaratmağa ilk cəhdlər idi. Bəzi nəzəriyyəçilər isə bu təsvirlərin kosmik uçuşlarla əlaqəli olduğunu irəli sürürlər.

Britaniya mifologiyasında məhsuldarlıq mərasimləri, bu və digər qədim yerlərlə bağlı çoxlu əfsanələr var. Geniş yayılmış belə nəzəriyyələrdə Nəhəngin bütpərəstlikdə məhsuldarlıq simvolu olduğu ehtiva olunur.

Lakin bununla belə, məlum deyil ki, Nəhəngin həqiqi mənası nə vaxtsa ya tapılacaq, ya da hələ neçə-neçə nəsilləri təəccübləndirməkdə davam edəcək. Təpələrdə fiqurların yaranma səbəbləri bu əsərlərin özləri kimi müxtəlifdir. Yeni arxeoloji və geoloji tədqiqatlar göstərir ki, Nəhəngin fiquru orta əsrlər dövrünə aiddir və İngiltərədə siyasi qarışıqlıq, vətəndaş müharibəsi dövründə yaradılıb. Bu elə bir zaman idi ki, satira insanların yeganə silahı olub. Eyvberi, Stounxenc kimi monumental abidələrə nəzər saldıqda, təpələrdəki fiqurların çox zəif olduğu qənaətinə gəlmək mümkündür. 10-20 il onlar təmizlənməsə, yenilənməsə bu fiqurlar öz ayinləri ilə birlikdə birdəfəlik silinib gedəcəklər. O abidələr yerli ənənələrin, mərasimlərin davam etdirilməsi sayəsində b günə qədər gəlib çıxıblar. Bu heyrətamiz rəsmlər onları yaradanların yaşadıqları dünya barədə düşüncələrini müasir bəşəriyyətə çatdırır.

Yaqut Əliyeva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308

Oxşar yazılar